Məhəmməd Əlinin əlcəkləri hərraca çıxarılır

Məhəmməd Əlinin əlcəkləri hərraca çıxarılır
17:43 24 Yanvar 2015
127 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 24 yanvar, AzərTAc
AzərTAc “Associated Press” agentliyinə istinadla xəbər verir ki, Məhəmməd Əlinin çempionluq titulunu ilk dəfə qoruduğu zaman geydiyi əlcəklər hərraca çıxarılıb. Hərrac Nyu-Yorkdakı “Heritage Auctions” hərrac evi tərəfindən fevralın 21-də keçiriləcək. Gözlənildiyinə görə, lot bir milyon dollardan baha satılacaq.
O vaxtlar adı Kassius Kley olan ağırçəkili Əli bu əlcəklərlə 1965-ci il mayın 25-də Soni Listonla döyüşdə qalib gəlib. Əli elə ilk raundda diqqəti bir o qədər də çəkməyən zərbə ilə rəqibini nokauta salıb. Onun bu zərbəsini sonralar xəyali zərbə adlandırıblar. Liston 17 saniyə yerdən qalxa bilməyib.
Məhəmməd Əlinin digər əlcəyi 2014-cü ilin avqustunda Klivlendə hərracda satılıb. O, Co Freyzerlə “əsrin döyüşü” adlandırılan üç görüşündən birincisini həmin əlcəklərdə keçirib. Həmin lotu naməlum alıcı 388,3 min dollara əldə edib.
M.Əlinin daha bir əlcəyi isə ötən ilin fevralında hərracda satılıb. Həmin əlcəkləri o, ilk dəfə ağır çəkidə dünya çempionu adını qazananda taxıb. Bu əlcəklər 836,5 min dollara satılıb.
Boks tarixində ən məşhur boksçularından sayılan Məhəmməd Əli 1964-1966-cı illərdə, daha sonra 1974-1978-ci illərdə ağır çəkidə mütləq dünya çempionu olub. 1960-cı ildə isə 81 kiloqramadək çəki dərəcəsində Olimpiya çempionu titulunu qazanıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mehemmed_Alinin_elcekleri_herraca_chixarilir-827312

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR