Almaniya həmsədr dövlət ola bilərmi?

Almaniya həmsədr dövlət ola bilərmi?
12:59 24 Yanvar 2015
101 Digər
Ölkə mətbuatı
A- A+

Politoloqlar bunu asan məsələ hesab etmirlər
Prezident İlham Əliyevin Almaniyaya reallaşdırdığı səfərdən sonra gündəmə gələn mövzulardan biri də bu dövlətin Minsk qrupuna, həmsədr ölkələr sırasına qatılması məsələsidir. Bunun yenidən geniş müzakirə obyektinə çevrilməsinə səbəb olan məqam Almaniya kansleri Angela Merkelin Berlində prezident İlham Əliyevlə keçirdiyi brifinq zamanı Qarabağ münaqişəsi haqda obyektiv fikirlər bölüşməsi və sözügedən əraziləri Azərbaycan sərhədləri çərçivəsində tanıdıqlarını növbəti dəfə bəyan etməsi olub.

Xanım Merkel açıqlamasında etik çərçivəni pozmayıb həmsədr ölkə olmaq istədiklərini konkret şəkildə deməsə də, bu mövzuda obyektiv mövqe tutaraq Azərbaycanı dəstəklədiklərini və məsələnin sülh yolu ilə həllində maraqlı olduqlarını söyləməsi bu istəklərinin təzahürü kimi qəbul olunur. Onu da deyək ki, bu fikir onlarda prezidentin səfəri ərəfəsində formalaşmayıb və nəyəsə hesablanaraq səsləndirilən ifadələr deyil. Belə ki, Almaniya hər zaman Qarabağ münaqişəsindən danışarkən məsələnin ərazi bütövlüyü çərçivəsində həll edilməsini vurğulayıb və Azərbaycan torpaqlarının geri qaytarılmalı olduğunu bildirib. Xatırladaq ki, 2009-cu ildə Almaniya Bundestaqının qəbul etdiyi “Cənubi Qafqazda təhlükəsizlik, stabillik və demokratiyanın gücləndirilməsi” adlı qətnamədə də Cənubi Qafqaz dövlətlərinin ərazi bütövlüyünü tanınıb və regiondakı münaqişələrin həlli məsələsində dövlətlərin suverenliyi, onların razılığı olmadan sərhədlərin dəyişdirilməsinin yolverilməzliyi kimi beynəlxalq hüququn əsas prinsipləri üstün tutulub. Hər zaman münaqişəyə obyektiv münasibəti ilə seçilən Almaniyanın həmsədr ölkə kimi fəaliyyətə başlamağa maraq göstərməsi ölkəmiz üçün olduqca müsbət haldır. Amma politoloqlar Almaniyanın həmsədrlik perspektivi barədə danışarkən bunun rahatlıqla və asanlıqla həll ediləcək məsələ olmadığını nəzərə çatdırırlar.

Politoloq Fikrət Sadıxov bizimlə söhbətində Almaniyanın həmsədr ölkə kimi çıxış etməsini birmənalı şəkildə, Azərbaycanın xeyrinə olan məqam adlandırdı: “Almaniya Minsk qrupuna həmsədr olmasa da, üzv dövlətdir. Bu ölkə ilə Azərbaycan arasında münasibətlər kifayət qədər yaxşıdır və inkişafdadır. Gördüyünüz kimi, inkişafın dinamikası da yüksək səviyyədədir. Təsadüfi deyil ki, səfər çərçivəsində danışıqlar zamanı Qarabağ məsələsinə xüsusi toxunuldu. Xanım Merkel konkret olaraq bəyan etdi ki, məsələ həllini tapmalıdır, buna çalışmaq lazımdır və Avropa Birliyi əlindən gələni etməlidir. Qeyd etdi ki, Almaniya münaqişənin sülh yolu ilə həllində maraqlıdır. Düşünürəm ki, bunu rotasiya şəklində, yəni, yerdəyişmə formasında həyata keçirmək, Almaniyanı hansısa Avropa dövləti ilə əvəz etmək olar. Sözügedən ölkə Avropa İttifaqının aparıcı dövlətlərindən biridir və iqtisadi baxımdan sənaye potensialı da yüksəkdir. Mənə elə gəlir ki, Almaniyanın həmsədr dövlət olması ölkəmiz üçün çox uğurlu olar və məsələnin obyektiv həllinə kömək edər.

Politoloq Natiq Miri isə qeyd etdi ki, Almaniyanın həmsədrlik kürsüsünə əyləşəcəyi inandırıcı görünmür: “Bu, təbii ki, nəzəri cəhətdən mümkündür. Amma praktiki tərəfini və bir sıra geosiyasi maraqları nəzərə aldıqda, məsələni indiki şəraitdə real hesab etmirəm. Çünki sayın artırılması üçün təkcə Azərbaycanın istəyi yetərli deyil. Buna Ermənistan və digər dünya gücləri də razılıq verməlidir. Elə təkcə Ermənistanın etiraz etməyi yetərlidir. Bəri başdan məlumdur ki, onlar bunu istəməyəcək. Nə Almaniyanın, nə də Türkiyənin həmsədr ölkə kimi iştirakı qətiyyən onların maraqlarına uyğun deyil. Çünki hazırkı vəziyyət Ermənistanın ürəyincədir. Həmçinin, Rusiya və Fransa da birmənalı olaraq, onların maraqlarını müdafiə edir. Sadəcə, ABŞ balanslaşdırıcı bir güc mərkəzi kimi Minsk qrupu həmsədr dövlətləri içində nəzərdə tutulub. Bütün hallarda, bu prosesi o qədər də asan hesab etmirəm”.

N.Miri vurğuladı ki, Almaniyanın Fransa ilə əvəz olunması real deyil: “Bunun üçün ilk olaraq Azərbaycan Fransadan imtina etməlidir. Mən bunu mümkün hesab etmirəm. İnanmıram ki, ölkəmiz belə addım atsın. Düşünürəm ki, Fransanın Almaniya ilə əvəz olunmasındansa, Avropa İttifaqının iştirakı daha yaxşı olardı. Çünki Avropa İttifaqının vahid siyasi, iqtisadi məkan kimi təsir imkanları və mexanizmləri həm Ermənistana, həm Azərbaycana, həm də Rusiyaya daha çoxdur. Ona görə də bu variantı daha məqsədəuyğun hesab edirəm. Məncə, bu yolla proseslər də xeyli canlanacaq”.

Politoloq Elman Nəsirov da Ermənistanın Almaniyanın həmsədrliyinə etiraz etmə ehtimalının yüksək olduğunu bildirdi: “İlk dəfə idi ki, Almaniya tərəfdən kansler səviyyəsində vasitəçi olmaq istəyi irəli sürülürdü və bu kifayət qədər cəlbedici niyyətdir. Belə fikirlər də səsləndirildi ki, bu barədə Avropa İttifaqı müvafiq tövsiyə ilə çıxış edə bilər. Azərbaycanla Avropa Komissiyası arasında da danışıqlar aparılması gözlənilir. Bu o deməkdir ki, Almaniya tərəfi danışıqların gedişatında təsadüfən iştirak edə bilməz. Bu, düşünülmüş, planlaşdırılmış, məqsədyönlü addımdır. Əgər bu məsələ reallaşarsa, ya dörd həmsədr olacaq, ya da 3+1 variantı. Xatırladım ki, Almaniyanın 3+1 variantda təcrübəsi var və İranın nüvə proqramı ilə bağlı danışıqlarda bu formatda iştirak edib. Amma nəzərə alsaq ki, ATƏT-də qərarların qəbulunda bir dövlətin belə etiraz etməsi onun qəbul olunmamasına səbəb olur. Belə olan təqdirdə, çox güman ki, Ermənistan buna yox deyəcək. Onu da deyim ki, bir dəfə belə bir hal yaşanıb. Hələ həmsədrlik İnstitutu formalaşarkən Azərbaycan Almaniyanın həmsədr kimi iştirakını istəyirdi. Lakin Ermənistan buna qarşı çıxmışdı. Ermənistanın yenə də mane olacağı qaçılmazdır. Hər halda, Almaniyanın tənzimləyici tərəf kimi çıxış etmək istəyi ona işarədir ki, Avropa İttifaqının münaqişənin tənzimlənməsində iştirak payı arta bilər”.

Kaspi.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/320724.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR