"Xalq Əmanəti" Xəlil Rza Ulutürkün seçilmiş əsərlərini təqdim edir (FOTO)

"Xalq Əmanəti" Xəlil Rza Ulutürkün seçilmiş əsərlərini təqdim edir (FOTO)
16:58 26 Dekabr 2014
171 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

“Xalq Əmanəti” layihəsinin on birinci nəşri XX əsrin görkəmli Azərbaycan şairi, alovlu istiqlal carçısı, tükənməz yaradıcı enerjisi ilə qəlbləri fəth etmiş Xəlil Rza Ulutürkün ədəbi irsinə həsr olunub.

Dekabrın 26-da oxuculara təqdim edilən dördüncü ədəbi topluda xalq şairinin müxtəlif illərdə qələmə aldığı seçilmiş əsərləri və ədəbi tərcümələri yer alıb. X.R.Ulutürk bədii-fəlsəfi fikir tariximizə təkcə şair kimi deyil, həm də alim, tərcüməçi, publisist və salnaməçi kimi daxil olub. 36 bədii, 15 tərcümə, 13 elmi, 7 memuar kitabının müəllifi olan X.R.Ulutürkün bədii-publisistik, elmi-fəlsəfi irsinə həsr olunmuş 9 kitab nəşr edilib. Onun zəngin obrazlı-poetik aləminə səyahət mənəvi dünyagörüşünü işıqlandırmaq, zənginləşdirmək, eyni zamanda saflaşdırmaq deməkdir. Məhz buna görə X.R.Ulutürkün irsinə olan oxucu marağı tükənmir.

Əsası 2010-cu ildə qoyulan “Xalq Əmanəti” layihəsi çərçivəsində xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Xalidə Səfərova və Mahmud Tağıyevin əsərlərinin yer aldığı bədii albomlar nəşr olunub və sənətkarların rəsmlərindən ibarət sərgilər təşkil edilib. Gəncə şəhərində Xalidə Səfərova, Rza Məmmədov, Gennadiy Brijatyuk, Fazil Əliyev və heykəltəraş Qorxmaz Sücəddinovun yaradıcılığına həsr olunmuş "Gəncə rəssamları" albomu təqdim edilib; xalq şairləri Məmməd Arazın, Hüseyn Arifin və böyük nəğməkarımız Mikayıl Müşfiqin seçilmiş əsərləri, eləcə də görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı nəşr olunub.

Kitabın təqdimatı Xalq Bank-ın İnşaatçılar prospekti, 22L ünvanında yerləşən baş ofisində keçirilir. Təqdimatdan sonrakı günlərdə şairin pərəstişkarları kitabı Xalq Bank-ın baş ofisində əldə edə bilərlər. Bu seriyadan olan kitablar hədiyyəlikdir və ölkənin ali, orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və ölkəmizin xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, eləcə də sənətsevərlərə hədiyyə olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2348067.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR