2015-ci il Qazaxıstan üçün xüsusi ildir

14:38 23 Yanvar 2015
197 Dünya
Ölkə mətbuatı
A- A+


Astana, 23 yanvar, AzərTAc
Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisov xarici siyasət idarəsinin rəhbər heyəti ilə 2015-ci ilin yubiley tarixləri və mühüm planları barədə işçi müşavirəsi keçirib.
Nazir qeyd edib ki, 2015-ci il Qazaxıstan üçün bir neçə yubileyin, o cümlədən qazax dövlətçiliyinin 550, Qazaxıstan Respublikası Konstitusiyasının və Qazaxıstan Xalq Assambleyasının 20 illiyinin bayram ediləcəyi ildir. Böyük Vətən müharibəsində qələbənin 70 illiyi də Qazaxıstan üçün əhəmiyyətli tarixdir. Bundan başqa, 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatı özünün 70 illik yubileyini qeyd edir, həmçinin Avropada təhlükəsizlik və əməkdaşlıq barədə Helsinki Yekun Aktının imzalanmasının 40 illiyi də qeyd olunacaq.
Y.İdrisov Qazaxıstanın 2015-ci ildə Müstəqil Dövlətlər Birliyinə və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi çərçivəsində ayrı-ayrı iş istiqamətlərini müəyyən edib.
Müşavirədə qlobal səviyyədə dialoq üçün sabit platformaya çevrilmiş forumların, o cümlədən Dünyəvi və Ənənəvi Dinlərin Liderlərinin 5-ci qurultayı, Avrasiya Media Forumu, eləcə də Astana İqtisadi Forumu və Dünya Antiböhran Konfransının təşkilinə köməyin vacibliyi də vurğulanıb.
Nazir həmçinin əsas uzunmüddətli xarici siyasət təşəbbüsləri, Qazaxıstan Respublikasının 2017-2018-ci illər üçün BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyinin irəli sürülməsi üzərində ardıcıl iş aparılmasının vacibliyini vurğulayıb.
İlahə Əhmədova
AzərTAc-ın xüsusi müxbiri
Astana

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR