Şumaxerlər diyarı - Azərbaycan

Şumaxerlər diyarı - Azərbaycan
22:03 23 Yanvar 2015
401 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan xəbərlər xidməti

Məftun Salmanov - Trend:

Ötən il dünya şöhrətli alman pilot Mixael Şumaxer xizək sürərkən qəzaya uğrayaraq komaya düşəndə dünyada xeyli insan çox təəssüfləndi. Onlar dünyaya bir daha Şumaxer kimi pilotun gəlməcəyinə görə kədərləndilər. Amma əbəs yerə.

Əgər həmin insanlar Bakıda ictimai nəqliyyatda sərnişin avtobuslarından istifadə etsəydilər, bu cür düşünməzdilər. Onlar öz gözləri ilə görərdilər ki, Odlar diyarında alman pilotun layiqli davamçıları var. Paytaxtın avtobus sürücülərinin yollarda nümayiş etdirdikləri sürət yarışına Şumaxer belə qibtə edərdi.

Sürücülərimizlə Şumaxer arasında daha bir oxşarlıq alman dəqiqliyinin olmasındadır. Cədvələ uyğun hərəkət edən sürücülər bir-birinin vaxtına girilməsindən heç xoşlanmırlar. Belə neqativ hal olarkən isə alman intizamını əsas gətirərək qabağa düşmək üçün başlayırlar yolda ötüşməyə.

"Taksi" kinosunun qəhrəmanı bizim avtobus sürücülərinin yanında heç nədir. 20 qəpik üçün polisə, piyadaya məhəl qoymayaraq, yolda "Formula 1" pilotu kimi şütüyərək sərnişini təyin olunmuş məntəqəyə hamıdan tez çatdıran sürücülərimiz var.

Sürət həddinin aşılmasına görə qəzaların baş verməsi və sərnişinlərin ölməsi halları da sürət və 20 qəpik sevgisini öldürə bilmir. Lakin nədənsə gecələr avtobus sürücüləri "tısbağa" sürətinə keçərək 10 dəqiqəlik yolu 1 saata qət edirlər.

Sərnişinlər ünvana tez çatsalar da, "kartof" kimi daşınmalarından şikayətçidirlər. Nəzərə alsaq ki, sürücülərin əksəriyyəti kənd və rayonlarındandır, burada qeyri-adi bir şey yoxdur. Görünür, kənddə əsas nəqliyyat vasitəsi kimi at və eşşəklə yük daşımış sürücülər hələ də bu nostalgiya ilə yaşayırlar.

Yolun ortasında avtobusları dayandıraraq iki sürücünün söhbət etməsi və nəticədə tıxacın yaranması isə yalnız Bakıya məxsus mənzərədir. Bu cür sürücülər və "avtoşluq" edənlər Azərbaycan Avtomobil Federasiyasına müraciət etsələr, onlar da arzularına çatar, sərnişinlərin də canı qurtarar.

Deyilənə görə yaxın aylarda Bakıda ictimai nəqliyyatda nağdsız ödəniş sisteminə keçildikdən sonra belə mənfi hallara son qoyulacaq. Bizə isə həmin vaxta qədər dözmək və gözləmək qalır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR