Latviya Seymində illik xarici siyasət müzakirələri aparılıb

17:58 23 Yanvar 2015
186 Dünya
Ölkə mətbuatı
A- A+


Riqa, 23 yanvar, AzərTAc
Yanvarın 22-də Latviya Seymində ənənəvi illik xarici siyasət müzakirələri keçirilib. Müzakirələr Latviya Respublikasının 1921-ci il yanvarın 26-da beynəlxalq aləmdə tanınmasına həsr edilib. Bu gün isə mühüm tarixi hadisənin yanvarın 20-si tarixlərində parlamentdə qeyd olunması ənənəsinin beş ili tamam olur.
Ölkədə akkreditə olunmuş dövlətlərin səfirliklərinin də iştirak etdikləri illik xarici siyasət müzakirələrində Latviyanın xarici işlər naziri Edqar Rinkeviçs ötən ilə yekun vurub və bu ilin siyasi kursu haqqında məlumat verib.
E.Rinkeviçs vurğulayıb ki, dövlətin daxili və xarici təhlükəsizliyinin möhkəmlənməsi üçün Latviya diplomatiyası bütün qüvvəsini sərf edəcək. Latviyanın maraqları Aİ-nin vahid xarici siyasət prinsiplərinə və təhlükəsizlik siyasətinə əsaslanır.
Nazir deyib: “NATO-nun Uels sammitində Latviya üçün müttəfiqlərimizin verdikləri təhlükəsizlik zəmanətini daha çox gücləndirən, eləcə də bu zəmanətlərin Baltik ölkələrində və Polşada real olmasını təmin edən mühüm qərarlar qəbul olunub”. E.Rinkeviçs Latviyanın özünün də daxili və xarici təhlükəsizliyinin möhkəmləndirilməsi qayğısına qalmalı olduğunu bildirib.
O vurğulayıb: “Ötən il NATO-nun digər altı dövləti ilə birgə Riqada strateji kommunikasiya məsələləri üzrə mərkəz yaratdıq. Biz Avropa İttifaqının digər ölkələri ilə birgə bu qəbildən təhlükənin aradan qaldırılmasında və KİV-də üçüncü ölkələrin təbliğat təsirinin azaldılması üzərində işləyəcəyik. Həmçinin hərbi-mülki əməkdaşlığı, məhkəmə sistemini, informasiya məkanını, sərhəd xidməti bacarıqlarını və təhlükəsizlik orqanlarını möhkəmləndirmək lazımdır”.
Latviya XİN-in başçısı çıxışının sonunda deyib ki, XİN-in gündəminə enerji resurslarının qiymətlərinin dəyişməsi, Fələstin dövlətinin beynəlxalq aləmdə tanınması, Qərb ölkələrinin İranla danışıqlarının yekunu da nəzərə çarpacaq dərəcədə təsir edə bilər. Aİ-də gələcək iqtisadi yüksəlişi, bankların əməkdaşlığını dəstəkləmək, vahid enerji birliyini yaratmaq, vahid informasiya məkanının qayğısına qalmaq vacib məsələlərdir.
Həmin gün axşam Prezident Andris Berjinsin ölkədə akkreditə olunmuş xarici dövlətlərin səfirləri ilə görüşü olub. Prezidentin və diplomatik korpusun bu ənənəvi görüşündə Latviya rəhbəri ötən ilin ən vacib işlərini və hadisələrini ümumiləşdirib, Latviyanın Aİ Şurasında sədrliyini müzakirə edib, 2015-ci ilin ən vacib məqsədlərindən danışıb.
Görüşlərdə Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov iştirak edib.
Nigar Cəfərli
AzərTAc-ın xüsusi müxbiri
Riqa

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR