Prezident səfirlərlə görüşdü

Prezident səfirlərlə görüşdü
15:36 24 Yanvar 2015
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev yanvarın 24-də Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Səyyar bin Əbdürrəhman Cəsim əl-Muavidənin etimadnaməsini qəbul edib.

ANS PRESS-in məlumatına görə, səfir fəxri qarovul dəstəsinin qarşısından keçib.

Səyyar bin Əbdürrəhman Cəsim əl-Muavidə etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Diplomat Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Taninin salamlarını dövlətimizin başçısına çatdırıb. Azərbaycanda diplomatik fəaliyyətə başlamasından qürur hissi keçirdiyini deyən səfir ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Dövlət başçısı Azərbaycan ilə Qətər arasında ikitərəfli əlaqələrin daha da genişləndirilməsinin önəmini qeyd etdi. Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Tani ilə ötənilki görüşünü və ikitərəfli əməkdaşlıq məsələlərinə dair aparılan səmərəli müzakirələri məmnunluqla xatırlayan prezident İlham Əliyev münasibətlərimizin möhkəmləndirilməsində yüksək səviyyəli görüşlərin əhəmiyyətini vurğulayıb. Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu deyən dövlətimizin başçısı əməkdaşlığımızın iqtisadi, turizm, birgə investisiya qoyuluşu və digər sahələrdə genişləndirilməsi üçün də yaxşı imkanların mövcudluğunu bildirib.

Prezident İlham Əliyev Əlahəzrət şeyx Təmim bin Həməd Al Taninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Qətər Dövlətinin başçısına çatdırmağı xahiş edib.

İlham Əliyev yanvarın 24-də Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vinod Kumarı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Görüşdə Azərbaycan ilə Hindistan arasında ikitərəfli əlaqələrin ötən dövr ərzində uğurla inkişaf etdiyi vurğulandı, əməkdaşlığımızın iqtisadi, biznes və digər sahələrdə genişləndirilməsi üçün qarşılıqlı marağın olduğu bildirilib, ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə bundan sonra da möhkəmləndiriləcəyinə əminlik ifadə edilib.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR