Məktəbdə sevgi şoku: o, bir də gələcək...

Məktəbdə sevgi şoku: o, bir də gələcək...
00:22 24 Yanvar 2015
540 Sosial
Ölkə mətbuatı
A- A+

- Ay qız, dərs oxu!..
- Neynirəm eeee... Biş-düş bilirəm, paltar yumaq bilirəm, ev təmizləmək bilirəm. Ərə gedib, uşaq saxlayacam...
Qardaş müdaxilə edir:
- Yaxşı, tutaq, ərə getdin, üç də uşağın oldu, ərin qazandı gətirdi, sən də yedin. Bəs bir gün ərin ölsə? Sənətin yox, savadın yox, neyləyəssən?
- Ölsə də, ölsün də, ayrısına gedəcəm...

Sevgi ülvi bir hisdir və sevib-sevilmək hər bir insanın öz seçimidir. Amma zamanında. Hər zaman öz aktuallığını qoruyan sevgi mövzusu məktəblilərin də yaralı yeridir. Hər zaman yaşından böyük görünmək istəyənlər, böyük və nizamsız addımlar atırlar. Aşağı siniflərdən tutmuş, məktəbi bitirənə kimi əksər şagirdlərin ən azı bir sevgi hekayəsi olur. Məktəblilərin yaşadığı bu sevgilərin bir hissəsi normal ayrılıqla, digəri isə böyük fəsadlarla sona çatır. Cüzi hallarda isə məktəb sevgisi evliliyə kimi gəlib çıxır.

Əksəriyyəti ayrılıqla bitən sevginin yaşatdığı yaralar ciddi izlər qoyur. Universitetə hazırlaşan məktəblilərin imtahana bir müddət qalmış sevgi şoku yaşaması onların nəinki həyatına, təhsilinə də böyük zərbə endirir. Depressiyaya düşmüş uşaq, əsasən, sevgilisi haqqında düşünür və belə olduqda təhsil də daxil olmaqla hər şeyə laqeyd yanaşır. İmtahan zamanı isə zəif nəticə ilə kəsilir.

Məktəbdə ötəri sevgi halları insanı gələcəyindən məhrum edə bilir. Ötəri hisslərin qoyduğu izlər çox vaxt silinməz yara olaraq qalır. Sonralar bu yaraların yeri olmazın peşmançılıq hissi ilə sızlayır. Təbii ki, "sonrakı peşmançılıq fayda verməz". Məktəb həyətındakı qısamüddətli sevgilər və ayrılıqlar daha sonradan onların psixoloji durumuna da mənfi təsir edir. Hətta bəziləri ümidsizliyə qapılaraq, sanki, dünyanın sonuymuş kimi intihar edir.

Milli.Az-a bu situasiya ilə bağlı fikrlərini bölüşən Peşəkar Psixologiya Mərkəzinin psixoloqu Türkan Babayeva bildirdi ki, yeniyetməlik dövründə ünsiyyət ən əsas tələbatlardan birinə çevrilir: "Münasibətlər daha fərqli forma alır. Əks cinsə maraq oyanır. Bu yaş dövrünə qədər öz həmcinsi ilə ünsiyət önəmli idisə, artıq bu dövrdə əks cinsə münasibət ön plana keçir. Sevgi hissi daha qabarıq şəkildə özünü büruzə verir. Qızlar oğlanlara nisbətən bu hiss ilə daha tez tanış olurlar. Bəzən onlar özlərindən yaşca böyük insanlara meylli olurlar. Belə hallar tez-tez gördükləri insanlara qarşı ola bilər. Məsələn: məktəbdəki müəllimi  və ya yuxarı sinifdəki oğlanlar. Yeniyetmələrin sevgi olayları dərs müvəffəqiyyətlərinə də təsir edir. Onlar dərsə qarşı maraqsız, diqqətsiz olur, dərslərdən tez-tez yayınır, hətta bəzən də dərslərdə iştirak etmirlər. Ayrılıq yaşayan yeniyetmələrin depressiya, özünəqapanma, aqressivlik, bəzən isə intihara cəhd hallarına da rast gəlirik. Yeniyetmələrin sevgi yaşaması faciə deyil. Valideynlər təmkinli olaraq övladlarını anladıqlarını hiss etdirib bunun üçün erkən olduğunu uyğun şəkildə başa salsınlar. Bunlar keçici hisslərdir. Burada valideynlərin anlaması, bununla bağlı mübahisəyə girməməsi, eyni zamanda da nəzarəti itirməməsi şərtdir".

Həyatda bəziləri bir, bəziləri isə bir neçə dəfə sevib-sevilir. Su gələn arxa bir də gəlir. Zaman ən doğru anı seçir. Başınızı aşağı salıb dərsinizi oxuyun, sevgi qaçmır. Qaçsa belə, hələ gəncsiz çatıb tuta bilərsiniz...

Niyaməddin Şirinov
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR