Qida zəhərlənmələrinin qarşısını necə almaq olar?

Qida zəhərlənmələrinin qarşısını necə almaq olar?
13:59 23 Yanvar 2015
712 Sosial
Ölkə mətbuatı
A- A+


İmran Abdullayev: “İstənilən zəhərlənmə zamanı vaxtında müdaxilə olunmasa, ölüm riski var”

“İstənilən zəhərlənmə zamanı vaxtında müdaxilə olunmasa, ölüm riski var. Bu baxımdan ən qorxulu zəhərlənmə botulizm hesab olunur”. Bu fikirləri APA TV-də efirə gedən “Sosium” proqramının qonağı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev deyib.

Qonaq 2014-cü ildə baş verən qida zəhərlənmələrinin statistikasını açıqlayıb: “Zəhərlənmələr əsasən iki cür təzahür edir - qida toksik infeksiyalar və qida intoksikasiyaları. Qida intoksikasiyaları əsasən konservləşdirilmiş məhsullarda baş verir, bunların ən çox yayılmış forması botulizm toksinlərindən zəhərlənmələrdir. 2014-cü ildə 22 belə qida zəhərlənməsi baş verib, ümumilikdə 41 nəfər zərər çəkib və iki nəfər dünyasını dəyişib”.

İmran Abdullayev daha çox konservləşdirilmiş qidaların zəhərlənmələrə səbəb olduğunu deyib: “Ən çox zəhərlənmələr qida və qeyri-qida zəhərlənmələrinin payına düşür. Qida zəhərlənmələri özü də bakterial və qeyri-bakterial olaraq iki yerə bölünür. Qida zəhərlənmələrinin 99 faizini bakterial zəhərlənmələr təşkil edir. Qida orqanizm üçün yad bir maddədir, onun tərkibində kifayət qədər mikroorqanizmlər var. Ona görə də ta qədimdən insanlar qidanın qorunması üçün müxtəlif üsullardan istifadə ediblər. Qidanın konservləşdirilməsi də onun üzün müddət saxlanması məqsədini güdür. Konservləşdirmə fiziki, kimyəvi, bioloji üsulla həyata keçirilir. Bu zaman əsas məqsəd qidanın mikroorqanizmlər tərəfindən məhv olmasının qarşısını almaqdır. Konservləşdirmə zamanı kiçik yanlışlığa yol vermək və qaydaları pozmaq mikroorqanizmlərin sağ qalmasına və artmasına səbəb olur”.

Bütün qidaların tərkibində mikrob olduğunu bildirən mütəxəssis yeməklərin saxlanma şəraiti və temperaturu barədə də məlumat verib: “Qışa nisbətən yayda toksik infeksiyalar daha çoxalır, zəhərlənmə riski artır. Bu da ondan irəli gəlir ki, qış aylarında qida adi mühitdə 4-5 saata xarab olursa, yayda bunun üçün bir saat kifayətdir. Bir neçə qida məhsulunu qarışdıranda mikroblar üçün yaxşı qida mühiti yaranır. Salatlarda istifadə olunan tərəvəzlərin çoxu çiy halda istifadə olunduğuna görə onlarda milyonlarla mikrob olur. Soyuq qəlyanaltı sexlərində irəli sürülən əsas şərt havanın təmizliyi və 17 dərəcədən yuxarı olmamasıdır. Steril qida yoxdur, bütün qidaların tərkibində mikroorqanizmlər var. Buna görə də qidanı ya 5 dərəcənin altında saxlamaq və ya 65 dərəcədən yuxarı temperatura çatdırmaq lazımdır. Bir məhsulu 65 dərəcədə sterilizasiya ediriksə, yarım saat həmin 65 dərəcəni saxlamaq lazımdır. Burada müddət və temperatur xüsusi rol oynayır. Məsələn 95 dərəcədə südü bir neçə saniyə ərzində pasterizə etmək olar, amma 75-82 dərəcədə 15 dəqiqə saxlamaq lazımdır”.

İmran Abdullayev ev şəraitində qaynadılan südün tez xarab olmasının səbəbini açıqlayıb: “Biz adi halda kustar üsulla aldığımız təbii südü bişirərkən 100 dərəcədən yuxarı temperaturda qaynatmalı oluruq və bu zaman patogen və qeyri-patogen mikroorqanizmlər qalmır. Südü qaynatdıqdan sonra yenidən mikrobu olan, yəni sterilizə olunmamış bir qabda soyuducuya qoyub, soyuq temperaturun hesabına 3-4 gün saxlaya bilirik. Lakin otaq temperaturunda südün tərkibində olan vitaminlərin, kimyəvi maddələrin turşulaşma reaksiyası gedir. Qabın qapağını bir dəfə açmaq artıq onun steril olmaması anlamına gəlir”.

Mütəxəssis fabrikdə qablaşdırılan südün daha uzun müddət qalmasını belə izah edib: “İstehsalat şəraitində pasterizə və sterilizə edilmiş südlər var. Əgər südün üzərində onu 5 dərəcəyə qədər temperaturda 25 gün saxlamaq barədə məlumat varsa, bu, sterilizə olunmuş süddür. Lakin bəzi qablaşdırmaların üstündə südü 20 dərəcə temperaturda 4 aydan artıq saxlamaq mümkün olduğu yazılır. Bu artıq pasterizə olunmuş süddür. İnkişaf etmiş dünya ölkələri südü ultratezlikli pasterizə metodu ilə hazırlayır. Bu o deməkdir ki, 1 saniyə ərzində südün temperaturu 135 dərəcəyə qədər qaldırılır və ani olaraq 4 dərəcəyə salınır. Bu üsulla pasterizə olunan südü uzun müddət saxlamaq mümkündür. Bu südlər həm də aseptik mühitdə doldurulur, yəni xarici mühitdən təcrid olunmuş şəraitdə insan əli dəymədən qablaşdırılır. Təbii ki, bu, təzəcə sağılmış südlə eyni effekti verməz, amma istehsalçılar müxtəlif yollarla məhsullarını mümkün qədər çox saxlamaqla əhaliyə çatdıra bilir”.

Ev şəraitində konservləşdirmənin çox vaxt zəhərlənmələrə səbəb olduğunu deyən həkim bu zaman diqqət olunmalı qaydalardan danışıb: “Hər bir evin öz gigiyena qaydaları var. Evdə hazırlanan hər bir konserv ayrı-ayrılıqda bir təhlükədir. Prosesin başında tərəvəzin yaxşı yuyulması dayanır. İstehsalatda tərəvəzlər uzun müddət ərzində çox yüksək təzyiqli su ilə yuyulur. Tərəvəzin üzərində qalan torpaq zəhərlənməyə səbəb olur. Torpaqda olan mikroorqanizmlər beş saata qədər qaynadarkən belə məhv olmur. Mikroblar oksigen olmayan mühitdə sürətlə inkişaf edir. Onlar qidadan qidalanaraq öz toksinlərini ərzağa buraxırlar. Amma bu toksinlər ərzaqda nə rəngin dəyişməsinə, nə də qoxu kimi əlamətlərə səbəb olmur, hətta qidanın dadında belə dəyişiklik olmur. Əgər qidanı açandan sonra onu 65-70 dərəcə qızdırsaq, onda heç kim zəhərlənməz, lakin turşular soyuq halda qəbul edilir”.

İmran Abdullayev zəhərlənmələrin təsirinin orqanizmdən asılı olaraq hər kəsdə müxtəlif cür təzahür etdiyini deyib: “Zəhərlənmələr fərdi olaraq hər şəxsdə müxtəlif təsir qabiliyyətinə malikdir. Bu təsir yemək yeyən adamın fərdi immunitet qabiliyyətindən asılıdır. Yeməklə bərabər spirtli içki qəbulu bir az zəhərlənmənin təsirini azaldır. Qidanın öz çirklənmə dərəcəsi də bu prosesə təsir edir. Uşaqlarda, qadınlarda və hamilələrdə zəhərlənmə halı daha çox olur. Qidanın çox qəbul olması da zəhərlənmə ehtimalını artırır”.

Qonaq ən təhlükəli zəhərlənmə hesab olunan botulizmin əlamətlərini də sadalayıb: “İlkin əlamət olaraq xəstələrdə ikili görmə baş verir, zəhər sinir mərkəzinə təsir edir, sonralar boğulma halları başlayır. Hətta danışma və udqunma qabiliyyəti də itə bilər. Zəhərlənmə əlamətləri özünü tədricən göstərməyə başlayır. Bu zaman ev şəraitində zəhərlənmiş insana yardım etmək olmaz. Müvafiq müalicə mərkəzlərində zəhəri zərərsizləşdirən maddələrdən istifadə olunur. Amma toksin zəhərlənmələrində həkim müdaxilə edənə qədər evdə kömək etmək üçün ilk növbədə xəstəni qusdurmaq, imalə etmək lazımdır”.

Həkim zəhərlənmələrin baş verməməsi üçün əhaliyə müvafiq məsləhətlər verib: “Bu sahədə maariflənməyə ehtiyac var. Xanımların diqqətinə çatdırmaq istəyirəm ki, konservləşdirməni indi evdə aparmağa ehtiyac yoxdur. Biz istehsalat şəraitində hazırlanan konserv məhsullarında zəhərlənməyə rast gəlmirik. Əlbəttə, bu o demək deyil ki, hazır konservlərdə heç vaxt zəhərlənmə baş verə bilməz. Lakin fabrik şəraitində bu işlə texnoloqlar məşğul olur. Ev şəraitində kustar yolla konservləşdirmə zamanı isə özümüzü təhlükəyə atmış oluruq”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191257

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR