Sərdar Denktaş: “Azərbaycanla əlaqələrimizi hələlik arzu olunan səviyyəyə çıxara bilməmişik” - MÜSAHİBƏ

Sərdar Denktaş: “Azərbaycanla əlaqələrimizi hələlik arzu olunan səviyyəyə çıxara bilməmişik” - MÜSAHİBƏ
10:57 23 Yanvar 2015
201 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 10:55 ]

İstanbul. Mayis Əlizadə - APA. Şimali Kipr Türk Cümhuriyyəti baş nazirinin müavini, iqtisadiyyat, turizm, mədəniyyət və idman naziri Sərdar Denktaşın APA-ya müsahibəsi

- Turizm və mədəniyyət sahəsində Azərbaycanla münasibətiniz hansı səviyyədədir?

 

- Hələ ki əlaqələri arzu etdiyimiz səviyyəyə çıxara bilməmişik. 2004-cü ilin iyununda Azərbaycan tarixi addım ataraq Bakıdan Lefkoşaya (Nikosiya) birbaşa təyyarə uçuşu həyata keçirdi. O vaxt Avropa Birliyi tərəfindən Azərbaycana edilmiş təzyiqlərdən xəbərdar idik. Hazırda Azərbaycanla münasibətləri mümkün dərəcədə inkişaf etdirmək üçün əhatəli proqram hazırlamışıq. Ümid edirəm ki, proqramı həyata keçirməyə başlayandan sonra Şimali Kipr Türk Cümhuriyyətində Azərbaycandan daha çox turist, incəsənət xadimi, idmançı görə biləcəyik, iqtisadiyyat sahəsindəki münasibətlərimiz yüksək səviyyəyə çıxacaq.

 

- Atanız, Şimali Kipr Türk Cümhuriyyətinin qurucu prezidenti, mərhum Rauf Denktaş həm də “erməni soyqırımı” böhtanlarına qarşı beynəlxalq miqyasda mübarizə aparan Tələt Paşa Komitəsinin qurucusu başqanı idi. 28 yanvarda komitənin 200 üzvü Strasburqda aksiya keçirəcək. Bu barədə nə deyə bilərsiniz?

 

- Tələt Paşa Komitəsi Türkiyənin çox önəmli düşüncə qurumu, mübarizəsini obyektiv elmi zəmində aparan bir təşkilatdır. Mərhum prezidentimiz Tələt Paşa Komitəsinin fəaliyyətinə çox həssaslıqla yanaşırdı. İlk addımı 23 iyul 2005-də Lozanda birlikdə atmışdılar. Ona görə də şübhə etmirəm ki, sağ olsaydı, Avropa İnsan Haqları Məhkəməsinin 28 yanvardakı qərar iclasını izləmək üçün prezidentimiz Strasburqa gedərdi.

 

- Rum (yunan) tərəfi ilə müzakirələr ənənəvi şəkildə başlayır, sonra irəliləyiş olmadan tıxanır. İndiki vəziyyət barədə nə demək olar?

 

- Rum tərəfi yenə də masanı tərk edib. Biz müzakirələri həmişə səbrlə yürütmüşük, bu dəfə də səbrli hərəkət edirik. Bizim çizgimiz bəllidir: hər iki tərəfin hüquqlarını qoruyacaq bir zəmində məsələni həll etmək. Əgər müzakirələrdən bu dəfə də nəticə hasil olmazsa, onda yeganə yol kimi adada 2 müstəqil dövlətdən ibarət formulu həyata keçirmək qalır. Biz mövqeyimizin haqlı olduğuna inandığımıza görə, təmkinli hərəkət edirik.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR