Səudiyyə Ərəbistanı Kralının vəfatı münasibətilə Misirdə və İordaniyada matəm elan edilib

18:38 23 Yanvar 2015
213 Dünya
Ölkə mətbuatı
A- A+


Əmman, 23 yanvar, AzərTAc
Səudiyyə Ərəbistanı kralı Abdulla ben Əbdüləziz əl-Səudun vəfatı münasibətilə İordaniya Kralı II Abdullanın fərmanı ilə ölkədə 40 günlük matəm elan edilib. Yerli KİV-lərin verdiyi məlumata görə, İordaniya Haşimilər Krallığının Kralı II Abdulla Davosda Dünya İqtisadi Forumunda iştirakını yarımçıq qoyaraq monarxın bu gün keçiriləcək dəfn mərasimində iştirak etmək üçün Səudiyyə Ərəbistanına yola düşüb.
Bu münasibətlə birinci olaraq başsağlığı göndərənlər arasında Misir Prezidenti Əbdülfəttah əs-Sisi də var. O da Davos səfərini yarımçıq qoyub və dəfn mərasimində iştirak etmək üçün Səudiyyə Ərəbistanına getməyi baş nazir İbrahim Məhləbə tapşırıb. Mərasimdə Prezident Əbdülfəttah əs-Sisinin də şəxsən iştirak etməsi gözlənilir, lakin İsveçrədə hava şəraitinin əlverişsiz olması üzündən onun səfəri təxirə salınır. Misir Prezidentinin dəftərxanası cümə günündən etibarən ölkənin bütün ərazisində yeddi günlük matəm elan olunmasını bildirib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı kralı bu həftə cümə gününə keçən gecə, ömrünün 91-ci ilində vəfat edib. II Abdulla kral taxt-tacına 2005-ci il avqustun 1-də sahib olub. II Abdullanın qardaşı, vəliəhd şahzadə Salman ibn Əbdüləziz əl-Səud Səudiyyə Ərəbistanının yeni, sayca yeddinci kralı olub. O, bu gün and içəcək.
Asya Hacızadə
AzərTAc-ın xüsusi müxbiri
Əmman

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR