Ölkəmizdə işsizliyin səviyyəsi azalıb

Ölkəmizdə işsizliyin səviyyəsi azalıb
15:33 24 Yanvar 2015
169 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 24 yanvar, AzərTAc
Azərbaycan Respublikası vətəndaşlarının əmək hüquqlarının qorunması, əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi, işçilərin maddi, sosial, mənəvi və digər həyati tələbatlarının ödənilməsi ölkədə aparılan sosial iqtisadi siyasətin əsas prioritet istiqamətini təşkil edir.
Ölkəmizdə iqtisadi inkişafla bağlı məsələlər uğurla icra edilir. Təsadüfi deyil ki, beynəlxalq maliyyə qurumları tərəfindən ölkəmizdə sosial-iqtisadi sahələrdə aparılan islahatlar çox yüksək qiymətləndirilir, respublikamızın kredit reytinqləri artırılır. İndiki böhranlı dövrdə inkişaf etmiş ölkələrin kredit reytinqləri azaldığı bir vaxtda Azərbaycanın kredit reytinqləri artmaqdadır.
Son illər ölkəmizin maliyyə vəziyyəti xeyli dərəcədə yaxşılaşmışdır. Bütün bu göstəricilər təsdiq edir ki, iqtisadi sahədə inkişaf çox sürətlidir. Təbii ki, bu inkişaf insanların yaşayış səviyyəsinə də təsirini göstərir.
Azərbaycan Prezidentinin 2011-ci il 15 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı” əhalinin məşğulluğu sahəsində dövlət siyasətinin ardıcıllığını təmin edərək, dövlət başçısının 2005-ci il 26 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)”nın ikinci mərhələsinin reallaşdırılmasına yönəldilib. Bu proqram işçi qüvvəsinə tələbatın stimullaşdırılmasını, səmərəli işgüzarlıq mühitinin formalaşmasını, struktur islahatlarının dərinləşdirilməsini, investisiya fəallığının daha da artırılmasını və insan kapitalının yüksək inkişaf səviyyəsinin təmin edilməsini nəzərdə tutur.
Adıçəkilən Dövlət Proqramı ilə qarşıya bir sıra vəzifələr də qoyulub. Proqramda makroiqtisadi siyasət və sahibkarlığın inkişafı sahəsində ölkədə makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi, inflyasiyanın məqbul səviyyədə saxlanması, yerli sənaye məhsullarının dünya bazarında rəqabət qabiliyyətinin yüksəldilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi, regional iqtisadi əlaqələrin genişləndirilməsi, neft ixracından əldə olunan gəlirlərin bir hissəsinin insan amilinin inkişafına istiqamətləndirilməsinin diqqət mərkəzində saxlanılması nəzərdə tutulur.
Son illərdə regionların, qeyri-neft sektorunun inkişafı məsələsi dövlət büdcəsinin formalaşdırılması prosesində də diqqət mərkəzində saxlanılır. Mütəxəssislərin fikrincə, dövlət əsaslı vəsait qoyuluşu xərclərinin artırılması hazırkı mərhələdə sosial tələbat kimi ortaya çıxıb. Belə ki, müasir tələblərə cavab verən infrastruktur yaratmadan sahibkarlığın, turizmin, qeyri-neft sektorunun inkişafından, mədəni-intellektual inkişafdan danışmaq qeyri-mümkündür. Dövlət investisiyaları hesabına əhəmiyyətli infrastruktur, kommunal və sosial obyektlərin inşası, yenidən qurulması da məhz qeyd olunan məqsədlərin gerçəkləşdirilməsi baxımından vacibdir.
Dünyanın inkişaf etmiş dövlətləri sırasında yer tutmağa çalışan ölkəmizdə Prezident İlham Əliyevin müəyyən etdiyi vəzifəyə uyğun olaraq müasir yanaşma və nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində bütün sahələrdə, o cümlədən əmək və əhalinin sosial müdafiəsi sahəsində uğurlu islahatlar aparılır. Son illər Azərbaycanda uğurlu islahatlar nəticəsində əldə olunan nailiyyətlərin nüfuzlu beynəlxalq qurumlar, reytinq təşkilatları tərəfindən yüksək qiymətləndirilir. Belə ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının “Doing Business” layihəsinin 2013-cü il üçün hesabatına əsasən Azərbaycan mövqeyini daha da yaxşılaşdıraraq iqtisadiyyatın rəqabətə davamlılığına görə dünya ölkələri sırasında 39-cu yeri tutur.
Sahibkarlığın inkişafı istiqamətində dövlətin fiskal siyasəti, o cümlədən güzəştli kreditlərin verilməsi, investisiya fəaliyyətinin gücləndirilməsi, iqtisadi fəaliyyət iştirakçılarına sağlam rəqabət şəraitinin yaradılması, antiinhisar tədbirləri və digər iqtisadi münasibətlərin tənzimlənməsi uğurlu nəticələrini verib. Son 10 il ərzində ölkəmizdə 1 milyon 200 mindən artıq yeni iş yeri açılıb. Bu müddətdə Azərbaycanda işsizliyin səviyyəsi 10,6 faizdən 5 faizədək, yoxsulluğun səviyyəsi isə 44,7 faizdən 5,3 faizədək azalıb.
“Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”nın, digər sosialyönümlü dövlət proqramlarının uğurlu icrası sayəsində işsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə azaldılmasına, işsizlərin, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsinə nail olunub. Əmək bazarının təkmilləşdirilməsi, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşması və rəqabət qabiliyyətinin artırılması, iqtisadi fəallığın yüksəldilməsi üçün əlverişli şəraitin yaradılması, bütövlükdə insan kapitalının yüksək inkişaf səviyyəsinin təmin edilməsi istiqamətində aidiyyəti dövlət orqanları ilə birgə müvafiq tədbirlər həyata keçirilir. Tədbirlərin digər istiqaməti isə qeyri-qanuni məşğulluq hallarının aradan qaldırılması və əmək münasibətinin leqallaşdırılması, əmək haqlarının vergidən və sosial sığorta ödəmələrindən yayındırılması hallarının qarşısının alınması, eyni zamanda işçi vətəndaşın gələcək sosial təminat hüququna malik olmasına əsas yaradılmasıdır.
Əsas fəaliyyət sahələrindən olan ünvanlı dövlət sosial yardımı proqramından hazırda 130 mindən artıq ailənin faydalanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) fəaliyyət sahələrində aparılan islahatlar prosesində nüfuzlu beynəlxalq təşkilatlarla, xarici ölkələrin müvafiq dövlət qurumları ilə fəal əməkdaşlıqlar həyata keçirilir. Belə ki, dünyanın 20-dən artıq ölkəsinin, o cümlədən Almaniya, Avstriya, Niderland, İsveç, Türkiyə və digər ölkələrin aidiyyəti qurumları ilə ikitərəfli əlaqələr qurulmuşdur və əməkdaşlıq inkişaf etdirilir.
Azərbaycan BMT-nin “Bütün əmək miqrantlarının və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında”, “Əlilliyi olan şəxslərin hüquqlarına dair” Konvensiyalarını, BƏT-in əmək və məşğulluq sahəsində əsas insan hüquqlarını əhatə edən ümumilikdə 57 Konvensiyasını, “Dəyişdirilmiş Avropa Sosial Xartiyası”nın müəyyən bəndlərini ratifikasiya edib. Digər tərəfdən, “Əlilliyi olan insanların hüquqlarının və cəmiyyətdə tam iştirakının dəstəklənməsi: 2006-2015-ci illər ərzində əlilliyi olan şəxslərin həyat səviyyəsinin yaxşılaşdırılması üzrə Avropa Şurasının Tədbirlər Planı” çərçivəsində həmin təşkilatla da əməkdaşlıq həyata keçirilir.
Bu il əsas məqsədlərdən biri kimi dünya bazarlarında rəqabətə davamlı, ölkənin daxili tələbatında xüsusi əhəmiyyət kəsb edən məhsulların istehsalının genişləndirilməsi üçün maliyyə təminatı yaratmaq, iqtisadiyyata cəlb olunacaq sərmayənin strukturunda daxili resursların payını artırmaq, dövlət sifarişli layihələrin maliyyələşdirilməsinə üstünlük vermək, dövlət büdcəsinin vəsaiti və digər maliyyələşmə mənbələri hesabına turizmin inkişafını stimullaşdırmaq, ekoloji tədbirləri davam etdirmək, alternativ və bərpa olunan enerji mənbələrini yaratmaq prioritetlər sırasındadır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Olkemizde_issizliyin_seviyyesi_azalib-827278

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR