General Həzi Aslanovun adı qəhrəmanlıq simvoluna çevrilib

16:03 24 Yanvar 2015
177 Ölkə
Ölkə mətbuatı
A- A+


Lənkəran, 24 yanvar, Bağır Əliyev, AzərTAc
Yanvarın 24-ü xalqımızın rəşadətli oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun vəfatı günüdür.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 105 və Böyük Vətən müharibəsində həlak olmasının 70 illiyinə həsr edilən silsilə tədbirlər keçirilir.
AzərTAc xəbər verir ki, yanvarın 24-də general Həzi Aslanovun doğulub boya-başa çatdığı Lənkəranda qəhrəmanın xatirəsini anma mərasimi keçirilib.
Silahlı Qüvvələrin tank heyətinin, müharibə veteranlarının və rayon ictimaiyyətinin nümayəndələri general Həzi Aslanovun Lənkəran şəhərində ucaldılmış abidəsi önünə əklillər və gül dəstələri düzərək xatirəsini böyük ehtiramla yad ediblər.
Burada keçirilən toplantıda çıxış edən general Həzi Aslanov haqqında bir neçə kitabın müəllifi, əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani qəhrəmanın mənalı həyat və şərəfli döyüş yolundan danışaraq bildirib ki, 34 yaşında Sovet İttifaqı Qəhrəmanı adına və general rütbəsinə layiq görülən həmyerlimizin adı qəhrəmanlıq simvoluna çevrilib.
İgid qəhrəmanın doğulduğu Gərmətük kəndinin ağsaqqalı, rayon ağsaqqallar şurası sədrinin müavini Sərhad Məmmədov Həzi Aslanov ilə bağlı xatirələrindən, onun keçdiyi döyüş yolundan danışıb.
Mərasim general Həzi Aslanovun ev-muzeyində davam etdirilib.
Muzeyin direktoru Tamara Fətullayeva cəsur generalın şərəfli ömür yolundan söz açaraq iştirakçıları burada toplanmış eksponatlarla tanış edib.
Xalq artisti Qabil Quliyev və "Gənc Aslanovçular klubu”nun üzvləri qəhrəmanın büstü önündə Azərbaycan şairlərinin Həzi Aslanova həsr etdikləri şeirlərdən nümunələr söyləyiblər.
Polkovnik Abdulla Qurbani general Həzi Aslanov haqqında yazdığı kitabları muzeyə hədiyyə edib.
Anma mərasimi Lənkəran qarnizonunun “Zabitlər evi”ndə general Həzi Aslanovun ömür yoluna həsr olunmuş “Mən sizi dünyalar qədər sevirdim” bədii filminin nümayişi ilə başa çatıb.
Günün ikinci yarısında Silahlı Qüvvələrin tank heyətinin bir qrupu Astara rayonunun Ağ körpü kəndində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Rüstəm Əzizovun valideynləri ilə görüşüb.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına ilə polkovnik Abdulla Qurbani şəhidin ölümündən sonra layiq görüldüyü “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı onun valideynlərinə təqdim edib.
Şəhidin atası İzzət Əzizov oğlunun xatirəsinə göstərilən ehtirama, diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/General_Hezi_Aslanovun_adi_qehremanliq_simvoluna_chevrilib-827286

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR