5 yaşlı uşaq baba ilə ata arasında qalıb (VİDEO)

5 yaşlı uşaq baba ilə ata arasında qalıb (VİDEO)
23:41 23 Yanvar 2015
228 Ölkə
Ölkə mətbuatı
A- A+

Baba himayəsində olan 5 yaşlı nəvəni valideynlərinə qaytarmaq çox müşkül məsələyə dönüb.

Gənc valideynlər 5 yaşlı oğullarına həsrət qalıb. Uşağı onlardan ayıran isə heç də yad insan deyil, elə balacanın doğma babasıdır. Ana Nurtən Paşayeva 5 yaşlı Rafilin 6 aylığından atasıgildə qaldığını deyir. Amma bir ildir onu geri almaq istəsələr də uşağı onlara vermirlər. Rafilin atası Pərviz Paşayev də qaynatasından şikayətçidir. Deyir oğlu 5 aylıq olanda xəstəxanada yatdığından uşağı qaynatasıgil evlərinə aparıb. Sonradan isə onu babadan almaq qəliz məsələyə çevrilib. Hətta babanı məhkəməyə də verib işi udublar. Amma oğullarını ala bilməyiblər. Atanın sözlərinə inansaq, uşağı ondan soyutmaq üçün hər cür üsula əl atırlar.

“Uşaq gecə yatmayanda, çölə çıxanda qorxudurlar. Elə qorxudurlar, uşaq isə bizi tanımır” – deyə uşağın atası Pərviz Paşayev bildirdi.

Qubanın Rustov kəndində yaşayan Baba Qədirovun uşağın öz istəyilə onda qaldığını israr etdi. Az sonra biz balaca Rafili də yanımızda gördük. Ondan soruşanda ki, babanı yoxsa atanı - Pərvizi istəyirsən? Uşaq inadla babasını göstərdi.

Balaca Rafil eşidəndə ki, küçədə dayanan atası onunla görüşmək istəyir, o, buna da ciddi şəkildə etiraz etdi.

Baş verənlərdən məmnun görünən Baba Qədirov isə bunları söylədi: "Uşaq nə zaman valideyinlərinin yanına getmək istəsə o zaman da gedəcək".

Quba rayon məhkəməsinin icra şöbəsinin rəisi İsrafil Mustafayev bildirdi ki, Pərviz Paşayevin lehinə qəbul edilən məhkəmə qətnaməsinin icra olunması üçün 2014-cü ilin may ayında iki dəfə uşağın babadan alınıb, valideynlərinə verilməsinə cəhd olunsa da, Rafil özü qəti şəkildə bundan imtina edib. Və açıq-aşkar babasına meylli olduğunu göstərib.

Uşağın zorla baba ailəsindən alınıb doğma valideynlərinə verilməsi azyaşlının psixi durumuna mənfi təsir edə bilər deyə qətnaməni icra etmək mümkün olmayıb. Belə olan halda valideynlərin Rafilin böyüyüb ağlı kəsən yaşa çatmasını gözləmək və bir də hər cəhdlə özlərini ona sevdirməkdən başqa yolları qalmır.

Mənbə
ANS TV: Aytəkin Alxaslı


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR