Qonşudan gələn təhlükə

Qonşudan gələn təhlükə
13:47 24 Yanvar 2015
229 Sosial
Ölkə mətbuatı
A- A+

Evdə söndürülən wi-fi kifayət deyil
Bu gün hər 10 evdən 9-da, demək olar ki, internet dalğası mövcuddur. Həyatımızın ayrılmaz bir parçasına çevrilən internetsiz iş yeri, ev, kafe və restoran yoxdur desək yanılmarıq. Hər kəs bu dalğaların insan orqanizminə ziyanından xəbərdardır, lakin çox az insan bu mövzuya həssaslıqla yanaşır.

Bu dalğalar gözlə görünmədiyindən onun təhlükəsinin də nə dərəcədə böyük olmasını çoxları dərk etmir. Dərk edənlər isə lazım olmadığı halda wi-fi istifadə etmir və bununla da özünü və ailəsini qoruduğunu düşünür. Halbuki, internet dalğası yayan aparatı söndürmək zərərli dalğadan qorunmaq üçün kifayət deyil. Elektromaqnit dalğaları bir neçə qonşunun evinə də zərərli dalğa yaya biləcək qədər güclüdür. Bu isə o deməkdir ki, insan özü də bilmədən və istəmədən təhlükəyə məruz qalır.

Ümumdünya Səhiyyə Təşkilatı bu fikirdədir ki, insan ömrü boyu wi-fi şüasına məruz qalarsa, 50% radiasiyanı bədəninə çəkər. Bu isə adi halda mobil telefonla 20 dəqiqə danışığın ötürdüyü radiasiya şüasına bərabərdir. Nəticə olaraq wi-fi dalğaları təhlükəli hesab olunmamalıdır. Lakin aparılan araşdırmalar bunun tamamilə əksini göstərir. Daim olaraq evdə, iş yerində, hətta şəxsi wi-fi söndürülməsi zamanı qonşulardan gələn dalğaların evdə cərəyan etməsi həssas insanlar üçün əsL təhlükədir. Alimlərin araşdırmaları göstərir ki, simsiz rabitə vasitəsinin üstün tərəfləri qədər cana ziyanı da var. Buna görə də bir sıra Avropa ölkələrində ictimai təşkilatlar hökumətdən tələb edirlər ki, ən çox uşaqlara təsir edən wi-fi-nin bağçalarda və orta məktəblərdə istifadəsi məhdudlaşdırılsın. Azərbaycanda isə əksinədir. Vi-fi olmayan ərazilər insanların diqqətini çəkmir və müştəri toplamaqda əziyyət çəkir.

Wi-fi İkinci dünya müharibəsi zamanı düşmənin uçan obyektlərini təyin etmək üçün quraşdırılan və güclü şüalanma verən radar operatorları ilə müqayisə edilir və insan orqanizminə vurduğu ziyana görə eyniləşdirilir. Ümumiyyətlə, mikrodalğalı radiasiyadan ilk dəfə 2-ci dünya müharibəsi zamanı istifadə edilib. Sonralar isə insanların gündəlik həyatına daxil olub və hər nə qədər zərərləri aşkar olaraq gözlə görünməsə də, Beynəlxalq Xərçəng Xəstəliyi Araşdırmaları Agentliyinin açıqlamasına görə, mobil rabitə vasitələrində istifadə olunan radiotezliklər insan bədəni üçün xərçəng xəstəliyini əmələ gətirən potensial vasitə kimi qeydə alınıb.

Terapevt Xatirə İsayevanın sözlərinə görə, yaşından asılı olmayaraq bu gün insanların əksəriyyəti miqrendən əziyyət çəkir və miqrenin şiddətlənməsinin ilkin səbəbi elə kabelsiz bağlantı sistemidir. Daimi olaraq şüaya məruz qalan insan orqanizmi buna dözmədiyi üçün ilkin siqnal kimi küt ağrılar və halsızlıqla özünü göstərir. Müəyyən müddətdən sonra şiddətlənən ağrıların diaqnozunu isə çox az həkim məhz şüaların təsiri kimi qoyur: "Wi-fi aparatı insanın daim oturduğu, yatdığı yerdən 1 metr uzaqda olmalıdır. Amma istifadə edilən aparatlar demək olar ki, evin mərkəzində olur və hətta daha yaxşı istifadə edə bilmək üçün aparatın yanında da əyləşilir. Elektromaqnit şüaları şişlərin yaranmasına, yaddaş pozğunluğuna və beyinə zədə vuracaq digər nəticələrə də gətirib çıxarır. Bu şüalar insanın təbii enerji sahəsinə ziyan vurur, stressə səbəb olur, ürək bulanması, baş ağrısı, yorğunluq yaradır. Daimi olaraq wi-fi aparatı işlək olarsa, evdə yaranan ab-hava ev sakinlərini süst və yorğun edər. Buna görə də, lazım olmadığı zaman aparat söndürüməlidir".

Britaniyada Sağlamlığın qorunması assosiasiyasının alimləri mobil rabitə şüasını wi-fi ötürücüdən çıxan şüa ilə müqayisə ediblər. Məlum olub ki, birincinin intensivliyi ikinci ilə müqayisədə 5000 dəfə çoxdur, yəni sadə mobil telefon wi-fi qoşulma ilə müqayisədə daha çox zərərlidir.

Hər şeydən əvvəl qeyd edək ki, wi-fi şüasının zərəri haqda məqalələrin əksəriyyəti elmi fakt və ya tədqiqatlara əsaslanmayıb. Faktların olmamasına baxmayaraq, wi-fi şüasının sağlamlığa zərərli olması iddiasının tərəfdarları hər gün çoxalır. Ümumiyyətlə, ən az mobil rabitə qədər insan sağlamlığını təhlükəyə atan simsiz əlaqə üsulları heç bir həkim tərəfindən insan sağlamlığına müsbət təsir edən bir amil kimi qiymətləndirilmir.

Ekspress.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/320772.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR