Ukrayna ordusu separatçılara ciddi zərbələr endirib, itirilən bəzi mövqelər geri alınıb

10:47 23 Yanvar 2015
175 Dünya
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 10:42 ]

Bakı – APA. Ötən sutka ərzində Ukrayna ordusu Donbassdakı münaqişə zonasında separatçılara və Rusiya qüvvələrinə ciddi zərbələr endirib.

APA-nın xəbərinə görə, “İnformasiya müqaviməti” hərbi tədqiqatlar mərkəzinin rəhbəri, Ali Radanın deputatı, hərbi ekspert Dmitri Tımçuk özünün “Facebook” səhifəsində düşmənin azı 5 hərbi texnikası və 1 “Qrad” qurğusunun məhv edildiyini yazıb.

 

Belə ki, Donetsk vilayətinin Qorlovka rayonunda Ukrayna artilleriyası dəqiq zərbə ilə separatçıların “Qrad” qurğusunu sıradan çıxarıb. Luqansk vilayətinin Slavyanoserbsk rayonunda separatçı-terrorçu dəstələrin 10 ədəd hərbi texnikadan ibarət karvanı atəşə tutulub, azı 1 hərbi texnika məhv edilib. Luqansk vilayəti ərazisində Ukrayna ordusunun 29-cu blok-postuna hücuma keçən separatçılar və Rusiya əsgərləri cavab zərbələri ilə geri oturdulublar. Onların azı 4 ədəd hərbi texnikası məhv edilib. Canlı qüvvə itkisinin sayı bəlli deyil. Luqansk vilayətinin Troitskiy rayonu ərazisində separatçılar və Rusiya əsgərləri 6 tank və 12 ədəd zirehli hərbi maşının köməyi ilə Ukrayna mövqelərinə hücuma keçiblər. Ukrayna tərəfinin artilleriya zərbələri nəticəsində hücum edən qruplaşma itki verərək geri çəkilib. Qarşılıqlı razılaşma əsasında Ukrayna komandanlığı ölənlərin və yaralıların döyüş meydanından çıxarılmasına icazə verib.

 

Bir neçə gün əvvəl Luqansk vilayəti ərazisində Ukrayna ordusunun 31-ci blok-postunu ələ keçirən separatçılar dünən axşam oranı tərik etməyə məcbur olublar. Bunu cəbhə bölgəsində olan “Donbass” batalyonunun komandiri, Ukrayna Ali Radanın deputatı Semyon Semyonçenko “Facebook”da yazıb: “Terrorçular 31-ci blok-postu tərk edib. Dünən Ukrayna Silahlı Qüvvələrinin artilleriyası 5 qiymətinə layiq çalışıb. Layiqli cavablarını alan terrorçular və Rusiya hərbi bölmələri bir çox yerdə ön xətdən geri oturdulub”.        

 

Prezident Pyotr Poroşenkonun müşaviri, məşhur volontyor (ordunun təminatına yardım edən könüllü) Yuri Biryukov isə Donetsk hava limanı ərazisində davam edən döyüşlər barədə məlumat verib. Hazırda cəbhə xəttində olan Y. Biryukov yanvarın 22-də axşam aeroporta daxil olan separatçılara məxsus yük avtomobilinin Ukrayna əsgərləri tərəfindən vurulduğunu bildirib. Nəticədə avtomobildəki təxminən 15 separatçı ölüb, sağ qalan 1 separatçı əsir götürülüb.   


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370080

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR