Yaponiya rəsmiləri girovların azad olunması üçün İŞİD-lə razılığa gələcəklərinə ümid edirlər

Yaponiya rəsmiləri girovların azad olunması üçün İŞİD-lə razılığa gələcəklərinə ümid edirlər
10:48 23 Yanvar 2015
223 Dünya
Ölkə mətbuatı
A- A+


Tokio, 23 yanvar, AzərTAc
Yaponiya hökuməti cari həftənin əvvəlində iki yapon girovu öldürəcəkləri barədə bəyanat vermiş İŞİD yaraqlıları ilə qarşılıqlı anlaşmaya gələcəklərinə ümid edir. Bu barədə hazırda İordaniyanın paytaxtı Əmmanda olan və girovları xilas etməyə çalışan Tokionun fəaliyyətini əlaqələndirən xarici işlər nazirinin müavini Yasuhide Nakayama məlumat verib.
Y.Nakayamanın sözlərinə görə, Yaponiyada İŞİD-in rəsmi Tokionun Yaxın Şərqdə hərəkətlərini düzgün interpretasiya edəcəyinə və girovları buraxacağına ümid edirlər. Nazir müavini deyib: “Digər tərəfdən bizim Yaxın Şərq ölkələrinə qeyri-hərbi yardımımızla bağlı İŞİD-in interpretasiya problemi var. Buna baxmayaraq, biz ümid edirik ki, qarşılıqlı anlaşma əldə edilə bilər”.
Bu arada Yaponiya hökuməti girovların vəziyyəti barədə heç bir informasiyaya malik olmadığını bildirib. Girovların harada saxlanıldığı da məlum deyil. Kyodo informasiya agentliyinin məlumatına görə, yanvarın 17-də onları Rakkadan Aleppoya aparıblar və həmin vaxtdan yerlərini tez-tez dəyişirlər.
Xəbər verdiyimiz kimi, Yaponiya vətəndaşları Kenzi Qoto və Haruna Yukavanın görüntüləri olan videoçarx yanvarın 20-də İŞİD-ə yaxın olan saytlardan birində yerləşdirilib. Yaraqlılar onların azad edilməsi üçün 72 saat ərzində 200 milyon dollar ödənilməsini tələb edirlər. Əks halda girovların hər ikisi qətlə yetiriləcək. Təyin olunmuş müddət bu gün Tokio vaxtı ilə saat 14:50-də başa çatır.
Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Tokio

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yaponiya_resmileri_girovlarin_azad_olunmasi_uchun_ISID_le_raziliga_geleceklerine_umid_edirler-826908

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR