İsveçrə qəzetində “Bakı-2015”in Davosda təqdimatı haqqında məqalə dərc edilib

İsveçrə qəzetində “Bakı-2015”in Davosda təqdimatı haqqında məqalə dərc edilib
17:48 24 Yanvar 2015
216 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 24 yanvar, AzərTAc
İsveçrədə rus dilində nəşr olunan “Naşa qazeta”da “Bakıda yolunuzu gözləyirik” sərlövhəli məqalə dərc edilib. Materialda bu il iyun ayında ölkəmizin paytaxtında keçiriləcək “Bakı-2015” Birinci Avropa Oyunlarının Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilmiş təqdimat mərasimindən bəhs edilir.
AzərTAc həmin məqaləni oxuculara təqdim edir.

X X X
Bakıda yolunuzu gözləyirik”
“Bakı-2015” Birinci Avropa Oyunlarının cümə axşamı Davosda keçirilmiş təqdimat mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışını bu sözlərlə bitirib.
Bu qəbildən olan başqa nüfuzlu görüşlərdə olduğu kimi, Davos forumunda da bir sıra mühüm hadisələr sonradan translyasiya edilmək üçün yazılan “dəyirmi masa”larda deyil, xudmani məclislərdə baş verir. Burada hər gün təxminən 10 bu cür məclis keçirilir. Giriş yalnız dəvətnamələr üzrə olan belə tədbirlərin iştirakçıları əvvəlcə bir neçə kordondan və metalaxtaran qurğularda yoxlamadan keçməlidirlər. Davosda mühafizə xidməti həmişə güclüdür, bu il isə, məlum kədərli hadisələrlə əlaqədar, təhlükəsizlik xidmətləri xüsusilə sayıqdır. Təşkilatçılar kimin bu dəvətləri qəbul etməsini, kimin həmin dəvətlərə cavab verməməsini diqqətlə izləyir və bu dünyanın güclü simalarının qeyri-rəsmi şəraitdə öz aralarında necə ünsiyyət saxlamalarını müşahidə edərək müvafiq nəticələr çıxarırlar.
Bundan əvvəl “Bakı-2015” oyunlarına həsr edilmiş bədii sərginin açıldığı “İnterkontinental” otelində cümə axşamı təşkil edilmiş Azərbaycan məclisinə gələnlərin sayından görünürdü ki, indi bu ölkə çoxlarını maraqlandırır. Planetin işgüzar dairələrinin aparıcı nümayəndələri əllərində şərab (su və ya şirə) bokalları tutaraq gəzişir, geniş zalın gözəl tərtibatını nəzərdən keçirir və hərdən, cəlbedici bufetə tərəf boylanırdılar. Görünür, Davos forumunun gərgin iş günü ərzinə bu adamların çoxu acmışdı.
Qaydaya görə, ziyafətdən əvvəl rəsmi hissə oldu. Xoşbəxtlikdən tədbirin bu hissəsi uzun və yorucu olmadı (qeyd edək ki, bu heç də həmişə belə olmur). Rəsmi hissəni şəxsən Azərbaycan Prezidenti İlham Əliyev açdı. Vaxtilə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmiş İlham Əliyev heç bir kağıza baxmadan ingilis dilində gözəl danışırdı. Qeyd edək ki, Prezident idman haqqında məlumatı, necə deyərlər, ilk mənbədən alır – cənab Əliyev uzun illərdir ki, Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbərlik edir.
İlham Əliyev vurğulayıb: “Bakının Birinci Avropa Oyunlarının paytaxtı seçilməsi bizim müəyyən layihələrə ciddi sərmayə qoymağımıza imkan verdi. Həmin layihələr onsuz da həyata keçiriləcəkdi, lakin belə tez yox”.
Məsələn, Atletlər kəndi və bir neçə otel tikilib, 16 kilometrlik promenad yaradılıb. İlham Əliyev deyib: “Ümidvarıq ki, bütün ölkələr öz güclü atletlərini göndərəcəklər, axı, “Bakı-2015” yarışlarının səviyyəsi sonrakı Oyunlar üçün hədd müəyyən edəcək”.
Azərbaycanda iri idman tədbirləri təkcə Avropa oyunları ilə məhdudlaşmayacaq. Məsələn, artıq 2016-cı ildə Bakıda ilk dəfə “Formula-1” yarışlarının bir mərhələsi (Avropa Qran-prisi) və Dünya Şahmat Olimpiadası keçiriləcək. 2017-ci ildə isə Bakı IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. İlham Əliyev tədbirə toplaşanların diqqətini bir məqama cəlb edib: “Təsəvvür edin, cəmi iki il ərzində Bakı həm Avropa Oyunlarının, həm də İslam Oyunlarının paytaxtı olacaq. Bu, bütün xalqların dost kimi yaşadığı çoxmillətli və çoxkonfessiyalı ölkə olan Azərbaycanın mahiyyətini əks etdirir”. Azərbaycan Prezidenti daha sonra deyib ki, idmanın gözəlliyi, dəyəri və gücü ondan ibarətdir ki, hətta “bir-biri ilə müharibə aparan ölkələrin nümayəndələri də ləyaqətlə yarışır və qalibin əlini sıxırlar”.
Sonda cənab Əliyev tədbirə toplaşanların hamısını Bakıya dəvət edib, onlar bu dəvətə yekdil alqışlarla cavab veriblər.
Prezidentdən sonra “böyük idman”ın bu tədbirdə iştirak edən əsas nümayəndəsi – Avropa Olimpiya Komitəsinin sədri Patrik Hikki söz alıb. O, Azərbaycan hökumətinə qarşıdakı Oyunların uğurunu təmin etmək üçün göstərdiyi səylərə görə səmimi təşəkkürünü bildirib.
“Bakı-2015” oyunlarına həsr edilmiş qısa, lakin məzmunlu filmə tamaşa edəndən sonra qonaqlar Azərbaycandan məxsusi gətirilmiş, əyinlərində milli rəmzlərlə bəzədilmiş geyimlər olan aşbazların hazırladığı ləziz yeməklərdən dadıblar.

X X X

Qəzetin həmin nömrəsində Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimovla qısa müsahibə də dərc edilib.
“Naşa qazeta”: Cənab Rəhimov, təqdimat mərasiminin keçirilməsindən razı qaldınızmı?
-Bəli. Bu, Avropa Oyunlarının birinci təqdimatı deyil və mənə belə gəlir ki, ilk növbədə Heydər Əliyev Fondu və onun prezidenti, Azərbaycanın birinci xanımı, eyni zamanda 2015-ci il Avropa Oyunlarının Təşkilat Komitəsinin rəhbəri olan Mehriban Əliyeva tərəfindən seçilmiş format çox düzgün formatdır. Bu, bilavasitə Oyunların təqdimatını və bu il iyunun 12-dən 28-dək Bakıda baş verəcək bütün hadisələri kompleks şəkildə nəzərdən keçirməyə imkan verir və bütövlükdə ölkənin təqdim edilməsi üçün əla şans yaradır. Burada nə qədər gözəl kitabların sərgiləndiyini, milli yeməklər hazırlandığını özünüz gördünüz. Ola bilsin ki, bu, idmanla maraqlanan insanların Azərbaycana gəlmək, ölkəmizlə, onun tarixi, mədəniyyəti və ənənələri ilə tanış olmaq arzusunu daha da gücləndirəcəkdir. Biz Davosda təqdimatı təşkil etməklə iqtisadiyyat sahələrinin buradakı nümayəndələrinin diqqətini cəlb etməyə çalışmışıq. Kannda keçirilən təqdimat əsasən mədəniyyət xadimləri üçün, Berlində və İstanbulda keçirilən təqdimatlar isə siyasətçilər üçün nəzərdə tutulmuşdu. Bir sözlə, hər bir mərhələ qarşıdakı Oyunlar barədə informasiyanın maksimum yayılması üçün çox vacibdir.
-Qarşınızda ikiqat çağırış var: birinci Avropa Oyunlarının və ümumiyyətlə Bakıda ilk dəfə belə geniş miqyaslı idman tədbirinin keçirilməsi. Sizin üçün uğur meyarı nə olacaq?
-Ölkədə idman məsələləri və idman siyasəti ilə məşğul olan bir insan kimi, mənim üçün ən vacibi Birinci Avropa Oyunlarının dünya paytaxtlarında, ilk növbədə Avropa ölkələrində işıqlandırılması; avropalı idmançılar üçün belə bir mühüm idman hadisəsi təcrübəsini əldə etmək imkanı yaratmaq və əlbəttə, bizim atletlərə bu yarışlarda iştirak etmək, azarkeşlərimizə isə yarışları izləmək imkanı verməkdir. Əgər tribunalar tamaşaçı ilə dolu olsa və oyunlardan sonra bizim bütün idman seksiyalarının qarşısında öz uşaqlarının idmanla məşğul olmasını qərara almış valideynlərdən ibarət növbələr yaransa, özümü xoşbəxt sanaram. Bax bu, əsl qələbə olacaq!
-Siz özünüz idmanla məşğul olmusunuz və ya məşğul olursunuz?
-Əlbəttə, mən həndbol üzrə Azərbaycan yığmasının üzvü olmuşam. İndi isə, bu yaşımda hər səhər 42 kilometrlik marafon distansiyası qaçmaq vacib deyil, sadəcə bədən tərbiyəsi ilə məşğul olmaq, gəzmək, üzmək, bir sözlə, hərəkətdə olmaq lazımdır!

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR