Əmanətçilərin faiz gəlirlərinə vergi necə tutulur?

Əmanətçilərin faiz gəlirlərinə vergi necə tutulur?
14:03 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc
Yanvarın 1-dən etibarən fiziki şəxslərin banklardakı əmanətlərinə hesablanan faiz gəlirlərindən vergi tutulur. Vergi Məcəlləsinə edilən dəyişikliyə görə, 500 manatdan aşağı gəlirlər vergidən azaddır. Bu hesablamaların necə aparılacağı barədə AzərTAc-ın sualını “Unibank”ın məhsulların və proseslərin inkişafı departamentinin şöbə müdiri Vəfa Zeynalova cavablandırıb.
O bildirib ki, vergi tutulmaları yanvarın 1-dən sonra hesablanmış əmanət faizlərinə aid edilir və illik 500 manatadək olan əmanət faizləri vergidən azaddır. Məsələn, əmanətçinin bankda illik 9 faizlə yerləşdirilən 6 min manatı varsa, bu əmanətə illik 540 manat faiz hesablanır. Əldə olunmuş faiz gəlirinin 500 manatadək olan hissəsinin vergidən azad olunduğunu nəzərə alsaq, 540-500=40 manat məbləğindən 40*10%=4 manat həcmində vergi tutulur. Digər bir misal çəkək: 10 min manat məbləğində depozitin illik 9 faizlə yerləşdirildiyini nəzərə alsaq, depozitdən 900 manat faiz gəliri əldə olunur. Həmin gəlirin 500 manatadək olan hissəsinin vergidən azad olunduğundan, 900-500=400 manat məbləğindən 400*10%=40 manat həcmində vergi tutulur.
Müştərinin bankda bir neçə depozit hesabı olduğu halda onun bütün depozit hesabları üzrə gəlirlər cəmlənir və ümumi gəlirlərdən 500 manat çıxıldıqdan sonra qalan məbləğdən vergi tutulur. Əgər müştərinin başqa banklarda da depoziti varsa, digər banklar üzrə vergi ayrıca hesablanır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR