Xıllı nərə balıqartırma zavodu ötən il Xəzər dənizinə 5 mln. ədəd nərə körpəsi köçürüb - FOTO

Xıllı nərə balıqartırma zavodu ötən il Xəzər dənizinə 5 mln. ədəd nərə körpəsi köçürüb - FOTO
17:32 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 17:29 ]


Neftçala. Əlibəy Zeynallı - APA. Xıllı nərə balıqartırma zavodu 2014-cü ildə Kür çayı vasitəsi ilə Xəzərə 5 mln. ədəd nərə körpəsi köçürüb

 

APA-nın Mil-Muğan bürosuna Ekologiya və Təbii Sərvətlər Nazirliyi Neftçala Xıllı Nərə Balıqartırma zavodunun direktoru Zaur Salmanovun bildirdiyinə görə, hər il zavodda yetişdirilən nərəcinsli balıq körpələri  artırılaraq Kür çayının mənsəbinə buraxılır.

 

2014-cü ilin yaz-yay balıqartırma mövsümü ərzində də 5 mln. nərə körpəsi Kür çayının mənsəbinə buraxılıb. Xıllı Nərə Balıqartırma zavodu əsasən nərə cinsli balıqların dörd növünün - bölgə, nərə, kələmo və uzunburun balıqlarının süni yolla artırılması ilə məşğul olur. Fəaliyyət göstərdiyi illər ərzində Xıllı Nərə Balıqartırma zavodu tərəfindən ümumilikdə 45 milyon ədədə yaxın müxtəlif növ nərə cinsli balıq körpələri yetişdirilib, standart ölçü və kütləyə çatdıqdan sonra (1-1,2 qram) Kür çayının mənsəbinə buraxılıb.

2007-ci ildən başlayaraq yaz-yay balıqartırma mövsümündə yetişdirilən nərə cinsli balıq körpələrinin bir qismi zavod şəraitində yetişdirilərək və daha yüksək kütləyə (80-150 qram) malik olduqdan sonra Kür çayının mənsəbinə buraxılıb. Son illərin təcrübəsi göstərir ki, ənənəvi normativ çəkidən (1-1,2 qram) daha yüksək çəkidə körpələrin təbii ərazilərə buraxılması daha effektiv olduğundan nərə körpələrinin yaşama ehtimalı xeyli yüksəlir. Bunu nəzərə alaraq zavodun istehsalat infrastrukturunda müvafiq dəyişikliklərin edilməsi və bununla da istehsal olunan yüksək çəkiyə malik nərə cinsli körpə balıqların sayının bir neçə dəfə artırılması nəzərdə tutulub.

 

2013-cü ildə Azərbaycanda süni balıqartırma tarixində ilk dəfə olaraq süni yolla kürü yetişdirilib. Kürüdən kürüyə prinsipi qorunaraq zavodda saxlanılan və təmir törədici fondunun tərkibinə daxil edilən törədici balıqlardan cinsi məhsullar alınıb. Təmir-törədici fondu yaradılması məqsədilə Xıllı Nərə Balıqartırma Zavodunda 2004-cü ildən elmi-praktiki eksperimentlər həyata keçirilir. Hazırda zavod şəraitində süni yolla alınmış  5000 ədəddən artıq müxtəlif yaş qrupuna mənsub nərə cinsli balıqlar saxlanılır.

 

Balıqartırma zavodunun tikintisi hesabına Azərbaycan Xəzəryanı ölkələr sırasında nərə körpələrinin Xəzərə buraxılması sahəsində Rusiya və İrandan sonra üçüncülüyü qazana bilib.

 

Qeyd edək ki, Xəzər dənizində bioloji resursların  idarə olunması məqsədilə   Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tərtib olunan Milli proqramda Kür çayında nərəcinsli balıq növlərinin genofondunun qorunub saxlanılması, təbii çoxalma miqyasının genişləndirilməsi və nərə cinsli balıq törədicilərinin kürüləmə yerlərinin qorunması məqsədi ilə daha proqressiv texnoloji prinsiplər əsasında işləyən yeni tipli   nərə balıqartırma zavoduna ehtiyac olduğu nəzərdə tutulurdu.  Bu məqsədlə  2003-cü ildə Dünya Bankı tərəfindən maliyyələşdirilən "təxirəsalınmaz ekoloji investisiyalar" layihəsi çərçivəsində nərəkimilərin ehtiyatlarının qorunub saxlanılması məqsədilə Xıllı Nərə balıqartırma zavodu  istifadəyə verilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370182

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR