Bağışlamaq həm tərbiyədir, həm sağlamlıq

Bağışlamaq həm tərbiyədir, həm sağlamlıq
19:42 23 Yanvar 2015
272 Sosial
Ölkə mətbuatı
A- A+

Ailədə tərəflər bir-birini anlayacaq, qarşılıqlı güzəşt edəcəklər. Əgər belə olmasaydı, ailə həyatı davam etməz və qısa bir zaman ərzində hərə üzünü bir tərəfə tutardı. Ailə fərdlərin uzlaşması, bir-birini başa düşməyə çalışması, eyni dəyərlər və məqsədlər ətrafında birləşməsidir. Ona görə də el arasında deyirlər ki, evliliyin ilk illəri ərlə arvadın bir-birinə uyğunlaşma, uzlaşma müddətidir. Daha doğrusu, ilk illərdə tərəflər bir-birini daha taxından tanıyır və uzlaşma yollarını müəyyən edirlər. Əgər uzlaşma olmasa, ailədə ən kiçik məsələ belə ən böyük problem halına gələ və ağır nəticələr doğura bilər.
 
Uşaqlarla münasibətdə bağışlamaq məsələsi daha həssas olur. Əgər uşağın hər xətasına göz yumsanız, sizin bu davranışınız onda müəyyən qədər məsuliyyətsizlik duyğusu oyadar. Ona görə də xətalarını ona başa salmaq lazımdır. Amma xətanın cəzası da uşağın qəlbini qıracaq, onu sizdən soyudacaq qədər ağır olmamalıdır. Məsələn, uşağınız notbuku masanın üstündən salaraq sındırıb. Siz o notbuku almaq üçün bir il hazırlaşmışdınız, onun yaddaşında çox gərəkli yazılarınız var. Amma nə qədər dəyərli, nə qədər gərəkli olursa olsun, o notbuk övladınızdan əziz deyil ki?! Cəza olacaq, həm də elə cəza ki, uşaq onu könüllü qəbul edəcək, xətasının qarşılığında onu çəkməli olduğunu biləcək, amma o cəza üçün sizdən küsməyəcək, sadəcə, daha da diqqətli olmaq və bir də o cür xəta eləməmək haqda düşünəcək. Məsələn, cəza olaraq, siz bir müddət üçün uşağa cizgi filminə baxmağı yasaq edəcəksiniz. Niyə?- Çünki o, cizgi filmini çox sevir. İki, ya üç gün belə davam edəcək və bir axşam siz evdə hamılıqla oturub “məsələ”ni müzakirə edəcək və cəzanı aradan qaldırmaq qərarı verəcəksiniz. Qərar verərkən də “cəzalı”nın bu müddət ərzində peşman olduğunu, özünü yaxşı apardığını, xətasını etiraf etdiyini xüsusi vurğulayacaqsınız. Nəticədə nə olacaq, düşünürsünüzmü?- Uşaq məsuliyyət hiss edəcək və sizin bu davranışınız onun üçün gözəl bir tərbiyə olacaq.
 
Vəhşini mələyə çevirən mərhəmət
 
Bir əmin, uşaqlıq yoldaşın, can sirdaşın, bəlkə də, süd qardaşın, sinəsini sənin üçün düşmən qılıncına sipər edən, yolunda canını verməyə hazır, olmayan qardaşından da əziz bir insanın ola, Həzrəti Həmzə kimi. Və namərd düşmən ona duzaq qura, nizə ilə köksünü hədəf alıb şəhid eləyə, sonra sinəsini parçalaya, ürəyini, ciyərini çıxarıb, onu bu işə təhrik edən kafirlərin önünə ata.., belə birisini bağışla görüm necə bağışlayırsan. Amma o bağışlaya bildi, peyğəmbər sifəti ilə bağışladı, insan sifəti ilə də o qatilə dedi ki, mümkün qədər onun gözünə az görünsə yaxşı olar, çünki hər görünüşdə Həzrəti Həmzə kimi bir fədakar dostu xatırladır. Vəhşi kəlmeyi-şəhadət oxuyub, müsəlmanlar cərgəsinə girdi və Həzrəti Həmzəni şəhid edərkən Rəsulullah (s.ə.s.) başda olmaqla bir vücud halına gəlmiş səhabələrin qəlbini necə yaraladığını anladı, anladıqca da ona yönəlmiş bu mərhəmətin ağırlığı altında qalıb əzildi. Əzildikcə də ayıldı, oyandı və törətdiyi cinayətin doğurduğu ağrı-acını, göz yaşlarını gördü və üzüntüdən dəli olmaq dərəcəsinə gəldi. Adı Vəhşi olsa da, Həzrəti Həmzə kimi uca bir zatı şəhadətə yetirəndən sonra içindəki vəhşini də peşmanlıq, üzüntü kəndirindən asan bu səhabənin dünyada Rəsulullahın (s.ə.s.) xoş bir təbəssümündən başqa, heç bir təmənnası yox idi. Cihaddan cihada qatıldı, şəhid olmaq istədi, amma qismət olmadı. Məsciddə namaz qılınarkən ən arxa sırada dayanar, hər kəsi özündən Rəsulullaha (s.ə.s.) daha yaxın görərdi. Bircə dəfə göz-gözə gələydilər, tək bircə dəfə və Allah Rəsulu ona təbəssümlə baxaydı. Gecə-gündüz dualarında, yalvarışlarında bu vardı. Amma Rəsulullahın (s.ə.s.) haqq dünyasına köçməsi ilə Vəhşinin bu arzusu da gözündə qaldı, dünyası başına yıxıldı. Əgər imkanı olsaydı, Onun yerinə min dəfə ölərdi, təbəssüm dolu o bircə baxış üçün min canı olsa, minini də qurban verərdi. Amma Rəsulullah (s.ə.s.) bu dünyadan köçmüş, Vəhşi kədərin əlindən vəhşiyə dönmüşdü. Amma Müseyləmə adında yalançı bir peyğəmbərin meydana çıxdığını eşidən kimi üzünə bir imkan, bəraət qapısı açıldığını anladı. Bir zaman Həzrəti Həmzənin köksünə sapladığı nizə ilə bu yalançını öldürəndən sonra onun yanında yerə çökdü və göz yaşları içində başını göylərə qaldırıb: “Bəs indi necə, indi bağışlaya bildinmi, ya Rəsulullah?”- fəryadı ilə dağları, daşları lərzəyə gətirdi.
 
Qisasdan mərhəmətə
 
Qisas hissi ilə yaşamayın, sevdiklərinizi bağışlamağa çalışın. Heç gözləmədiyiniz halda bir dostunuz, yaxınınız sizə qarşı qaba bir hərəkət edə bilər. Güclü adam ilk anda əsəblərinə qalib gəlib, səbir etməyi bacarandır. Əlbəttə, aciz, qorxaq, məzlum duruma düşməkdən, düşmən qarşısında boyun bükməkdən danışmırıq, dostdan-yaxından, tanıdıqlarından, bildiklərindən danışırıq. Əgər haqlısansa, niyə də narahat olasan axı? Gec-tez peşman olub, üzr istəməyə gəlməyəcəkmi?- Əlbəttə, gələcək. Tələsməyin, səbir adlı ən uğurlu taktikanı əldən verməyin. Allahı düşünərək bağışlayın. Əgər bacarsanız, bir gün görəcəksiniz ki, sadəcə, qarşı tərəfi deyil, həm də özünüzü tərbiyə edə bilmisiniz: bağışlaya bilməyin zövqünü yaşayırsınız.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR