Vaşinqton, 24 yanvar, AzərTAc.
ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri Stiv Kohen 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı bəyanatla çıxış edib.
Konqresmen 1990-cı ilin 20 yanvar tarixində keçmiş SSRİ rəhbərliyinin əmri ilə Bakıya daxil olmuş sovet ordusunun Azərbaycanda güclənən müstəqillik hərəkatını boğmaq məqsədilə dinc nümayiş keçirən mülki şəxslərə hücum etdiyini və nəticədə arasında qadın və uşaqların da olduğu 140-dan insanın öldürüldüyü, habelə yüzlərlə insanın yaralandığı və itkin düşdüyünü bildirib. Konqresmen bu hadisəni kommunist rejiminin çökməsinin qarşısını almaq üçün SSRİ-yə daxil olan digər respublikalardakı müstəqillik hərəkatları üçün xəbərdarlıq kimi qiymətləndirib.
Konqresmen Kohen sovet rəhbərliyinin gözləntilərindən fərqli olaraq, 20 Yanvar hadisəsinin Azərbaycan xalqını daha da birləşdirdiyini və proseslərin Azərbaycanın müstəqilliyini elan etməsi ilə nəticələndiyini bəyan edib.
Sonda konqresmen bu gün Azərbaycanın dinamik inkişaf edən bir dövlətə çevrildiyini və ölkədə demokratik dəyərlərin və azad bazar iqtisadiyyatının bərqərar olduğunu qeyd edib.
Yusif Babanlı
AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton