Türkiyə “Haber-İş” Həmkarlar İttifaqının nümayəndə heyəti AHİK-də olub

Türkiyə “Haber-İş” Həmkarlar İttifaqının nümayəndə heyəti AHİK-də olub
16:17 26 Dekabr 2014
74 Digər
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 16:14 ]

Bakı - APA. Azərbaycanda səfərdə olan Türkiyə “Haber-İş” Həmkarlar İttifaqının nümayəndə heyəti Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) olub.

 

APA-nın xəbərinə görə, konfederasiyanın sədri, millət vəkili Səttar Mehbalıyev qonaqları salamlayaraq ölkələrimizin həmkarlar ittifaqı mərkəzləri arasındakı əlaqələrin və səmərəli əməkdaşlığın genişlənməsindən məmnunluğunu ifadə edib, Azərbaycan və Türkiyə həmkarlar ittifaqları arasında mütəmadi olaraq keçirilən görüşlərin və təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb.

 

Qonaqlara Azərbaycan Həmkarlar İttifaqlarının fəaliyyəti, 180-dən artıq beynəlxalq həmkarlar ittifaqı mərkəzi ilə sıx əməkdaşlıq əlaqələri haqqında  məlumat verən AHİK sədri daha sonra Azərbaycanda gedən geniş abadlıq-quruculuq işlərindən, regionların sosial-iqtisadi inkişafından, səhiyyə, idman və digər sosial obyektlərin tikintisinin geniş vüsətlə davam etdirilməsindən, yeni iş yerlərinin açılmasından və s. söhbət açıb.

 

Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin sürətlə inkişaf etməsindən bəhs edən S.Mehbalıyev ölkəmizin qardaş Türkiyədə irimiqyaslı sərmayələr qoymasından, geniş həcmli yeni layihələrə imza atmasından danışaraq bildirib ki, Türkiyədə çoxlu sayda  Azərbaycan şirkətləri fəaliyyət göstərir, tanınmış iş adamları öz fəaliyyətlərini genişləndirir, yeni-yeni sahələrdə iri layihələr həyata keçirirlər. Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətləri də öz fəaliyyətlərini daha da genişləndirir, ölkəmizə maraq göstərən türkiyəli iş adamlarının sayı durmadan artır.

 

AHİK sədri bildirib ki, iki qardaş ölkə arasındakı münasibətlərin bütün sahələrdəki inkişafı Azərbaycan və Türkiyə həmkarlar ittifaqlarının sıx əməkdaşlıq və işgüzar əlaqələrinin möhkəmlənməsini şərtləndirir və qarşımızda duran ümdə vəzifələrdən biri də bu əlaqələrin daha da möhkəmlənməsini təmin etməkdir.

 

Türkiyə “Haber-İş” Həmkarlar İttifaqı nümayəndə heyətinin rəhbəri Mücayit Özdəmir ölkəmizə səfərləri zamanı nümayəndə heyətinin üzvlərinə göstərilən səmimi münasibətə və qonaqpərvərliyə görə  AHİK sədrinə öz təşəkkürünü bildirib, bu cür görüşlərin hər iki qardaş ölkənin həmkarlar ittifaqları arasındakı sıx əlaqələrin bundan sonra da davamlı inkişafına təkan verəcəyinə  əminliyini ifadə edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR