Gürcüstan parlamentinin komitə sədri: "Əcnəbi vətəndaşlar Gürcüstanda 20 hektaradək torpaq ala bilərlər"

19:42 23 Yanvar 2015
203 Dünya
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 19:39 ]


Gürcüstan. Nizami Məmmədzadə - APA. "Fevralın əvvəlindən Gürcüstan parlamentində torpaqların alqı-satqısı və özəlləşdirilməsi, habelə torpaqlara əcnəbi vətəndaşların investisiya yatırması və digər məsələlərə aydınlıq gətiriləcək. Bu il qəbul olunacaq "Gürcüstanda kənd təsərrüfatı torpaqlarına sahib olmaq haqqında" qanun layihəsi ilə bağlı müzakirələr aparılacaq".

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu APA-ya eksklüziv açıqlamasında Gürcüstan parlamentinin aqrar komitəsinin sədri Qiqla Aqulaşvili bildirib.

 

Komitə sədri Gürcüstanda yaşayan soydaşlarımızın kompakt yaşadığı Saqareco, Qardabani və Marneuli rayonlarında torpaqların alınması və özəlləşdirilməsi məsələlərində olan nöqsanlara da münasibət bildirib: "Bu məsələlərlə bağlı biz keçən il moratorium elan etdik və öhdəlik götürdük ki, torpaqla bağlı nöqsanlara maraqlı insanların iştirakı ilə baxılsın və əcnəbilərə torpaq satılması məsələsi hələlik dayandırılsın. Əvvəllər hər bir insan məhdudiyyət qoyulmadan nə qədər torpaq istəsə, ala bilərdi. Bu məsələdə əcnəbilər fırıldaqçılar və əvvəllər dövlət qulluqçuları olmuş şəxslərlə əlbir olaraq, kənd təsərrüfatı torpaqlarına sahib çıxırdılar. Bundan da bizim vətəndaşlar əziyyət çəkirdilər. Çünki onlara düzgün məlumat verilmirdi. İndi bu proses açıq olacaq. Biz bu qanunu qəbul edərkən özəlləşdirilmiş torpaqların satılmasına qadağa qoymuruq, hökumətin yeritdiyi siyasət çərçivəsindən kənara çıxmırıq. Bilirik ki, Gürcüstanda əkin torpaqları çox azdır, lakin 700-800 min nəfər torpaq sahibi var. Orta hesabla hər adama 1 və 1,5 hektar torpaq düşür. Bu, çox azdır. Buna görə də vətəndaşlarımızın torpaq alqı-satqısı hüquqlarını pozmaq istəmirik".

 

Q. Aqulaşvili bildirib ki, qanun qəbul edildikdən sonra əcnəbi vətəndaşların müəyyən edilmiş şərtlərlə torpaq almağa qadağa qoyulmayıb: "Gürcüstan parlamentində qanun qəbul edildikdən sonra fiziki şəxs olaraq əcnəbi vətəndaş 5 hektardan 20 hektaradək torpaq ala bilər. Bu sahədə hökumətin təşəbbüsü ona aparıb çıxarır ki, torpaq sahibləri müasir texnologiyadan və texnikadan istifadə etməklə torpağı biznes sahəsinə çevirsinlər. Bu prosesdə yerli sakinlər də iştirak edəcəklər və əvvəl baş verən anlaşılmazlıqlar olmayacaq. Lakin əcnəbilərin torpaq sahibi olması üçün bir neçə şərtin olması vacibdir. Əcnəbi vətəndaş Gürcüstanda ailə qurarsa, ona ölkədə yaşamaq hüququ veriləcək. Bu qanun aktı ilə torpaq almaq istəyən və torpağı müasir texnologiyadan istifadə edərək becərən şəxslər üçün torpaq və digər məsələlərlə bağlı alqı-satqı prosesi açıqdır. Əgər parlament "Gürcüstanda kənd təsərrüfatı torpaqlarına sahib olmaq haqqında" qanun layihəsini qəbul etsə, bu sahədə heç bir problem olmayacaq. Bu qanunun qəbul edilməsi nəticəsində əcnəbi vətəndaşların Gürcüstanda torpaq alması və özəlləşdirməsi məsələsində heç bir hüquqi çəpər olmayacaq".

 

Gürcüstan parlamentinin aqrar komitəsinin sədri iki il öncə əvvəl torpaqların İran, Hindistan və digər ölkələrdən gələn şəxslərə satılması məsələsinə aydınlıq gətirib: "Əlbəttə ki, bununla əlaqədar çoxlu narazılıqlar var. Əgər vətəndaşların hüquqları pozulubsa, onlar məhkəməyə müraciət etməlidirlər. Gürcüstanda azərbaycanlılar da mütəmadi olaraq torpaq məsələləri ilə bağlı şikayət edirlər və çox vaxt onlar parlamentin aqrar komitəsinə müraciət edirlər. Sözsüz ki, biz onlara öz məsləhətlərimizi veririk. Narazı olan vətəndaşlarımız ölkə prokurorluğuna müraciət etməlidirlər. İndiyədək prokurorluğa 25 min ərizə daxil olub. Prokurorluq bu ərizələri tədricən araşdırır".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR