"Ukraynanın separatizm üzərində qələbə çalmaqdan başqa alternativi yoxdur"

"Ukraynanın separatizm üzərində qələbə çalmaqdan başqa alternativi yoxdur"
17:27 23 Yanvar 2015
210 Dünya
Ölkə mətbuatı
A- A+

Elxan Şahinoğlu: “Krım və 4 milyonluq Donbas Rusiya iqtisadiyyatına ağır yükdür”
Ukrayna prezidenti Pyotr Poroşenko 2015-ci ildə üç mərhələli hərbi səfərbərlik haqqında fərman imzalayıb. Ali Rada tərəfindən təsdiq olunan sənəd mətbuatda dərc olunub və həmin gündən də qüvvəyə minib. Beləliklə də Ukraynada səfərbərliyin 90 gün davam edəcək birinci mərhələsinə start verilib. Bu mərhələdə 50 min nəfərin hərbi xidmətə çağırılması gözlənilir. İkinci mərhələ apreldə başlayacaq və 60 gün davam edəcək. Üçüncü mərhələnin isə iyunda həyata keçiriləcəyi gözlənilir.

Ukraynanın müdafiə naziri Stepan Poltorakın mətbuata açıqlamasına görə 2015-ci ildə 50 min nəfərin səfərbər ediləcək, amma ehtiyac yaranarsa, bu say 104 minə çatdırılacaq. Belə bir ərəfədə parlamentin milli təhlükəsizlik məsələləri və müdafiə komitəsinin sədri Sergey Paşinski mətbuata açıqlama verərək, Ukrayna hakimiyyətinin rəsmən Rusiyaya müharibə elan edə biləcəyini dilə gətirib. O, hərbi vəziyyətin elan edilməsi üçün hər şeyin hazır olduğunu, qərarın yazılaraq imzalandığını, zərflərə yerləşdirildiyini söyləyib. Qeyd edib ki, Xarkov və Çerniqovski əyalətlərində bircə rus batalyonu görünsə Rusiyaya müharibə elan ediləcək. Ukraynada yaşanan son proseslər, bu ölkənin Rusiya ilə müharibə ehtimalı, münaqişə zonasında separatçıların aktivləşməsi, Ukraynanın kiçik dövlətlərə parçalanma ehtimalı və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu cavablandırır.

- Bir neçə ay bundan əvvəl Donbasda atəşkəs elan olunsa da ötən həftə sonundan etibarən tərəflər arasında bu barədə razılaşma pozulub. Beləliklə də Ukraynada faktiki olaraq müharibə yenidən başlayıb. Sizcə tərəfləri razılaşmanı pozmağa məcbur edən səbəb və ya səbəblər nədir?

- Separatçılar uzun müddət idi ki, Donetsk hava limanını ələ keçirmək istəyirdilər. Onlar hava limanını mühasirəyə alsalar da, kompleksə tam nəzarət edə bilmirdilər. Bu arada Minskdə atəşkəs sazişi imzalandı və separatçılar hücumlarına ara vermək məcburiyyətində qaldılar. Ancaq onlar nə yolla olursa-olsun hava limanının tamamını ələ keçirmək istəyirdilər. Ona görə də “Ukrayna ordusu Donbası atəşə tutur” bəhanəsi ilə hava limanına hücum edərək Ukrayna ordusunun son istehkamını ələ keçirdilər. Ukrayna ordusu da buna cavab olaraq bütün cəbhə boyu separatçıların mövqelərinə zərbə endirməyə başladı. Bu Ukraynanın hüququdur. Necə ki, Azərbaycanın hüququ var ki, daima işğal altındakı torpaqlarımızdakı separatçılara zərbə endirsin, eləcə də Ukrayna ordusu ərazi bütövlüyünün təmini məqsədilə separatçılarla mübarizə aparır. Ancaq Ukrayna separatçılarının hava limanına nəzarətdən başqa uzaqgedən başqa strateji hədəfi də var. Onlar Donetskin cənubundakı Mariupol şəhərini ələ keçirməyə çalışırlar. Bu şəhər həm separatçılar, həm də Moskva üçün strateji əhəmiyyət kəsb edir. Mariupol əldən getsə separatçılar və Moskva Krıma quru yolla çıxış əldə edəcəklər. Bundan sonra Moskva üçün dəniz üzərindən Krıma bahalı körpü tikməyə də ehtiyac qalmayacaq. Ona görə də Ukrayna ordusu bu şəhər uğrunda çarpışmaq məcburiyyətindədir.

- Münaqişə zonasında ehtirasların yenidən qızışmasında Rusiyanın təsiri, Kremlin separatçılara hərtərəfli dəstək verməsi hər kəsə aydındır. Belə olan halda Ukraynanın Rusiyaya müharibə elan etməsi və bu müharibənin Rusiyanın çökdürülməsi məqsədilə daha da geniş xarakter alması nə dərəcədə realdır?

- Bəli, Kreml açıq-aşkar separatçılara dəstək verir, onları silah, texnika, ərzaq və ən əsası canlı qüvvə ilə təmin edir. Mən ötən il Donetskdə olmuşdum, həmin separatçıları yaxından görmüşdüm. Donbasın yerli separatçıları Ukrayna ordusuna qarşı vuruşacaq gücdə deyil. Aydındır ki, Rusiya açıq şəkildə Donbasa ordu göndərə bilmir, bu faktın üstünün açılacağından qorxur. Kreml başqa yol seçib. Rusiya ordusunda xidmət edənlər qrup halında sərhədi keçirlər, könüllü adıyla Donbasda yerləşirlər. Sonra onlara silah da göndərilir və Donbasda yerli separatçılarla birgə qarışıq qruplar təşkil edərək əraziləri işğal edirlər. Həmin rus əsgərləri və zabitləri və həmin Rusiya texnikasıdır ki, bu yolla Ukrayna əraziləri işğal edilir. Buna baxmayaraq, Kiyev birbaşa Rusiyaya müharibə elan edə bilmir. Pyotr Poroşenkonun acı bir etirafı var, deyir ki, biz separatçıları məğlub edə bilərik, ancaq Rusiya ordusu üzərində qələbə çalmaq müşkül məsələdir. Kiyev Rusiyaya bəhanə vermək istəmir.

- Ehtimal edilir ki, Rusiya və Ukrayna arasında başlayacaq müharibə sonda Ukraynanın bir neçə kiçik dövlətə parçalanması ilə nəticələnəcək. Bu iddialar nə dərəcədə realdır? Rusiyanın belə bir niyyəti, məqsədi varmı?

- Bəli, Kremlin məqsədi Ukraynanı parçalamaqdır. Ancaq bu plan ilkin mərhələdə alınmadı. Rusiya Krımın ardınca bütün şərqi və mərkəzi Ukraynanın Kiyevdən qopacağını düşünürdü. Əslində hadisələr belə də başlamışdı. Mən ötən ilin aprelində Kiyevdə olanda Donetsk və Liqanskla yanaşı Dnepropetrovsk, Odessa, Mariupol, Xarkov və Nikolayev kimi şəhərlərdə də separatizm baş qaldırmışdı. Ancaq Yanukovicin qaçışından sonra Ukrayna ordusu dağılsa da, Kiyev könüllü dəstələrin şücaəti hesabına separatizmin mərkəzdə qarşısını aldı və Moskva Krımdan sonra sadəcə Donetks və Luqansk vilayətləri ilə kifayətlənməli oldu.

- Qərbə doğru istiqamət alan, siyasi kursunu Avropaya doğru dəyişən Ukrayna bütün bu hadisələrin gedişində öz tərəfdarlarından lazımi dəstək ala bildimi?

- Əvvəlcədən də aydın idi ki, Qərb Ukrayna dövlətinin yerinə separatçılarla savaşan deyil. Qərb üzərinə düşəni edir, separatçılara və Rusiyaya qarşı sanksiyalar tətbiq edir, Ukraynaya maliyyə yardımı ayırır. Ukraynanın hakimiyyəti siyasi, iqtisadi və hərbi sahədə ciddi nəticələr əldə etməlidir, korrupsiya və oliqarxik sistemlə mübarizəni gücləndirməlidir. Əks halda Ukraynanın vəziyyəti düzəlməyəcək və bu Kremllə separatçıların xeyrinə olacaq.

- Bu hadisələrin sonunu necə proqnozlaşdırırsınız?

- Proqnozum ondan ibarətdir ki, Ukraynanın separatizm üzərində qələbə çalmaqdan başqa alternativi yoxdur. Necə ki, biz Azərbaycanı Qarabağsız təsəvvür etmirik, eləcə də Ukrayna Donbas və Krımın geri qaytarılması uğrunda hərbi və diplomatik mübarizəsini davam etdirməlidir. Bunu etməsə Ukrayna dövlətini daha böyük fəlakətlər gözləyəcək. Separatizm elə bir xəstəlikdir ki, onu müalicə etməsən, xəstəliyin digər sağlam orqanlara yayılma təhlükəsi var. Ukraynanın məğlubiyyəti Qərbin, ABŞ və Avropa Birliyinin məğlubiyyəti olacaq. Buna görə də beynəlxalq aləmin köməyi ilə Ukraynanın yaralarını sağaldacağını düşünürəm. Ukraynanı parçalamağa çalışan Rusiya özünü tələyə saldı. Krım və 4 milyonluq Donbas Rusiya iqtisadiyyatına ağır yükdür. Bəlkə də Rusiya yaxşı vaxtlarında bu bölgələri ayaqda saxlamaq üçün milyardlar xərcləyərdi. Ancaq indi həmin milyardlar Rusiyanın xəstə iqtisadiyyatına lazımdır. Rusiyanın ən böyük itkisi qardaş saydığı Ukraynanı itirməsi oldu.

Milli.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR