Akim Bədəlov: "Azərbaycanla Gürcüstan arasında alternativ enerji sahəsində əməkdaşlıq üçün geniş potensialı var" - FOTO

Akim Bədəlov: "Azərbaycanla Gürcüstan arasında alternativ enerji sahəsində əməkdaşlıq üçün geniş potensialı var" - FOTO
16:52 8 İyul 2015
Ölkə mətbuatı
A- A+

[ 08 İyul 2015 16:50 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın Alternativ və Bərpa Olunan     Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdə olub.

 

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Mətbuat Katibliyindən “APA-Economics”ə verilən məlumata görə, səfər çərçivəsində A. Bədəlov Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Azər Hüseynlə birgə Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili və baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze ilə görüşlər keçirib.

 

Görüşdə A. Bədəlov Azərbaycanla Gürcüstan arasında hərtərəfli inkişaf edən əməkdaşlığa toxunaraq deyib ki, iki ölkə arasındakı münasibətlər hər bir sahədə olduğu kimi enerji sahəsində də yüksələn xətlə inkişaf edir. Agentliyin sədri 2020-ci ilədək Azərbaycanın alternativ və bərpa olunan enerji mənbələri üzrə inkişaf xəritəsinin hazırlandığını və bu çərçivədə Samux rayonunda müasir aqroenerji yaşayış kompleksinin inşa olunduğunu nəzərə çatdırıb.

 

A. Bədəlov hər iki ölkənin alternativ və bərpa olunan enerji mənbələri sahəsində mövcud potensialına diqqət çəkərək bildirib ki, ölkələr böyük hidroenerji resruslarına malikdir: “Lakin gələcəkdə su mənbələrindən bu məqsədlə geniş istifadə olunması, hidroenerji qurğularının quraşdırılması çaylarların fauna və florasına öz təsirini göstərəcək. Bu da ekoloji problemlərin yaranması ilə nəticənə bilər. Su ehtiyatlarından daha da səmərəli şəkildə istifadə olunması məqsədəuyğundur. Həm iqtisadi, həm də ekoloji baxımından, kənd təsərrüfatının, balıqçılıq təsərrüfatının inkişafı, turizm sahələrinin genişləndirilməsi daha çox səmərə verər. Coğrafi mövqeyimiz, günəş, külək resurslarından geniş istifadəyə imkan verir. Bu resurslardan, o cümlədən biokütlə və geoterminal enerji mənbələrindən geniş və səmərəli istifadə eyni zamanda ətraf mühitin qorunması üçün də olduqca əhəmiyyətlidir”.

 

Azərbaycanda son illər görülən işlər Gürcüstan tərəfinin geniş marağına səbəb olub və bu sahədə onlar qazanılan təcrübədən yararlanacaqlarını və ölkələrində günəş enerjisinin fərdi yaşayış evlərində tətbiqində, külək, biokütlə və geotermal elektrik stansiyalarının yaradılmasında və bu yolla enerji mənbələrinin diversifikasiya olunmasında maralı olduqlarını bildiriblər. Onlar “1 ev - 1 stansiya”, hibrid tipli elektrik stansiyaları və aqroenerji yaşayış kompleksi layihələrinə xüsusi maraq göstəriblər.

 

Tərəflər sözügedən sahələrdə konkret işlərin başlanılması məqsədilə aidiyyəti üzrə işçi qruplarının yaradılmasının vacibliyini vurğulayıb. Görüşün sonunda Gürcüstanın hər iki nazirliyi ilə Dövlət Agentliyi arasında müvafiq İşçi qruplarının yaradılması qərara alınıb, alternativ və bərpa olunan enerji mənbələri sahəsində perspektivlər müəyyənləşdirilərək gələcəkdə belə görüşlərin intensiv keçirilməsi və təcrübə mübadiləsinin aparılması üçün razılıq əldə olunub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/389844

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR