Prezidentdən Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı tapşırıq

Prezidentdən Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı tapşırıq
14:59 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

İqtisadiyyat və Sənaye Nazirliyində kollegiya iclası keçirilib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, struktur bölmələrin və nazirliyin tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş kollegiya iclasında iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev diqqətə çatdırıb ki, Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında prezident sosial-iqtisadi sahədə əldə edilmiş uğurları yüksək qiymətləndirib, bu uğurların daha da möhkəmləndirilməsi üçün qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib: “Dövlət başçısı makroiqtisadi sabitliyin qorunub saxlanması, iqtisadiyyatın şaxələndirilməsi və institusional islahatların davam etdirilməsi, dövlət investisiyalarının dayanıqlı inkişafa və strateji sahələrə yönəldilməsi, daha səmərəli idarəetmə üsullarının tətbiqi, qeyri-neft sektorunun inkişafı, bu sahəyə xarici investorların cəlb edilməsi, iş yerlərinin yaradılması, işsizliyin azaldılması, əhalinin pul gəlirlərinin artırılması, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edilməsi, "Cənub" qaz dəhlizi layihəsinin icrası, "Şahdəniz" yatağının işlənməsi, Ələtdə yeni dəniz ticarət limanının tikintisinin davam etdirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Azərbaycanın yük və sərnişin daşımaları sahəsində rolunun gücləndirilməsi və s. barədə tapşırıqlar verib”.

2015-ci ilin "Kənd təsərrüfatı ili" elan olunduğunu diqqətə çatdıran Ş. Mustafayev qarşıdakı dövrdə kənd təsərrüfatının inkişafının prioritet istiqamətlərdən olacağını qeyd edib.

Nazir Nazirlər Kabinetinin iclasında prezident İlham Əliyev tərəfindən dövlət strukturlarının məsuliyyətinin artırılması, israfçılığa yol verilməməsi, prioritet olmayan layihələrin maliyyələşdirilməməsi, hər bir dövlət strukturunda, qurumlarda, dövlət şirkətlərində idarəetmə prinsiplərinin təkmilləşdirilməsi istiqamətində tapşırıqlar verildiyini vurğulayıb.

Ş. Mustafayev İqtisadiyyat və Sənaye Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün Nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib, bu vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınıb.
 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191263

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR