"İtkin düşmüş 31 nəfərin işğalda olan ərazilərdə saq olması ehtimalı var"

"İtkin düşmüş 31 nəfərin işğalda olan ərazilərdə saq olması ehtimalı var"
12:54 24 Yanvar 2015
99 Ölkə
Ölkə mətbuatı
A- A+

4009 nəfər itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdadır

 

 

"Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 31 nəfərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə sağ-salamat qalması və əsir-girov götürülməsi ehtimalını yaradan faktlar müəyyənləşib".


 

APA-nın məlumatına görə, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Firudin Sadıqov Komissiyanın görülmüş işlərin yekunlarına dair iclasında çıxışı zamanı bildirib.

 

O, qeyd edib ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və onun İşçi qrupunun hesabat dövründə qarşısında duran vəzifələrin icrası istiqamətində plana uyğun surətdə fəaliyyətin davam etdirilib. Əsas vəzifəsi itkinlərin axtarışı, əsir-girov götürülmüş şəxslərin azad olunması, o cümlədən atəşkəsin pozulması və ya digər səbəblərdən həyatını itirmiş insanların meyitlərinin qaytarılması işinin təşkili olan Dövlət Komissiyası beynəlxalq təşkilatlarla aparılan səmərəli əməkdaşlıq nəticəsində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində cari hesabat dövründə 8 humanitar proses həyata keçirib. 

 

Qeyd olunub ki, Tərtər rayonu ərazisində, qoşunların təmas xəttində 2014-cü il sentyabrın 5-də yolu azaraq Ermənistan hərbçilərinin nəzarəti altında olan əraziyə keçmiş və girov götürülmüş Azərbaycan Respublikasının vətəndaşı, 1999-cu il təvəllüdlü Cavid Müzəffərzadə 2014-cü il sentyabrın 11-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə azad edilib və ailəsinə təhvil verilib.

 

2012-ci il iyulun 26-da Azərbaycan Respublikasının Tovuz rayonunun Ermənistan Respublikası ilə sərhəd ərazisində Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş - 1992-ci il təvəllüdlü Firuz Fərəcovun azad olunması istiqamətində BQXK-nın vasitəçiliyi ilə müvafiq tədbirlər davam etdirilib, lakin Ermənistan tərəfinin pozuculuq fəaliyyəti nəticəsində Firuz Fərəcov 2013-cü ilin avqustunda üçüncü ölkəyə göndərilib.

 

BQXK-nın yaxından iştirakı ilə Qazax rayonu ərazisində Ermənistanla sərhəd bölgəsində minaya düşərək həlak olmuş və minalanmış ərazidə qalmış 2 Azərbaycan vətəndaşının meyiti ərazidən çıxarılaraq yaxınlarına təhvil verilib. Qazax rayonunun işğal edilmiş Aşağı Əskipara kəndinin ərazisində 2013-cü il oktyabrın 6-da minaya düşdüyü bildirilən bir Azərbaycan vətəndaşının meyitinin çıxarılması ilə bağlı hazırda BQXK ilə müzakirələr aparılsa da, Ermənistanın bu məsələyə laqeyd yanaşması və hətta bu faktı inkar etməsi nəticəsində meyitin tapılıb ərazidən çıxarılması mümkün olmayıb.

 

Azərbaycan Respublikası isə beynəlxalq humanitar hüquq normalarına hörmətlə yanaşaraq, hesabat dövründə 12 ermənini azad edib, saxlanma yerində qəflətən ölmüş bir erməni hərbçisinin meyitini təhvil verib. Proseslər Azərbaycan-Ermənistan sərhədində və qoşunların təmas xəttində Müdafiə Nazirliyi ilə birlikdə BQXK-nın vasitəçiliyi ilə həyata keçirilib.

 

Eyni zamanda, 2010-cu il yanvarın 10-da üçüncü dövlətin ərazisində yaşamaq niyyəti ilə Azərbaycan Respublikasına qanunsuz keçmiş və o vaxtdan ölkəmizdə saxlanılan Ermənistan Respublikasının vətəndaşları olan 5 nəfərdən ibarət Gevorkyanlar ailəsi də aid olduqları ölkəyə könüllü qayıtmaq barədə müraciətləri əsasında qarşı tərəfə təhvil verilib. Lakin, 5 il ərzində respublikamızda beynəlxalq humanitar hüquq normaları çərçivəsində saxlanmış, müasir tipli yaşayış yeri, hər cür məişət texnikası, gündə üç dəfə yeməklə təmin edilmiş, müntəzəm olaraq tibbi müayinə və müalicə almış, daim aidiyyəti beynəlxalq qurumların baş çəkdiyi ailənin qayıtdıqdan sonra erməni xislətinə uyğun olaraq Azərbaycan əleyhinə danışacaqları nəzərə alınaraq, qabaqlayıcı tədbirlər görülüb.

 

Ötən dövr ərzində Dövlət Komissiyası və BQXK-də itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərlə bağlı mövcud olan siyahılar arasında dəqiqləşmənin aparılması və fərqin ortadan qaldırılması istiqamətində işlər davam etdirilib. Aparılmış işlərin nəticəsi kimi 22 nəfərlə bağlı dəqiqləşdirilmiş məlumatlar BQXK-nın Azərbaycandakı nümayəndəliyinə göndərilib.

 

Hesabat dövründə aparılmış araşdırma zamanı 11 nəfərin də atəşkəsə qədərki döyüşlərin gedişində itkin düşməsi faktı aşkar edilərək Dövlət Komissiyasında qeydiyyata alınıb və barələrində zəruri axtarış-araşdırma işinə başlanıb. 33 itkinin isə taleyi müəyyənləşdirildiyi üçün adları siyahıdan çıxarılıb, onlardan 6 nəfərinin həlak olduğu, 5 nəfərinin itkin düşmədiyi, 22 nəfərin isə adının siyahıda təkrar keçdiyi dəqiqləşdirilib. 2014-cü il dekabrın 10-na olan məlumata görə, 4009 nəfər itkin düşmüş, 1428 nəfər isə əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb.

Aparılmış axtarış-araşdırma tədbirləri nəticəsində 35 Azərbaycan vətəndaşının hərbi əməliyyatların gedişində Ermənistan hərbçiləri və erməni terrorçu-quldur birləşmələri tərəfindən əsir-girov götürülməsi və sonradan müxtəlif yollarla azad edilməsi faktı aşkarlanıb və onlar müvafiq qeydiyyata götürülüblər. Eyni zamanda, Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 31 nəfərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə sağ-salamat qalması və əsir-girov götürülməsi ehtimalını yaradan faktlar müəyyənləşdirilib.

 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR