Gürcüstanın milli valyutası ucuzlaşır, ölkədə bəzi istehlak məhsulların qiyməti isə artır

Gürcüstanın milli valyutası ucuzlaşır, ölkədə bəzi istehlak məhsulların qiyməti isə artır
13:08 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Tbilisi, 23 yanvar, AzərTAc
Gürcüstanın milli valyutası olan lari (GEL) son günlər bir qədər də ucuzlaşıb.
Gürcüstan Milli Bankının məzənnəsinə görə, yanvarın 23-də 1 dollar 1,9847 lari müəyyən olunub. Lakin qara bazarda və ölkənin valyutadəyişmə məntəqələrində artıq 1 dollar 2, 22 lariyə dəyişdirilir.
Yanvarın əvvəlində isə 1 dollar təqribən 1,86 lariyə dəyişdirilirdi.
Xarici valyutalar arasında Azərbaycan manatı mövqeyini daha da möhkəmləndirib. Bu gün 1 manat 2,5367 GEL-ə dəyişdirilib.
Milli Bankın müəyyən etdiyi məzənnəyə əsasən yanvarın 23-də 1 avro - 2,3076 GEL, 1 ingilis funt sterlinqi - 3,0138 GEL, 1 Türkiyə lirəsi - 0,8444 GEL, 100 Rusiya rublu - 3,0484 GEL, 1000 Ermənistan dramı - 4,2499 GEL, 10 Ukrayna grivnası - 1,2772 GEL təşkil edib.
Göründüyü kimi bütün valyutalarla müqayisədə lari ucuzlaşsa da Rusiya rublunun qiyməti bir qədər azalıb.
Larinin ucuzlaşması ölkədə bəzi istehlak mallarının qiymətinin artmasına səbəb olub. Hökumət dünya bazarında neftin qiymətinin aşağı düşməsini əsas göstərərək ölkədə, maye qaz istisna olmaqla digər yanacaq növlərinin qiymətini bir qədər aşağı salıb. Buna baxmayaraq bəzi gündəlik tələbat mallarının qiymətində artım müşahidə olunur.
Bəzi nəqliyyat vasitələrində, xüsusən də beynəlxalq sərnişin daşınmada qiymətlər artıb. Məsələn dekabrın sonlarında və yanvarın əvvəlində Bakıya gedən sərnişin qatarında bilet 68 lariyə satılırdısa, indi bu qiymət 71 laridir.
Analitiklərin fikrinə görə, lari bir az da ucuzlaşacaq və istehlak mallarının qiyməti bahalaşacaq.
Xətayi Əzizov
AzərTAc-ın xüsusi müxbiri
Tbilisi

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR