Yeni Windows-da nə var

Yeni Windows-da nə var
22:27 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Microsoft Korporasiyası yeni Windows 10 əməliyyat sistemini təqdim edib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, təqdimatda çıxış edən Windows istehsalı şöbəsinin rəhbəri Terri Mayerson qeyd edib ki, Microsoft Korporasiyası təkmilləşməsi vacib olan sahələri müəyyənləşdirib – bunlar mobillik, etibar və təbii qarşılıqlı əlaqə. Onun sözlərinə görə, Windows 10 əməliyyat sistemindən daha çox istənilən qurğu ilə qarşılıqlı əlaqə yarada bilən xidmətdir. Windows Phone 8.1, Windows 8 və Windows 7 istifadəçiləri üçün Windows 10 il ərzində tam pulsuz olacaq.
 
Korporasiyanın nümayəndəsi bildirib ki, Microsoft əvvəlki Start menyusunu qaytarıb və yeni əməliyyat sistemində onu ekran boyu uzatmaq imkanı mövcuddur, lakin istənilən zaman onu Windows 7-dəki kimi kiçiltmək olar.
 
Yeni əməliyyat sistemində əhəmiyyətli yeniliklərdən biri Cortana səs köməkçisinin bütün qurğular tərəfindən dəstəklənməsidir. Köməkçinin xüsusiyyəti onun təlimi və fərdiləşdirilməsidir – istifadəçilərlə qarşılıqlı əlaqə zamanı Cortana müvafiq məlumat toplayır və onu gələcəkdə daha uğurlu qarşılıqlı əlaqə üçün istifadə edir.
 
Daha bir yenilik əvvəl anons olunmuş Spartan brauzeridir. Onun əsas xüsusiyyətindən biri – brauzer rejimində səhifələrdə qeydlərin saxlanılmasıdır. Onları qoruyub saxlamaq, həmçinin paylaşmaq üçün elektron poçt və ya sosial şəbəkələrdən istifadə etmək mümkündür. Bundan başqa, Spartan brauzerinə də Cortana səs köməkçisi quraşdırılıb.
 
Microsoftun təqdimatında əsl innovativ məhsul əlavə edilmiş reallıq eynəkləri olub. Holoqrafik təsviri gözün tor qişasına proyeksiya salan qurğuya HoloLens adı verilib. Eynəklərə xüsusi olaraq HoloStudio proqramı hazırlanıb ki, bu proqram istifadəçilərə yaradılan 3D obyektlərinin mübadiləsinə, həmçinin 3D printer vasitəsilə alınmış şəkilləri çap etməyə imkan yaradır.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/320584.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR