Millət vəkili: “Avropa İttifaqının Ermənistana yardım ayırması avantüra, açıq riyakarlıq nümunəsidir”

Millət vəkili: “Avropa İttifaqının Ermənistana yardım ayırması avantüra, açıq riyakarlıq nümunəsidir”
19:17 23 Yanvar 2015
225 Dünya
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 19:02 ]

Bakı - APA. Avropa İttifaqı «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində Ermənistanda müxtəlif sahələrdə islahatların davam etdirilməsi üçün 8 saziş üzrə 77,5 milyon avro ayırıb.

APA-nın məlumatına görə, bu gün bu sazişlərin qüvvəyə minməsi ilə bağlı İrəvanda Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri Trayan Xristea, Ermənistanın baş naziri Ovik Abramyan, hökumət rəsmiləri, Avropa ölkələrinin Ermənistandakı səfirləri və digər rəsmi şəxslərin iştirakı  ilə bağlı tədbir keçirilib.

 

Tədbirdə çıxış edən Ermənistanın baş naziri O.Abramyan deyib ki, Avropa İttifaqı Ermənistanın vacib tərəfdaşlarından biridir, Ermənistan qarşılıqlı maraq doğuran bütün sahələr üzrə Avropa İttifaqı ilə əməkdaşlığı davam etdirməyə hazırdır.

 

Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri T.Xristea Ermənistanın «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əhali başına düşən göstəricilərə görə ikinci ən böyük yardım alan ölkə olduğunu nəzərə çatdırıb. Avropa İttifaqının rəsmisi bu gün qüvvəyə minən 8 razılaşmanın Ermənistanda müxtəlif sahələrdə əməkdaşlığa stimul verəcəyini qeyd edib.

 

Avropa İttifaqının Rusiyanın təşəbbüsü ilə yaradılan Avrasiya İttifaqına daxil olmaq barədə qərar verən, Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistana yardım ayırmasına münasibət bildirən millət vəkili Zahid Oruc APA-ya açıqlamasında deyib ki, Ermənistanın Avropa İttifaqından hər hansı bir layihə üzrə aldığı vəsait açıq şəkildə bu ölkənin beynəlxalq dairələr tərəfindən himayə edilməsinə yönəlik addımlardır, yalnız siyasi xarakter daşıyır və iqtisadi məna kəsb etmir: “Bu, Ermənistanı müxtəlif adlarla, layihələrlə ayaqda tutmaq niyyətidir. Avropa İttifaqının özü ilə əks qütbdə olan bir ittifaqda yer almış dövlətə belə əl uzatması açıq-aşkar siyasi qərəzlilikdir və dünyada idarəçiliyin acı mənzərəsini ortaya qoyur”.

 

Z.Oruc qeyd edib ki, əslində Avropa İttifaqının «Şərq Tərəfdaşlığı» Proqramı üzrə 6 ölkənin seçilməsi ümumən bu ölkələrin Avropaya transformasiyasına nail olmaq və onları Rusiyanın təsir dairəsindən çıxarmaq niyyəti kimi xarakterizə edilib: “Əslində bu, mahiyyətcə iqtisadi “Marşal planı” sayıla bilərdi. TASİS Proqramından bu yana Avropa İttifaqı bu dövlətləri Rusiyanın nüfuz dairəsindən çıxarmağa çalışırdı. Bu siyasətin aqibəti bəllidir. Gürcüstanın ərazisinin 20 faizinin işğalı 2008-ci ildə tam reallaşdı, Moldova ağır vəziyyətdə qalmaqdadır, Ukrayna isə Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamasının ağır fəsadlarını indi də yaşayır və dövlətçiliyi təhlükə altındadır. Belə bir dönəmdə birmənalı olaraq geopolitik qütbünü seçmiş Ermənistana nə əsasla, hansı məramla yardım edirlər? Avropa İttifaqı Ermənistanda nəyi stimullaşdırır? Əgər ölkələr bu şəkildə Afrika Birliyi, İranla ittifaqa daxil olub, həm də Avropa İttifaqından yardım alacaqsa, bunun adı nədir? Bu, açıq riyakarlıq və avantüra nümunəsidir. Avropa İttifaqı Ermənistanın Avrasiya İttifaqı ilə bağlı qərarından sonra da belə addımlar atırsa, bununla Ermənistanda vəziyyətin dəyişəcəyinə inanırlarsa, bu yanlış mövqedir. Əslində Avropa İttifaqının Yaxın Qonşuluq Siyasəti iflasa uğrayıb, iqtisadi “Marşal planı” işləməyib, bölgədə çox ağır problemlərə yol açıb. Ermənistan heç bir parametr üzrə Avropa İttifaqının tərəfdaşı deyil, əksinə, Avropa İttifaqına qarşı olan ölkədir. Gümrüdəki hərbi baza Azərbaycana deyil, Avropa İttifaqına, Qərbə, NATO-ya qarşı qurulub. Bunu nəzərə almadan korrupsioner, işğalçı bir dövləti mükafatlandırmağın nə adı var? Ona görə də bir millət vəkili kimi buna etirazımı bildirirəm. Avropa İttifaqı bu məsələyə görə  Azərbaycan cəmiyyətinə aydın, səlis, açıq izahatlar verməsini tələb edirəm”.

  

Millət vəkili, politoloq Rasim Musabəyov isə APA-ya açıqlamasında deyib ki, Ermənistan «Şərq Tərəfdaşlığı» Proqramının üzvüdür. Avropa Birliyində Ermənistanın himayədarları kifayət qədər çoxdur: “Onlar zarıyıb, ağlayıb bu yardımları alırlar. Ermənistan Avropa İttifaqından yardım alan ölkələr arasında adambaşına düşən yardıma görə Moldovadan sonra ikinci ölkədir. Ermənistan dilənir, ona da yetim payı verirlər. Baxmayaraq ki, Ermənistan Rusiyanın Avrasiya İttifaqına qoşulub, Avropa İttifaqı bu yardımları ayırmaqla Ermənistanı öz təsir dairəsində saxlamağa çalışır”.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370198

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR