Səfir: “Fransa xalqı ona qurulan tələdən xilas ola bildi”

Səfir: “Fransa xalqı ona qurulan tələdən xilas ola bildi”
13:57 23 Yanvar 2015
190 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 13:45 ]

Paskal Monye: “Xalqımız düşünür ki, baş verən terror aktları ən önəmli dəyərlərdən biri olan ifadə azadlığına hücumdur”

Bakı. Məlahət Nəcəfova - APA. “Əgər bir mətbuat orqanı karikatura çap edirsə, bu, Fransanın mövqeyini ifadə etmir və o demək deyil ki, Fransa dinlərə qarşıdır”. Bu sözləri Fransanın Azərbaycandakı səfiri Paskal Monye APA-ya açıqlamasında deyib.

 

Səfir bildirib ki, 1905-ci ildə Fransada qanunla dövlət kilsədən ayrılıb: “Hər kəs istədiyi dinə etiqad edə bilər. Yalnız ictimai yerlərdə açıq görünən dini aksessuarlar daşımaq qadağandır. Qanunda zorakılıq və nifrətə çağırış isə cinayət hesab olunur. Fransa Azərbaycan kimi dünyəvi ölkədir. Fransanın mesajı Azərbaycanın mesajı ilə eynidir, biz insanların inancına hörmətlə yanaşırıq, sülh və tolerantlığın hökm sürməsini istəyirik. Son hadisələrin fonunda Fransa qərara aldı ki, həm kilsə, həm sinaqoq, həm də məscidlər təhlükəsizlik qüvvələri tərəfindən qorunsun. Mən bir səfir kimi başa düşürəm ki, əgər karikatura çəkilibsə, bu, bütün dünyada həmin şəxsi müqəddəs hesab edən icmalara toxunacaq. Mən bunu yaxşı anlayıram. Ancaq bir şeyi də başa düşmək lazımdır ki, Fransada ifadə azadlığı var”.

 

P. Monye qeyd edib ki, “Charlie Hebdo” jurnalının redaksiyasında baş verən terror aktı Fransanı şoka salıb: “Fransa prezidenti Fransua Olland bu hadisəni müstəsna barbarlıq aktı kimi qiymətləndirib. Jurnala hücumdan qısa müddət sonra Fransada Kaşer mağazasında bir neçə insanı girov götürdülər. Həmin mağazaya daha çox yəhudilər gəlir. 3 gün ərzində 17 günahsız insan öldürüldü. Qurbanlar arasında fərqli dinlərin nümayəndələri var idi. Məsələn, terrorçuların soyuqqanlı şəkildə başından vurub öldürdükləri polis müsəlman idi. Həmçinin ölənlər arasında ərəblər, yəhudilər də var. Ən əhəmiyyətli məqam ondan ibarət oldu ki, ölkədə insanlar səfərbər oldular və terror aktına qarşı öz etirazlarını bildirdilər. Bu hadisələr dünyada böyük əks-sədaya səbəb oldu. Həmin həftənin bazar gün ümumrespublika yürüşü keçirildi və orda 3, 5 milyon fransız iştirak etdi. Azərbaycanda da Fransada baş verən hadisələrlə bağlı böyük həmrəylik oldu. Azərbaycan prezidenti İlham Əliyev prezident Fransua Ollanda başsağlığı məktubu göndərdi və maliyyə naziri Samir Şərifov səfirlikdəki xatirə kitabına öz ürək sözlərini yazdı. Bu yürüş zamanı iki mesaj var idi: Terrora “yox” və ifadə azadlığına “hə” deyirik”.

 

Səfirin sözlərinə görə, Fransa xalqı üçün bu terror aktının dərin mənası var, onlar düşünürlər ki, bu akt Fransada ən önəmli dəyərlərdən biri olan ifadə azadlığına hücumdur: “Ümumiyyətlə, yürüşə çıxan insanların əsas motivasiyası bundan ibarət idi. İstər müsəlman, istər yəhudi, istər xristian, istərsə də ateist küçələrə çıxmışdılar ki, ifadə azadlığına dəstək göstərsinlər. Bu hadisələr həm də jurnalın tirajının artmasına səbəb oldu. Əvvəllər onu cəmi neçə min nəfər oxuyurdusa, daha sonra onun tirajı 7 milyona kimi artdı. Sonradan biz öyrəndik ki, bu iki terror aktının törədilməsində bir bağlılıq var. “Charlie Hebdo”ya edilən terror aktının “Əl-Qaidə” ilə, Kaşer dükanına edilən aktın isə “İŞİD”lə əlaqəsi var idi”.

 

Diplomat deyib ki, bu terror aktları nəticəsində Fransa xalqına tələ qurulmuşdu və xalq bu tələdən xilas ola bildi: “Burada iki tələ var idi. Birincisi, fransızları ürkütmək, onları içinə qapatmağa məcbur etmək, ikincisi isə dinlər, icmalar arasında nifaq salmaq məqsədi güdülürdü. Fransanın baş naziri Manuel Vals parlamentdə çox gözəl çıxış etdi. Bütün deputatlar ayağa qalxıb onu alqışladılar. Fransa parlamentində müxtəlif siyasi cərəyanlar mövcuddur və adətən hamı ayağa qalxıb kimisə alqışlamır. Baş nazir çıxışında 3 əsas məqama toxundu. Bunlardan biri ondan ibarət idi ki, islamla radikalizmi qarışdırmaq lazım deyil. Baş nazir açıq şəkildə bildirdi ki, Fransa terrorizmlə, cihadla və radikal islamçılıqla müharibədədir, islam dini və müsəlmanlarla müharibədə deyil. Fransa dini mənsubiyyətindən asılı olmayaraq öz vətəndaşlarını müdafiə etməyə davam edəcək. Həmçinin müraciət olarsa, Fransa bütün dünyadakı müsəlmanları da müdafiə etməyə hazırdır. Bunu Malidə artıq edib. Hətta Mali prezidenti ümumrespublika yürüşü zamanı Fransa prezidenti Fransua Ollandın yanında idi”.

 

Diplomat nəzərə çatdırıb ki, Azərbaycan hökumətinin terrorizmə qarşı mübarizədə qətiyyətini göstərmək məqsədilə Azərbaycan baş nazirin müavini Əli Əhmədov da yürüşdə iştirak edib.

 

Paskal Monye islamın Fransada ikinci din olduğunu və ölkədə 6 milyona yaxın müsəlmanın yaşadığını qeyd edib: “Fransada islam Azərbaycandakı kimi sülh və tolerantlıq nümunəsidir. Hətta ümumrespublika yürüşündə Fransadakı müsəlman icmalarının rəhbərləri də iştirak edirdilər. Kaşer dükanında yəhudilərin girov götürülməsi antisemitizmin göstəricisidir.  Antisemitizm əhval-ruhiyyəsinin baş qaldırması fransız xalqı tərəfindən demokratiya və respublikaya qarşı hücum kimi qiymətləndirilir. Baş nazirin çıxışı dünyəviliyə dəstək idi. Dünyəvilik birlik və tolerantlığın ən əhəmiyyətli faktorlarından biridir. Baş nazirin fikrincə, dünyəvilik prinsiplərinin tədrisi məktəbdə gücləndirilməlidir. Məktəbdə sosial sinfindən, dinindən, irqindən asılı olmayaraq hər kəs oxuyur, cəmiyyətdə birgə yaşamağa hazırlanırlar”.

 

“Charlie Hebdo” jurnalının redaksiyasına edilən hücumdan sonra da jurnalda Məhəmməd peyğəmbərin karikaturasının çıxdığını xatırladan səfir, peyğəmbərin təsvirinin üzərinə “Mən Şarliyəm” yazıldığını və “Hər şey bağışlanıb” ifadəsi qeyd olunduğunu bildirib: “Bu, daha sonra müsəlman dünyasında yeni etirazlara səbəb oldu. Bu jurnal hər zaman satirik jurnal olub. Onlar bütün hadisələrə satira, zarafatla yanaşıblar, əsas xətləri bundan ibarətdir. Hətta jurnalda katolik papasının karikaturasına da yer veriblər”. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370135

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR