Ukrayna və Azərbaycan həmişə bir-birinə dəstək olub

Ukrayna və Azərbaycan həmişə bir-birinə dəstək olub
12:59 24 Yanvar 2015
119 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 24 yanvar, Ülviyyə Məmmədli, AzərTAc
Ukrayna və Azərbaycan həmişə bir-birinə dəstək olub, xüsusən də ağır günlərdə. Ölkələrimiz arasında əlaqələr hər zaman yüksək səviyyədə olub.
Bu sözləri Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko AzərTAc-a müsahibəsində deyib.
Səfir Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniyanın Kansleri Angela Merkellə keçirdiyi mətbuat konfransında Ukraynanın ərazi bütövlüyü ilə əlaqədar BMT-nin Baş Məclisində aparılan səsvermədə Azərbaycanın bu ölkənin ərazi bütövlüyünü açıq şəkildə dəstəkləməsi ilə bağlı fikrini xatırlatdı.
O, rəsmi Kiyevin Azərbaycanın bu mövqeyini yüksək qiymətləndirdiyini söylədi. Diplomat bildirdi ki, bu gün Azərbaycan ərazisinin bir qismi işğal altındadır, Ukrayna müharibə şəraitində yaşayır, buna baxmayaraq əlaqələrimiz inkişaf edir.
Ukraynanın yüksək səviyyəli rəsmilərinin, o cümlədən parlamentin sədri və xarici işlər nazirinin bu yaxınlarda Bakıya səfərlərinin gözlənildiyini deyən diplomat həmin səfərlərin iki ölkə arasındakı əlaqələrin daha da inkişafına təkan verəcəyini vurğuladı.
A.Mişşenko son vaxtlar Ukraynada cərəyan edən hadisələrin ölkədə ticarət dövriyyəsini bir qədər zəiflətdiyini diqqətə çatdırıb. Ukraynadan Azərbaycana əsasən metal, ağır maşınqayırma sənayesi məhsulları ixrac olunurdu ki, bu da ölkənin hazırda müharibə şəraitində olan şərq hissəsindən həyata keçirilirdi. Bu səbəbdən ticari dövriyyədə rəqəmlər bir az aşağı düşüb. Buna baxmayaraq əməkdaşlığımızın bütün sahələrdə inkişafının dinamikliyini qoruyub saxlayırıq.
Səfir bu il Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarına Ukraynanın da ciddi hazırlaşdığını bildirib. O, Avropa Oyunlarında Ukraynanın 150-dən artıq idmançısının iştirak edəcəyini diqqətə çatdırıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ukrayna_ve_Azerbaycan_hemise_bir_birine_destek_olub-827224

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR