Var-yox söyüşüylə ayılmaq...

Var-yox söyüşüylə ayılmaq...
15:29 23 Yanvar 2015
164 Digər
Ölkə mətbuatı
A- A+



Müəllim niyə yox idi?



Bir aydan çox müddətdə itirilənləri necə mənimsəyib proqrama uyğunlaşacaqlar?



Bu məsələ niyə heç kimi narahat eləməyib bu bir ayda?



Hər şey cəhənnəm, valideynlər niyə maraqlanmayıblar ki, “a bala, filan dərsi niyə keçmirsiniz?”



O ölən biçarənin günahı nə idi bəs?



Niyə ürəyini partlatdınız durduğu yerdə?



Sənin camaatın arvadı ilə, özü ilə nə işin vardı axı?



Təzə heç nə baş verməyib, qorxmayın. Sadəcə mən uzun fikirləşənəm. Neçə gündür ağlım Hövsandadır. Daha doğrusu, Hövsandakı məktəb olayında. Bəli, direktoru işdən çıxarıblar. Öləni basdırıblar. Uşaqlara dərs də keçilir. Adamlar da sakitləşib. Elə bu sakitlikdən istifadə eləyib hamının eşitməsi üçün bir məqama mütləq toxunmalıyam. Baş verən o hadisəyə görə mənim, yox, niyə təkcə mənim, məncə çoxumuzun, bəlkə də hamımızın o direktora minnətdarlıq borcumuz var.


Əslində yaxşı ki, o direktor şagirdini təhqir elədi. Yaxşı ki, bu məsələ o valideynləri qıcıqlandırdı. Yaxşı ki, onlar bu söyüşün ardınca məktəbə üz tutdular. Həm də bu söyüş yadlarına uşaqlarına bir aydan çoxdur bir fənnin tədris olunmadığını saldı. Yaxşı ki, bu söyüş onları ayıltdı. Adamlar anladılar ki, mənasız yenə susanda beləcə adamın uşağına, evinə, ailəsinə, yaxınına söyə bilirlər. Bu söyüş “ayıbdü, alə, işverənlik eləmiyün, indi məllimdü dəəə, noolar ki, bir aydu olmuyub” stereotipini qırdı. Lap əcəb olub ki, həmin direktoru işdən çıxartdılar. Yaxşı ki, bir daha yüksək dairələr qarşısında insanlar məsələ qaldıra bildi ki, yerlərdə məmurların hədsiz özbaşınalığı var...


Direktorun şagirdi ilə söyüşlə danışması bir məsələni də ortaya çıxardı. O da adi insani münasibətlərdə vəziyyətin nə qədər aşındığıdır. Bir də o yaxşı oldu ki, artıq insanların öz haqlarını tələb eləmək bacarığının formalaşdığını gördü aidiyyatı orqanlar. Yaxşı oldu, bir daha müəyyən oldu ki, ölkədə təhsilin səviyyəsi haradan-hara yuvarlanmaqdadır. Amma hələ düşə biləcəyi yerə gedib çatmayıb. Bəlkə əl uzadılsa, onu xilas eləmək olar. Bir də yaxşı oldu ki, ölkədə yaxşı pedaqoqların sayının azalması məsələsini gündəmə gətirdi söyüşkən direktor. Bundan başqa, həmin olay ölkədə nə qədər vəzifəsi olub, amma tutduğu posta layiq olmayan məmurların mövcudluğundan xəbər verdi. Dərs saatına görə yaranan boşluqlar problemini üzə çıxardı. Hansı ki, bu gün xeyli məktəb belə problemi yaşayır. Amma kimsə nə etiraf eləyir, nə də boynuna alır. Çox utancağıq axı... Bir sözlə, açıq-aydın ortaya o çıxıb ki, hamı bir-birini gücü çatdığı qədər “zorlayır”.

İndi mən durum bu kişinin, direktorun nəyini söyüm?! Allah atasına rəhmət eləsin. Diridirsə, canı sağ olsun ki, oğlunun sayəsində bu qədər kəm-kəsirimizi bir də ortaya qoya bildik.

Bircə o gəncin ölməsi yaxşı olmadı, gerçəkdən hayıf, adamın hirsindən ürəyi partlayıbmış, biz də deyirik, epilepsiya xəstəsi olub...Nə isə, Allah ona rəhmət eləsin.

İndi bu məktəb olayı bir yana dursun, məni başqa bir məsələ də düşündürür. Görəsən
ən müxtəlif sahələrdə vəziyyətin nə qədər ağır olduğunu anlamaq, ayılmaq, tədbir görmək, ya da tədbir görmək istəməyəni qanunlarla məcbur eləmək üçün həmişə var-yoxumuzun söyülməsinimi gözləyəcəyik?! Nə qədər ki, biz evimizdəki uşağın bir fəndən düz bir ay niyə dərs keçmədiyini soruşmayacağıq, bu işin dalınca düz nazirliyə qədər getməyəcəyik, oturub direktorun uşağımıza “dədən səhər işə gedəndə evdə yerinə əvəzləyici qoyub gedir?” sualını gözləyəcəyik, məncə, hə, bizi həmişə var-yox söyüşü ilə ayıldacaqlar. Və biz də ayılıb “o kimdir, mənim evimə, ailəmə söyür?” sualı ilə həşir salıb, ən azı bunun qədər vacib olan başqa məsələləri kənarda qoyacağıq. Təhsili, insani münasibətləri, özbaşına məmurları, günbəgün azalan yaxşı pedaqoqları...


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191269

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR