"Azərbaycan sənayesi yeni inkişaf mərhələsində" (FOTO)

"Azərbaycan sənayesi yeni inkişaf mərhələsində" (FOTO)
16:38 26 Dekabr 2014
88 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

Bu gün Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin Azərbaycan Mətbuat Şurası (MŞ) ilə birgə KİV nümayəndələri arasında təşkil etdiyi “Sənaye ili”nə həsr olunmuş “Azərbaycan sənayesi yeni inkişaf mərhələsində” mövzusunda yaradıcılıq müsabiqəsinin yekunlarına dair tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin və Bakı Biznes Mərkəzinin də dəstək göstərdiyi tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin, Azərbaycan Mətbuat Şurasının əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə “Azərbaycanda sənayeləşmə: ənənə və gələcək” filmi nümayiş etdirilib.

Sonra öz işinə başlayan tədbiri giriş sözü ilə açan iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2014-cü ilin “Sənaye ili” elan edildiyini və ölkə sənayesinin inkişafı istiqamətində il ərzində bir çox tədbirlərin həyata keçirildiyini vurğulayıb. Qeyd edilib ki, “Sənaye ili” çərçivəsində KİV nümayəndələrinin iştirakı ilə bir sıra tədbirlər, o cümlədən 3 məlumat turu, Beynəlxalq Sənaye Konfransı və yaradıcılıq müsabiqəsi təşkil edilib. Bu gün yekun vurulan yaradıcılıq müsabiqəsinə müxtəlif qəzet, sayt, agentlik və telekanallardan ümumilikdə 50 iş təqdim olunub. Bu işlərin hamısı Müsabiqə Komissiyasının üzvləri tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib.

Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və Şuranın sədr müavini Umud Rəhimoğlu MŞ-nin İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən təşkil edilən müsabiqələrdə, eləcə də “Sənaye ili” çərçivəsində keçirilən müsabiqədə nazirliklə fəal əməkdaşlıq etdiyini bildirib, iştirakçıları təbrik edərək müsabiqənin təşkilinə görə İqtisadiyyat və Sənaye Nazirliyinə təşəkkür ediblər.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə müsabiqəyə çoxlu sayda yazının və televiziya süjetinin təqdim olunmasının Azərbaycanın iqtisadi inkişafına və “Sənaye ili” çərçivəsində görülən işlərə ictimai maraqdan irəli gəldiyini vurğulayıb.

Tədbirdə qaliblər elan olunub, onlara diplom və hədiyyələr təqdim edilib. Ümumiyyətlə isə bütün müsabiqə iştirakçılarının iştirakı qeyd olunub və onlar mükafatlandırılıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2348059.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR