Alkoqollu içkilərin və dərmanların reklamında yeni qadağalar - Azərbaycanda

Alkoqollu içkilərin və dərmanların reklamında yeni qadağalar - Azərbaycanda
18:56 23 Yanvar 2015
227 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanda alkoqollu içkilərin və dərmanların reklam edilməsi qaydaları müəyyənləşdirilib.

Axşam.az xəbər verir ki, Milli Məclisdən Trend-ə verilən məlumatına görə, parlamentin fevralın 2-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilən “Reklam haqqında” yeni qanun layihəsində alkoqollu içkilərin reklamında bir sıra qadağalar müəyyən edilib.

Qanun layihəsinə əsasən, alkoqollu içkidən istifadə nəticəsində şəxsin ictimai nüfuz qazanacağı, peşədə, idmanda və ya digər sahələrdə şəxsi uğurlar əldə edəcəyi, fiziki və ya emosional durumu yaxşılaşdıracağı barədə rəyin formalaşdırılması qadağan edilir.

Bundan əlavə, yeni qanun layihəsi alkoqollu içkilərdən istifadənin ziyansız və ya insan sağlamlığı üçün xeyirli, müalicəvi xassələrə malik olması haqqında rəy yaratmağı qadağan edir. Həmçinin, alkoqollu içkilərdən istifadə olunması ilə bağlı yetkinlik yaşına çatmayanlara, qadınlara müraciət edilməsi, cəmiyyətdə populyar olan şəxslərin, kino və animasiya filmlərinin qəhrəmanlarının heyvanların təsvirlərindən istifadə edilməsi, alkoqollu içkilərdən istifadə olunma prosesinin nümayiş etdirilməsi qadağan olunur.

Qanun layihəsində, həmçinin bəzi reklam daşıyıcılarında alkoqollu içkilərin reklamı qadağan edilir. Belə ki, alkoqollu içkilərin reklamının dövri mətbu nəşrinin üz qabığında, birinci və axırıncı səhifəsində, qəzetlərin birinci və axırıncı səhifəsində, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş mətbu nəşrlərdə, audio və video məhsullarda, telekommunikasiya qurğularında, o cümlədən internet şəbəkəsində yerləşdirilməsi qadağan edilir.

Yeni qanun layihəsinə əsasən, Azərbaycanda yalnız həkim resepti olmadan buraxılan, müvafiq icra hakimiyyəti tərəfindən sertifikatlaşdırılmış dərman vasitələri, istifadəsi və tətbiqi müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan olunmamış tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodları reklam oluna bilər.

Dərman vasitələrinin qəbulu və tibbi texnikadan istifadə əlavə təsirlə müşayiət olunduqda reklamda bu barədə məlumat verilməli, həkimlə məsləhətləşmənin zəruriliyi qeyd olunmalıdır. Müvafiq qeyd kütləvi informasiya vasitələri ilə reklamın sahəsinin ən azı 7 faizini tutmalı, 5 saniyədən az müddətdə səsləndirilməlidir.

Yeni layihəyə görə, həkim resepti olmadan buraxılan dərmanların reklamı üçün yetkinlik yaşına çatmayan şəxslərə müraciət edilə bilməz. Reklam olunan dərman vasitəsinin istifadəsi nəticəsində insanın xəstəliklərdən sağalmasının konkret hallarına istinad etmək, reklam olunan dərman vasitəsinin istifadəsi ilə bağlı fiziki şəxslərin minnətdarlığını ehtiva etmək olmaz.

Yeni layihəyə görə, belə reklamlar zamanı sağlam insanda reklam olunan dərmanın istifadəsinin zəruriliyi barədə təsəvvür oyatmaq qadağandır.

Reklam olunan dərmanın təbii mənşəli olması, onun təhlükəsiz olmasına təminat verilməsi barədə məlumatın yayılmasına da icazə verilmir. İstifadəsi üçün xüsusi hazırlıq tələb olunan dərmanlar, tibbi texnika barədə yalnız tibb sahəsində ixtisaslaşdırılmış çap nəşrlərində, tibb işçiləri və əczaçılar üçün keçirilən tədbirlərdə yayımlana bilər.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25484

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR