Ramil Usubov: "Nöqsanlara yol verilib"

Ramil Usubov: "Nöqsanlara yol verilib"
17:57 23 Yanvar 2015
100 Sosial
Ölkə mətbuatı
A- A+

Yanvarın 23-də daxili işlər naziri general-polkovnik Ramil Usubovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2014-cü ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müşavirəni açan nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamız sürətlə inkişaf edir və onun beynəlxalq mövqeləri daha da möhkəmlənir.

Nazir bildirib ki, ötən il qanunla müəyyən edilmiş vəzifələr, o cümlədən vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində məqsədyönlü tədbirlər davam etdirilsə də, paytaxt polisinin xüsusən idarəçilik fəaliyyətində nöqsanlara yol verilib.

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov hesabat dövründə cinayətkarlıqla mübarizə, ictimai qaydanın və təhlükəsizliyin təmini, xidməti fəaliyyətin digər sahələrində həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib.

O qeyd edib ki, cinayət işlərinin istintaqının və təhqiqat araşdırmalarının qanunvericiliyə uyğun şəkildə aparılması, yol təhlükəsizliyinin nümunəvi təmin olunması, əhaliyə şəxsiyyət vəsiqələrinin verilməsi, vətəndaşların ərizə və şikayətlərinə həssaslıqla yanaşılması, onların qəbulunun keçirilməsi və xidməti fəaliyyətin digər önəmli sahələrində də kifayət qədər işlər görülüb, müsbət nəticələr əldə edilib.

Baş İdarənin rəisi, eyni zamanda, əməliyyat-xidməti fəaliyyətdə buraxılmış nöqsanlar, xüsusən, cinayətlərin ümumrespublika göstəricilərindən aşağı olan açılma faizinin yaxşılaşdırılması ilə bağlı qarşıda duran vəzifələr barədə də geniş məlumat verib.

Çıxış edən digər şəxslər əldə olunmuş müsbət nəticələrdən, həmçinin, yol verilmiş nöqsan və çatışmazlıqlardan, onların aradan qaldırılması üçün görəcəkləri tədbirlərdən danışıblar.

Müşavirəyə yekun vuran nazir 2014-cü ildə paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki fəaliyyətini ümumən müsbət qiymətləndirib, müşavirə iştirakçılarının diqqətini qarşıda duran bir sıra həlli vacib məsələlərə yönəldib, tapşırıq və tövsiyələrini verib, nöqsanların aradan qaldırılması yollarını göstərib.

O, ötən ilin sonlarında Bakı Şəhər Baş Polis İdarəsi rəhbərliyinin idarəçilik və təşkilatçılıq fəaliyyətinin yoxlanıldığını, nəticələrinin naziryanı əməliyyat müşavirəsində müzakirə olunaraq qarşıda duran vəzifələrin müəyyən edildiyini, aşkarlanmış nöqsanların planlı surətdə aradan qaldırılmasının zəruriliyini vurğulayıb.

R.Usubov Baş İdarənin və onun struktur qurumlarının rəislərindən fəaliyyətin təkmilləşdirilməsini, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi məqsədilə analitik işin səviyyəsinin yüksəldilməsini, bu əsasda idarəçilik və təşkilatçılıq fəaliyyətinin günün tələbləri səviyyəsində qurulmasını, icra və xidməti intizamın daha da möhkəmləndirilməsini tələb edib.

Xüsusilə qeyd olunub ki, bu gün öz xidməti vəzifələrini uğurla yerinə yetirməsi üçün ölkə rəhbərliyi tərəfindən daxili işlər orqanlarına hər cür şərait yaradılıb, əməkdaşlar dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunublar. Bu ali etimada cavab olaraq şəxsi heyətin hər bir üzvü üzərinə düşən vəzifəni nümunəvi yerinə yetirməli, Vətəninə, dövlətinə, xalqına sədaqətlə xidmət etməlidir.

Daxili işlər naziri müşavirə iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi əmin edib ki, Bakı Şəhər Baş Polis İdarəsinin şəxsi heyəti cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmini sahəsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR