Ceyranların öz əzəli təbii yaşayış mühitinə qaytarılması prosesi uğurla davam edir

08:33 23 Yanvar 2015
201 Ölkə
Ölkə mətbuatı
A- A+


Qax, 23 yanvar, Mustafa Dadaşov, AzərTAc
Azərbaycanda ceyranların öz əzəli təbii yaşayış mühitinə qaytarılması kampaniyasına 2010-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə başlanılıb. Fondun vitse-prezidenti Leyla Əliyevanın təsis etdiyi İDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində həmin il Qax Dövlət Yasaqlığının Acınohur və Sarıca ərazilərinə ilkin olaraq 8 baş ceyran buraxılıb. Aparılan son müşahidələr nəticəsində hazırda bu ərazidə ceyranlarının sayının 45 başa çatdığı müəyyən olunub.
Bu barədə İlisu Dövlət Təbiət Qoruğunun elmi işlər üzrə direktor müavini İsmət Məmmədov AzərTAc-a eksklüziv müsahibəsində məlumat verib. Onun sözlərinə görə, qoruq Qafqazın böyük beşliyinə daxil olan ayı, qartal, canavar, bəbir və ceyranın bu günədək qorunub saxlandığı yeganə xüsusi mühafizə olunan təbiət ərazilərindəndir.
Qeyd edək ki, Qafqaz böyük beşliyi İDEA İctimai Birliyi tərəfindən müəyyənləşdirilib.
Qoruğun təmsilçisi bildirib ki, əraziyə ceyranların introduksiyası sonrakı illərdə də davam etdirilib. Ceyranların mühafizəsi məqsədilə bu ərazidə 3 nəzarət məntəqəsi tikilib. Boyunlarına bərkidilmiş xüsusi ötürücülər vasitəsilə ceyranların hərəkəti mütəmadi izlənilib, gündəlik müşahidələr aparılıb, onların iqlimləşməsi öyrənilib. Qoruq tərəfindən həyata keçirilən monitorinqlər, aparılan tədqiqatlar sübut edir ki, ceyranların bu əraziyə yayılması və iqlimləşməsi prosesi uğurla davam edir.
Qoruğun direktor müavini bildirib ki, yaxın gələcəkdə ərazidə ceyranların sayının 150 başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, 1987-ci ildə Qax rayonunun inzibati ərazisində yaradılan İlisu Dövlət Təbiət Qoruğunun heyvanat aləmi olduqca zəngindir. Müşahidələr və tədqiqatlar nəticəsində müəyyən olunub ki, qoruğun ərazisində Qafqaz ekoregionunda olan heyvanat biomüxtəlifliyin 70, yırtıcı məməlilərin isə 90 faizi mövcuddur. Burada adları Azərbaycan Respublikasının “Qırmızı kitabı”nın ikinci nəşrinə salınmış nadir və nəsli kəsilmək təhlükəsində olan məməlilərin 23 növünə rast gəlmək mümkündür.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ceyranlarin_oz_ezeli_tebii_yasayis_muhitine_qaytarilmasi_prosesi_ugurla_davam_edir-826896

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR