Xalqımızın mənəvi mədəniyyətinin öyrənilməsi baxımından qiymətli tapıntı

Xalqımızın mənəvi mədəniyyətinin öyrənilməsi baxımından qiymətli tapıntı
15:53 24 Yanvar 2015
310 Ölkə
Ölkə mətbuatı
A- A+


Şahbuz, 24 yanvar, Rauf Əliyev, AzərTAc
Şahbuz rayonundakı Şahbuzkənddə təsərrüfat işləri aparılarkən torpağın altından bir ədəd sənduqə tipli qəbirüstü xatirə abidəsi aşkar olunub.
Qaramtıl rəngli dağ daşından hazırlanmış bu abidə orta əsr bədii daşyonma sənətinin təkrarolunmaz, gözəl bir nümunəsidir.
Tarixçi alim, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli AzərTAc-a eksklüziv müsahibəsində deyib ki, abidənin yan tərəfində ərəb dilində, iki sətirdə dəfn olunan mərhumun xatirəsinə həsr edilmiş kitabə var. Əvvəli “Allah, Məhəmməd, Əli” kəlamları ilə başlayan kitabənin mətnindən aydın olur ki, qəbrin sahibi hicri-qəməri təqvimi ilə 965-ci ilin rəbiüləvvəl ayında (miladi ilə 1558-ci ilin yanvar ayı) vəfat etmiş Məlik Vəlxandır.
F.Səfərlinin sözlərinə görə, xatirə abidəsi 1558-ci ildə vəfat etmiş Məlik Vəlxanın xatirəsinə hazırlanıb. Kitabədə mərhum Vəlxan “Məlik” titulu ilə təqdim olunub. İslamın müqəddəs kitabı Qurani-Kərimdə “Məlik” hökmdar mənasında, eyni zamanda, Allahın adlarından biri kimi işlənir. Xarəzmşah Anuştəkin dövlətində isə bu titul bölmə komandirlərinə verilirdi. XIII əsrdən etibarən Azərbaycanda işlənməyə başlayan, orta əsrlər zamanı müxtəlif məna tutumuna malik olan “Məlik” titulu Səfəvilər və xanlıqlar dövründə, əsasən, iki mənada işlənirdi. Bu titulla, ilk növbədə, şah hakimiyyətinə tabe olan yerli hakimlərin xələflərinə – kiçik feodallara müraciət edilirdi. İkinci mənada isə bu titul kənd və ya kənd qruplarının başçılarına verilirdi. Bu mənada işlənən “Məlik” titulu kəndxuda termini ilə, təxminən, eynilik təşkil edirdi.
Qəbirüstü xatirə abidəsinin digər yanında isə maraqlı ov səhnəsi həkk edilib. Təsvirin sol tərəfində öküzün üzərinə hücum edən bəbir təsviri vardır. Təsvirdə öküz özünü müdafiə etmək üçün başını aşağı əyərək buynuzlarını qabağa verib quyruğunu belinə dayananadək qaldırmış bəbirə müqavimət göstərir. Təsvirin sağ tərəfində at üzərində oturmuş və sol əlində şahin quşu olan ovçu əlindəki nizə ilə öküzü bəbirdən müdafiə edir. Bəbirin öküzə hücum vəziyyətində təsvirinə Şahbuzkəndlə qonşu olan kəndlərdəki abidələrdə də rast gəlinir. Şahbuzkənddən 3-4 kilometr cənub-qərb tərəfdə yerləşən Külüs kənd qəbiristanlığında tədqiq olunan qırmızımtıl rəngli daşdan hazırlanmış trapesiya formalı sənduqə tipli qəbirüstü xatirə abidəsi üzərində də belə bir səhnəyə – bəbirin hücumundan müdafiə olunan öküz təsvirinə rast gəlinir.
Arxeoloq, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin qənaətinə görə isə belə bu cür təsvirlərə Şahbuz bölgəsinin digər kəndlərində, xüsusilə Şahbuzkəndlə qonşu ərazidə – cənub tərəfdə yerləşən, hazırda yaşayış olmayan Məzrə kənd qəbiristanlığında da rast gəlinir. Belə təsvirlərə Naxçıvan Muxtar Respublikasının müxtəlif yerlərində, o cümlədən Gəmiqayada, tarixi daim Naxçıvan bölgəsi ilə sıx bağlı olan, əzəli Azərbaycan torpağı Sisian (Qarakilsə) rayonunun Urud kəndində və digər Azərbaycan torpaqlarında da rast gəlinib.
Bu tip qəbirüstü xatirə abidələrinin təhlili göstərir ki, onlar hamısı ətrafdakı dağların daşlarından yerli ustalar tərəfindən hazırlanıb. Həmçinin gözəl sənət nümunələri olan bu abidələr təsdiq edir ki, orta əsrlər zamanı Şahbuz bölgəsində daş üzərində işləmə – bədii daşyonma sənəti üzrə inkişaf etmiş mərkəzlər fəaliyyət göstərib. Bu mərkəzlərdə hazırlanan daş məmulatı bölgənin əhalisinin tələbatını ödəməklə bərabər, ətraf, qonşu yaşayış məskənlərinin əhalisinin də daş məmulatlarına olan ehtiyacını ödəyib.
Vəli Baxşəliyev vurğulayır ki, qəbir daşı üzərində həkk olunan mifoloji məzmunlu təsvir xalqımızın mənəvi mədəniyyətinin öyrənilməsi üçün əvəzedilməz mənbədir.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xalqimizin_menevi_medeniyyetinin_oyrenilmesi_baximindan_qiymetli_tapinti-827283

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR