Moskvada Polad Bülbüloğlunun yubiley konserti keçirilib

Moskvada Polad Bülbüloğlunun yubiley konserti keçirilib
13:02 24 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 24 Yanvar 2015 12:55 ]

Konsertdə Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy və digər rəsmi şəxslər iştirak edib

Moskva. Fərid Əkbərov - APA. Çaykovski adına Moskva Dövlət Akademik Filarmoniyasının konsert zalında Azərbaycanın Rusiya Federasiyasındakı səfiri, xalq artisti, bəstəkar və müğənni Polad Bülbüloğlunun 70 illiyinə həsr olunan yubiley konserti keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, P. Bülbüloğlunu Rusiya Dövlət Simfonik Orkestri müşayiət edib. Orkestrin baş dirijoru Rusiyanın xalq artisti, dövlət mükafatı laureatı Sergey Skripka olub.

 

Gecənin aparıcısı, Rusiyanın və Azərbaycanın əməkdar mədəniyyət və incəsənət xadimi, musiqişünas, akademik Janna Dozortseva çıxışında Polad Bülbüloğlunun həyatından bəhs edib: “Poladın ilk müəllimi onun atası olub. Dahi Bülbül oğluna xalqını, vətənini, xalqının incəsənətini sevməyi öyrədib, çünki incəsənət xalqın həyat və tarixini əks etdirir. Polad fəxr edə bilər ki, onu bütün dünya tanıyır”.

 

Daha sonra alqışlarla səhnəyə çıxan Polad Bülbüloğlu yubiley konsertində iştirak edən bütün qonaqlara və pərəstişkarlarına təşəkkürünü bildirib. O, konsertin təşkilinə görə Rusiya prezidentinin humanitar və beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoya təşəkkür edib.

 

P. Bülbüloğlu konsert proqramına "Mənim Azərbaycanım" mahnısı ilə başlayıb. Moskvanın məşhur konsert salonun səhnəsindən ötən əsrin sonlarının hitləri - “Gəl ey səhər”, “Zəng et”, “Bənövşələr”, “Gözlərinə de ki...” mahnıları, eləcə də "Qorxma, mən səninləyəm" filmindəki mahnılar, “Məhəbbət və ölüm”, “Dədə Qorqud” baletlərindən fraqmentlər səslənib.

 

Yubiley konsertində Dövlət Dumasının sədri Sergey Narışkin, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman, Federasiya Şurasının üzvü Vitali İqnatenko, Moskva hökumətinin departament rəhbəri Yuri Artyux və digər rəsmi şəxslər, eləcə də məşhur mədəniyyət-incəsənət xadimləri iştirak ediblər.

 

Polad Bülbüloğlunun yubiley konserti Rusiyanın aparıcı media orqanlarının da diqqət mərkəzində olub. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370249

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR