4 minə yaxın mənzilin və cihazların qaz təchizatı dayandırıldı

15:53 26 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

“Azəriqaz” İB tərəfindən noyabr ayında 14 676 mənzilə texniki baxış keçirilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na uyğun olaraq, ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyinin “Qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsi”nin əməkdaşları tərəfindən cari ilin noyabr ayı ərzində 14 676 (o cümlədən Binəqədi Qaz İstismar Sahəsi üzrə 2219, Xətai Qaz İstismar Sahəsi üzrə 862, Yasamal Qaz İstismar Sahəsi üzrə 3368, Nərimanov Qaz İstismar Sahəsi üzrə 839, Nizami Qaz İstismar Sahəsi üzrə 2795, Suraxanı Qaz İstismar Sahəsi üzrə 532, Nəsimi Qaz İstismar Sahəsi üzrə 1690, Xəzər Qaz İstismar Sahəsi üzrə 275, Qaradağ Qaz İstismar Sahəsi üzrə 1348 və Səbail Qaz İstismar Sahəsi üzrə 748) mənzildə texniki baxış və profilaktik xidmət işləri keçirilib, istehlakçılara təbii qazdan istifadə qaydaları üzrə təlimatlar verilib.

Həyata keçirilən texniki baxış zamanı mətbəxin və ya vanna otağının həcminin normaya uyğun olmaması, vanna otağının qapısında dəliklərin olmaması, vanna otağının qapısının içəri açılması, qaz xətlərinin qapalı yerlərdən aparılması, mətbəx və ya vanna otağının yerinin dəyişdirilməsi, qeyri-standart və nasaz qaz cihazlarından istifadə olunması, qaz xətlərinin rezin şlanq vasitəsilə çəkilməsi, tüstü borularında, ventilyasiya kanallarında hava çəkiminin normal olmaması, istehlakçıların mənzillərində xəbərdarlıqdan sonra belə texniki baxış keçirməyə şərait yaratmaması kimi qanun pozuntuları aşkar olunub, 3903 (Binəqədi QİS üzrə 342, Xətai QİS üzrə 376, Yasamal QİS üzrə 1095, Nərimanov QİS üzrə 89, Nizami QİS üzrə 562, Suraxanı QİS üzrə 154, Nəsimi QİS üzrə 609, Xəzər QİS üzrə 132, Qaradağ QİS üzrə 351 və Səbail QİS üzrə 193) istehlakçının mənzilinin və ya ayrı-ayrı cihazların qaz təchizatı müvafiq qaydada dayandırılıb.

Təbii qazdan təhlükəsiz istifadə olunması və gələcəkdə baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədi ilə bundan sonra da texniki baxışlar davam etdiriləcək. “Azəriqaz” İstehsalat Birliyi istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR