Mənalı ömrün uzunömürlülüyü

Mənalı ömrün uzunömürlülüyü
17:22 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

23 yanvar görkəmli televiziya nəzəriyyəçisi və təşkilatçısı, professor Elşad Quliyevin doğum günüdür
Azərbaycanda televiziyanın kütləvi informasiya vasitələri sistemindəki rolunun artmasında , mövqeyinin möhkəmlənməsində Elşad Quliyevin xidmətləri danılmazdır. Ölkədə yeganə telekanal olan AzTV-yə rəhbərlik etdiyi zamanda sovet dönəminin bütün ideoloji buxovlarına, yuxarıların təzyiqlərinə baxmayaraq, bu kanal xalqın böyük rəğbətini qazanmışdı. AzTV milli şüurun və ana dilinin inkişafını, cəmiyyətdə gedən ictimai prosesləri, xalqın sosial-iqtisadi, mədəni nailiyyətlərini bütün dolğunluğu ilə və obyektiv işıqlandırırdı.

Bir faktı xatırladaq ki, texniki və yaradıcılıq parametrlərinə görə AzTV ötən əsrin 80-ci illərində SSRİ miqyasında 14-cü yerdən 4-cü yerə çıxmışdı. Bu, adi statistik göstərici deyildi, biz Azərbaycandan qat-qat böyük, inkişaf etmiş respublikaları televiziya sarıdan xeyli qabaqlamışdıq. Xatırlatmaq yerinə düşər ki, Rafiq Hüseynov, Roza Tağıyeva, Ofeliya Sənani kimi tanınmış diktorların Ümumittifaq ekranında tez-tez görünməsi də bu sənətkarların yüksək peşəkarlığı ilə yanaşı Elşad müəllimin Moskvadakı həmkarlarının yanında qazandığı xətir-hörmətlə bağlı idi. O illərdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və yaxından dəstəyi ilə bir sıra sahələrdə olduğu kimi, televiziya və radio, ümumən mətbuat sahəsində də azərbaycanlıların mərkəzi təşkilatlara, o sıradan ümumittifaq ekranına və radiosuna yaxınlaşmasında, əvvəllər çox çətin açılan qapıların üzümüzə taybatay açılmasında Elşad Quliyevin də mühüm rolu olmuşdur.

Doğum günündə onun həyat tarixçəsinə qısa nəzər salmaq yerinə düşərdi. 1941-ci ildə Cəlilabad şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini və Moskvada İctimai Elmlər Akademiyasını bitirib. 3 il Lənkəranda müəllimlik edib. Sonra AzTV – yə işə düzəlib. Tərcüməçi, televiziya proqramları direktoru, 1972-ci ildən isə Dövlət Televiziya və Radio verilişləri Komitəsi sədrinin 1-ci müavini, 1983-1990-ci illərdə Komitə sədri kimi fəaliyyət göstərib. 1990-cı ildən “Bilik” Maarifçilik Cəmiyyətinin sədri olub. 1992-ci ildə yenidən qısa müddət AzTV sədri işləyib. 1993-1994-cü illərdə ilk müstəqil televiziya kanalının – BMTİİ-nin Baş direktoru olub. Əməkdar İncəsənət Xadimi, tarix elmləri namizədi Elşad Quliyev Beynəlxalq Ekoenergetika Akademiyasının elmlər doktoru və professoru, Beynəlxalq Televiziya Akademiyasının həqiqi üzvü olub. Keçirdiyi ağır xəstəlikdən sonra 2008-ci il mayın 27-də dünyasını dəyişib.

Elşad Quliyevsiz keçən illər onu bizdən uzaqlaşdırmayıb, əksinə mənəvi cəhətdən daha da yaxınlaşdırıb, doğmalaşdırıb. Onun rəhbərliyi ilə işlədiyimiz dövrü xatırlayanda bu nurlu, həlim xasiyyətli, eyni zamanda möhkəm iradəli və ciddi xarakteri ilə seçilən insandan çox şey öyrəndiyimizi yaxşı dərk edir və bundan qürur duyuruq. Zənnimcə o illərdə AzTV-də çalışan hər kəs mənimlə razılaşar ki, Elşad Quliyev gözümüz qarşısında vəzifə pillələri ilə ucalarkən bizim də gözümüzdə əsl insanın necə olması ilə bağlı bir obraz da formalaşdıra bilmişdi. Yaxşı xatırlayıram, o vaxtlar Moskvada, Kiyevdə, Leninqradda xəstəsi olanlara baş çəkməkdə müstəsna şərait yaradardı. Hər hansı problemlə qarşılaşanları o yerlərə ezamiyyətə göndərər, pul mükafatı yazdırar, üstəlik təyyarə biletlərinin alınmasına da köməklik göstərərdi. Neçə-neçə evsiz gənc jurnalistə növbədənkənar mənzil almaqda yardımçı olmuşdu. Əməkdaşların bütün sosial qayğılarının həllini özünün insanlıq və vətəndaşlıq borcu hesab edirdi.

Elşad Quliyevin rəhbərlik etdiyi dövrdə AzTV kollektivi bu gün də fəxr ediləsi saysız uğurlara imza atmışdı. Azərbaycan tarixinin öyrənilməsi ilə bağlı bədii və sənədli filmlərin, teletamaşaların çəkilişinə start verilmiş, ictimai-siyasi və sosial xarakterli problemlər, cəmiyyətin mənəvi saflaşması, sosial ədalət uğrunda mübarizənin genişlənməsi verilişlərin əsas mövzularına çevrilmişdi. O, israrla çalışırdı ki, monoloqdan, nəsihətdən geniş diskussiyalara, ictimai müzakirə formalarına keçilsin, köhnə təbliğat modellərindən imtina edilsin, verilişlərdə müxtəlif mövqe və baxışlar ortaya qoyulsun, onların qarşılıqlı təhlili verilsin. “AzTV yeganə kanaldır ki, ona ailəliklə baxmaq olur” fikri məhz o illərin yaradıcılıq ab-havasından, iş prinsiplərindən və metodlarından qaynaqlanıb. AzTV-nin “Telefilm” Yaradıcılıq Birliyinin Elşad Quliyevin həyat və yaradıcılığı barədə çəkdiyi “Ömrün teleformatı” televiziya filmində professor Nizami Cəfərov bu sözləri çox ürəklə deyirdi: “ O, əldə mikrofon tutmaqdan, o mikrofona deyilən sözü cəmiyyətə çatdırmaqdan təhlil etməyədək hər şeyi bilirdi”. Elşad müəllimin yaradıcılıq yoluna nəzər salanda, ssenari müəllifi olduğu və şəxsən özünün rəhbərliyi ilə araya-ərsəyə gələn verilişləri, telefilmləri yada saldıqda bir daha bu qənaətin dəqiqliyinə inanırsan.

Elşad Quliyevin bu gün də, sabah da aktual ola fikirləri Azərbaycan teleməkanında çox qiymətli mülahizələr kimi qəbul olunur. O, deyirdi ki, “aylarla bizi özümüzdən “oğurlayan”, yalnız metraji uzatmağa, biznes faktorunu gücləndirməyə və Allah bilir, daha hansı niyyətlərə xidmət edən teleseriallar bəzən əxlaqi-etik çərçivələrə sığmır. Xüsusən gənclərin mənəvi tərbiyəsində arzuolunmaz izlər qoyur. Nəyə fikir verməliyik - seçim, seçim, yenə də seçim”.

Elşad Quliyev əsl vətənpərvər, millətsevər, sözün əsl mənasında, Böyük Azərbaycanlı idi. Televiziya və radionun uğurlarına ürəkdən sevinir, uğursuzluqlarına çox kədərlənirdi. Mənə verdiyi müsahibələrin birində deyirdi: “Bizim vaxtımızda örnək, görüb-götürmək üçün nümunə olmayıb. Hər şeyi özümüz tapırdıq. Amma indi bəhrələnmək üçün olduqca münbit şərait var. Ənənələri yaşatmaq da olduqca prinsipial məsələdir. Unutmamalıyıq ki, yenilik həm də unudulmuş köhnəlikdir. Televiziya jurnalistləri keçmişə hörmət, bu günə ehtiram göstərməklə özlərinin daha parlaq gələcəyini qazanmış olarlar”.

Elşad müəllim bizdən ayrılandan sonra Azərbaycanda bir çox radikal dəyişikliklər olub – elə sənətdə, kinoda və televiziya sahəsində də. Yeni telekanallar açılıb, ölkədə güclü teleradio jurnalistləri və rejissorları korpusu formalaşıb. Ustadımız haqq dünyasında olsa da bu gün ruhu şaddır. Ürəkdən sevdiyi, qəlbən bağlandığı televiziya işi qüdrətli əllərdədir. Tələbələri, vaxtilə seçib işə götürdüyü, qayğısını çəkdiyi, inandığı insanlar, hələ sağlığında ikən onun uzunömürlülük qazanmağının şahidi olanlar isə bu gün Elşad müəllimə Ulu Tanrıdan rəhmət diləyir, onu həmişə gözəl insan, əsl dost, görkəmli televiziya tənqidçisi və təşkilatçısı, ürəyiyumuşaq və eyni zamanda olduqca prinsipial və qətiyyətli rəhbər kimi xatırlayırlar.

Kaspi.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/320628.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR