Fövqəladə hallarda özünü necə aparmalı

Fövqəladə hallarda özünü necə aparmalı
16:43 24 Yanvar 2015
162 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 24 yanvar, AzərTAc 
Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi Yasamal rayonundakı 38 nömrəli orta məktəbdə “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri keçirib.
FHN-dən AzərTAc-a bildiriblər ki, təbii və texnogen fövqəladə hallar, eləcə də həmin hallar zamanı hərəkət qaydalarına həsr olunan məruzələrdən ibarət olan nəzəri hissə çərçivəsində Bakı Regional Mərkəzinin əməkdaşları məktəbin şagirdləri ilə birgə fövqəladə halların təsnifatı, kollektiv mühafizə qurğuları, təbii, radiasiya, kimya və bioloji, terror xarakterli fövqəladə hallar, yanğın və nəqliyyat qəzaları, fövqəladə hallar zamanı davranış qaydaları barədə çıxışlar ediblər.
Sonra Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və strukturu, eləcə də dəm qazı barədə videoçarxlar nümayiş etdirilib.
Tədbirin gedişində məktəb şagirdlərinin fövqəladə hallar və FHN ilə bağlı söylədikləri şeirlər alqışlarla qarşılanıb.
Praktik hissə şərti zəlzələ ilə bağlı xəbərdarlıq siqnalından sonra məktəb şagirdlərinin təxliyəsi üzrə məşqlə başlayıb. Şagirdlər öz müəllimlərinin rəhbərliyi altında mütəşəkkil şəkildə məktəb binasını tərk edərək təhlükəsiz ərazidə toplaşıblar. Təxliyə başa çatdıqdan sonra FHN-in Bakı Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən məktəbdə qalanların axtarışı və yaralıların xilas edilməsi üzrə xilasetmə əməliyyatı həyata keçirilib. Əməliyyat zamanı 2 şagird məktəbdən çıxarılaraq Tibb Xidmətinin və Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasının tibbi yardım briqadasına təhvil verilib.
Daha sonra Fövqəladə Hallar Nazirliyinin qurumlarının xilasetmə texnika və avadanlığı nümayiş olunub, “Sprinter” (“Mercedes BENZ”) markalı xüsusi təyinatlı avtomobil və onun təchiz olunduğu spesifik alət və avadanlıqlar, akvalanq, xilasetmə və üzmə vasitələri, fərdi mühafizə vasitələri, radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları, onların təyinatı və iş prinsipləri, xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarında istifadə olunan texnika, xüsusi kinologiya avtomobili, yanğınsöndürmə texnika və vasitələrinin təyinatı və ondan istifadə qaydaları, eləcə də maneken-mulyaj üzərində yaralılara ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı iş üsulları tədbir iştirakçılarına nümayiş etdirilib.
Bundan əlavə, məktəbdə qoyulması simulyasiya edilmiş partlayıcı qurğu Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji idarəsinin xüsusi təlim keçmiş iti tərəfindən tapılıb və pirotexnik tərəfindən zərərsizləşdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fovqelade_hallarda_ozunu_nece_aparmali-827294

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR