Filialların onlayn qeydiyyatı “Elektron hökumət”ə inteqrasiya olunub

11:18 24 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 24 yanvar, AzərTAc
Vergilər Nazirliyi ilə Məlumat Hesablama Mərkəzi tərəfindən aparılan birgə işlər sayəsində yeni elektron xidmətlər “Elektron hökumət” portalına inteqrasiya olunub. Onlardan biri də “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin onlayn qeydiyyatı” ilə bağlıdır.
Bununla bağlı AzərTAc-a nazirlikdən məlumat verilib. Bu xidmət rezident vergi ödəyicisinin filialının, nümayəndəliyinin elektron qaydada qeydiyyata alınmasını əhatə edir. Elektron xidmət iki iş günü ərzində yerinə yetirilir. Xidmətin göstərilməsi üçün ödəniş tələb olunmur. Onun istifadəçiləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirilmə nömrəsi (VÖEN) almış hüquqi şəxslərdir.
Xidmətin göstərilməsi üçün vergi ödəyicisinin filialının, nümayəndəliyinin vergi uçotuna alınması barədə ərizə, filialın, nümayəndəliyin əsasnaməsinin surəti, filialın, nümayəndəliyin rəhbərinin təyin edilməsi barədə qərarın surəti, filialın, nümayəndəliyin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanını təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədin) surəti tələb olunur. Ərizədə olan məlumatlar
xidmətin təqdim edildiyi elektron ünvandan interaktiv şəkildə sistemə daxil edilir.
Vergi ödəyicisinin filialının, nümayəndəliyinin qeydiyyatı ilə bağlı bütün əməliyyatlar başa çatdıqdan sonra “İrəli” düyməsi sıxılır. Bu halda daxil edilmiş məlumatların yoxlanılması üçün təsdiqləmə ekranı gəlir. İstifadəçi məlumatların doğruluğuna əmin olduqda təsdiqləmək üçün “Qəbul” düyməsini basır. İmtina etmək üçün isə eyniadlı düyməni sıxır. Təsdiqdən sonra ekrana “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin qeydiyyata alınması barədə ərizə”nin icraya qəbul edilməsi barədə bildiriş çıxır.
Məlumatda vurğulanır ki, bu ərizəni ancaq vergi ödəyicisi olan rezident hüquqi şəxslər təqdim edə bilər. Filialın, nümayəndəliyin fəaliyyət növü vergi ödəyicisinin fəaliyyət növləri arasında olmalıdır. Vergi ödəyicisinin filialının, nümayəndəliyinin ən azı bir fəaliyyət növü olmalıdır və o əsas fəaliyyət kimi qeyd edilməlidir. Əks halda, qeydiyyat ərizəsinin icraya qəbul edilməsindən imtina edilir. Bütün bunlara sistem tərəfindən avtomatik nəzarət olunur və ekrana müvafiq mesajlar çıxır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR