"Spartak"ın meneceri: "Vaqif Rusiyada oynaya bilər"

"Spartak"ın meneceri: "Vaqif Rusiyada oynaya bilər"
15:07 24 Yanvar 2015
144 İdman
Ölkə mətbuatı
A- A+

Qış fasiləsində Türkiyənin Antalya şəhəri dünyanın futbol mərkəzlərindən birinə çevrilir. Bura müxtəlif ölkələrdən futbol klubları, məşqçilər və menecerlər axın edir. Yanvar ayında havanın günəşli olması, yoxlama görüşləri üçün sınaqçı-rəqiblərin asanca tapılması Antalyanı hazırlıq dövründə əvəzsiz şəhərə çevirir. Antalyada bir çox məhşur futbol adamları ilə rastlaşmaq mümkündü. 


Fanat.az-ın hazırda Antalyada olan əməkdaşı ilə birlikdə “Miracle” otelində Rusiyanın “Spartak” və “Dimano” klublarının əvəzedizi heyətləri də məskunlaşıb. Rusiyalı qonaqların təlim-məşq toplanışını təşkil edən isə həmyerlimiz Rauf Hacıyevdi. 


Bakıda doğulan Rauf 1992-ci ildə Türkiyənin Amasiya Universitetinə qəbul olunub, burda təhsilini davam etdirə-etdirə futbol menecerliyi ilə məşğul olmağa başlayıb. Qalanını öz dilindən eşidək.


- Artıq 11-ci ildi ki futbolun içindəyəm. Moskvanın "Spartak” və “Dinamo” klubları ilə yanaşı, Tomsk şəhərinin “Tom”, eləcə də Orenburqun “Qazovik” futbol klubları ilə əməkdaşlıq edirəm. 4-cü mövsümdü onların təlim-məşq toplanışlarına bilavasitə biz təşkil edirik. Onların həm əsas, həm də əvəzedici komandaları ilə çalışıram. Bu qış təkcə “Spartak”ın ümumilikdə 8 komandasının toplanışı yollanmasına yardımçı olmuşuq. “Qırmızı-ağlar” təkcə bir komandası İspaniyada hazırlıqlara davam edir. Qardaşım Ceyhunla birlikdə bu işlərlə məşğuluq.


- Azərbaycanlı hakimlər ötən ilə nisbətən az oyun idarə ediblər. Buna səbəb kimi iqtisadi böhranın klublara təsir göstərməsi, bura gələn komandaların sayının azalması ilə izah etmək mümkündü?

- Bu sayın azalmasının ən başlıca səbəbi UEFA-nın yerli futbol federasiyasına göndərdiyi müraciətdi. Onlar istəyirlər ki, Antalyadakı yoxlama oyunlarını əsasən türkiyəli hakimlər idarə etsin. Eyni zamanda Rusiya klublarını iqtisadi böhrandan əziyyət çəkdiyini də deyə bilərəm. Bir il əvvəl 40 min rubla başa gələn bir şey indi iki dəfə baha olub. Belədə bəzi komandalar məcburiyyətdən toplanış xərclərini azaltmalı olublar.


- Sanki ötən illə müqayisədə Orta Asiya və Qazaxıstan təmsilçilərinin sayı artıb.

- Qazaxıstan klublarının az qala hamısı Antalyaya üstünlük verir. Türkmənistandan burda cəmisi bir klub var. O da son ölkə çempuionu “Altınəsr” komandasıdı. Ordan xaricə klubun çıxması çox çətindi. Bu da xaricə valyuta köçürülməsinin çətinliyi ilə bağlıdı. Türkmənistanın ən çox dörd klubu toplanışa yollana bilir. Çünki digərlərinin xaricdə hansısa otelə, yaxud şirkətə pul köçürməsi mümkün deyil. Nəğd şəkildə pul çıxarmaq da olmaz. Bu məsələdə Azərbaycan klublarının işi rahatdı.


- Necə fikirləşirsiz, Rusiyadakı iqtisadi böhran rus klublarının avrokuboklardakı çıxışına təsir göstərəcəkmi?

- İnanmıram. Çünki avrokuboklara bir qayda olaraq böyük klublar qatılır. Onların isə maliyyə dayaqları güclüdü. Bu cür problemlərdən həmin klubların əziyyət çəkəcəyi inandırıcı deyil.


- FIFA "maliyyə fair-pleyi" qaydalarını hər il sərtləşdirir. Bu məsələyə ciddi nəzarət olunur. Rusiyada bu qaydalara əməl olunurmu?

- Yəqin ki, klubların xərclərinin qazancı üstələməməsi məsələsini nəzərdə tutursuz. Mən bilən Rusiyada bu sahədə ciddi problem yoxdu. Borcları müəyyən məbləği keçən klubları cəza gözləyir, onların transfer etməsinə qadağa qoyulur. Bu səbəbdən klublar elə də bədxərclik etmirlər. Aşağı liqalarda oynayanlarda belə problemlərin yaranması mümkündü. Ona görə də biz özümüz də onlarla əməkdaşlıq etməkdə maraqlı deyilik.


- Azərbaycan futbolunu izləyirsiz. Bizimkilərdən kimi Rusiyada oynamağa layiq bilirsiz?

- Vaqif Cavadovun adını çəkə bilərəm. O dəqiqə hiss olunur ki, səviyyəli məktəb keçib. Rusiya Premyer Liqasında ilk "beşlik"də olmasa da, nisbətən zəif klublarda oynaya bilər. 


- Emin Mahmudovun karyerasında eniş yaşanır. Səbəbi necə izah etmək olar?

- O əla futbolçudu, istedadı var. Ola bilsin ki, şansızlıqla bağlıdı. İnanıram ki, Emin sözünü hələ deməyib.


- Bəs, Ramil Şeydayevin Azərbaycan millisində oynamaqdan imtina eməsini düzgün sayırsanmı?

- Rusiyada oynayan azərbaycanlıları daha çox karyeraları düşündürür. Etiraf edək ki, hələlik Azərbaycan futbolu Rusiyadan geri qalır. Onları qınamağa tələsməyək. Daha yaxşı karyera qurmaq, daha çox pul qazanmaq hər kəsin arzusudu. “Spartak”ın 17 yaşlılarında Ayaz adlı azərbaycanlı uşaq oynayır, eyni zamanda Rusiyanın millisinə çağrılır. Gün gələcək belə istedadlar düşünmədə Azərbaycanı seçəcəklər. Bunun üçün səbrli olmaq lazımdı. Uzağı 5 ildən sonra Azərbaycan futbolu səviyyəcə Rusiya ilə eyni olacaq. Mən gördüklərimə, müşahidələrimə əsasən bunu deyirəm. Hazırda Azərbaycan futbolu özünün sürətli inkişaf mərhələsindədi.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotspartakquotn-meneceri-quotvaqif-rusiyada-oynaya-bilrquot-t17753.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR