Bakı sakinlərinin sinirlərini gərən "avtoş"un başı qalmaqalda - VİDEO

Bakı sakinlərinin sinirlərini gərən "avtoş"un başı qalmaqalda - VİDEO
11:47 24 Yanvar 2015
156 Sosial
Ölkə mətbuatı
A- A+

Yol polisinin üstünə maşın sürən sürücüyə qarşı cinayət işi açılıb, ən azı 3 il həbs gözləyir.
Xəbər verdiyimiz kimi, yanvarın 16-dan 17-nə keçən gecə Bakıda Dövlət Yol Polisi İdarəsinin keçirdiyi reyd zamanı tabesizlik göstərərək qaçmağa çalışan sürücü saxlanılıb.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, "BMW" markalı, 90 SF 036 dövlət nömrə nişanlı avtomobili idarə edən sürücünün sərxoş olduğu şübhəsi yarandığı üçün yol polisləri ona "saxla" işarəsi veriblər. Sürücü əvvəlcə dayanıb. DYP əməkdaşı maşından düşüb ona yaxınlaşanda isə avtomobili işə salaraq qaçmağa başlayıb. DYP əməkdaşları onu təqib etdikdə Yasamal rayonu ərazisində olduqca təhlükəli hərəkətlər edərək gizlənməyə çalışıb. "Statistika dairəsi" adlanan ərazidə, keçmiş Əzizbəyov heykəlinin qarşısında təhlükəli manevrlər edən sürücü Nərimanov heykəlinin ətrafında da "şou" göstərib. Onu təqib edən yol polisi əməkdaşlarının həyatına təhlükə yaradan sürücü hətta maşını onların üstünə sürərək qəza şəraiti yaradıb.

Sonra yenidən Parlament prospektinə çıxan sürücü işıqforun tələbinə əhəmiyyət vermədən "avtoş"luq etməyə başlayıb. Mətbuat prospektində də yol polislərindən qaçmağı bacaran sürücü az sonra "Favorit" marketin ətrafında öz əməllərini davam etdirib. Bir qədər sonra isə ara məhəllələrdə yoxa çıxsa da, yol polisləri onu yaşadığı evin həyətində tapıblar. Polisləri görən kimi maşından düşüb qaçmağa çalışan sürücü yaşadığı binanın blokunda saxlanılıb. Əvvəlcə əməlini etiraf etməyən sürücüyə az sonra atası və qardaşı, eləcə də qonşuları dəstək verərək polislərə hücum çəkiblər. Əraziyə Post-Patrul Xidməti çağırılıb. Sonradan isə avtomobili idarə edən şəxsin kimliyi müəyyən edilib.

Məlum olub ki, bu, 1988-ci il təvəllüdlü Həsənov Orxan Mahir oğludur. Avtomobil isə onun dostu Günəşov Aslan Abdulla oğluna məxsus olub. Dost maşınını sürücülük vəsiqəsi olmadan idarə edən Orxan Həsənovla bağlı toplanmış materiallar Yasamal rayon Prokurorluğuna göndərilib. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, prokuorluqda Orxan Həsənov barəsində Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə cinayət işi açılıb.

Maddə 315. Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə
315.1. Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, zor tətbiq etməklə müqavimət göstərmə və ya onun yaxın qohumlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmə və ya belə zor tətbiq etmə hədəsi ilə hədələmə - üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
315.2. Bu Məcəllənin 315.1-ci maddəsində göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
İlkin dindirmə zamanı avtomobilin sahibi Aslan Günəşov bildirib ki, maşını dostu Orxana sürmək üçün verib. Lakin qəflətən yol polisi onları saxlatdırdığı üçün Orxan qaçmaq qərarına gəlib. Aslanın dediyinə görə, yol polisindən qaçarkən dəfələrlə Orxanın qolundan tutaraq dayanmasını xahiş etsə də, dostu onu eşitməyib.

Dostlar bu qayda ilə yol polisindən qaçsalar da, sonda gizlənmək üçün öz məhəllələrinə gəliblər. Burada isə qaça bilməyiblər. Aslan qaçıb gizlənə bilsə də, Orxan yaxalanıb. Yaxalanan zaman yol polisinə xəsarət yetirib, nəticədə DYP əməkdaşı xəstəxanaya düşüb. Orxan isə bir qədər sonra atasının köməyi ilə evlərinə gedib. Ertəsi gün videoçəkilişlər vasitəsilə Orxanın törətdiyi əməl atasına da sübut olunub. Bundan sonra toplanmış materiallar prokurorluğa verilib.

Məlumata görə, Orxan Həsənov əvvəllər də xəsarətlə nəticələnən yol qəzası törətdiyi üçün məhkumluq həyatı yaşayıb. Həmçinin onun atası Mahir Həsənovun da məhkumluq həyatı olub.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.


фото


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/320715.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR