Abşeron sakinləri üçün səyyar "ASAN xidmət" təşkil ediləcək

14:48 23 Yanvar 2015
160 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir İlkin İzzət/

Abşeron rayon sakinləri səyyar "ASAN xidmət"dən Xırdalan şəhərində yararlana biləcəklər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) İnformasiya təminatı şöbəsindən Trend-ə verilən məlumata görə, 23 yanvar-6 fevral 2015-ci il tarixində Abşeron rayonun ümumi sayı 2 00 000-dən çox olan sakini səyyar "ASAN xidmət"dən Xırdalan şəhərində yararlana biləcək.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

- Notariat fəaliyyəti;

- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

- Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

- Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi;

- Əmək pensiyalarının təyin edilməsi;

- Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

- Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

- Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Qeyd edək ki, səyyar "ASAN xidmət"in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR