Göyçayda Gənclərin Məşğulluq Forumu keçirilib

18:02 24 Yanvar 2015
93 Digər
Ölkə mətbuatı
A- A+

[ 24 Yanvar 2015 18:01 ]


Göyçay. Elvin Yaqubov-APA. “Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyinin “Uğur Akademiyası” layihəsi çərçivəsində Göyçay rayonunda Gənclərin Məşğulluq Forumu keçirilib.

  

APA-nın yerli bürosunun xəbərinə görə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Heydər Əliyev Mərkəzində təşkil olunan forumda Kənd Təsərrüfatı Nazirliyinin, İqtisadiyyat və Sənaye Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Göyçay rayon İcra Hakimiyyətinin nümayəndələri, eləcə də Göyçay, Ağdaş və Ucar rayonlarından 250-yə yaxın gənc iştirak edib. Tədbirdə çıxış edən “Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyinin sədri Əzizağa Atakişiyev bildirib ki, bu forumun keçirilməsində əsas məqsəd gənclərin kənd təsərrüfatı sahəsində fəaliyyətlərinin dəstəklənməsi, məşğulluğunun təmin edilməsi, regionda fəaliyyət göstərən təhsil müəssisələri ilə istehsalat arasında daha sıx əlaqələrin yaradılması və gənclərin məşğulluq probleminin həll olunması üçün təkliflərin hazırlanmasıdır. O, “Uğur Akademiyası” layihəsinin gənclər üçün perspektivi və bu istiqamətdə təşkil olunacaq gələcək tədbirlər barədə ətraflı məlumat verib.

 

Tədbirdə çıxış edənlər ölkə Prezidenti İlham Əliyevin 12 yanvar 2015-ci il tarixli Sərəncamı əsasında bu ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilməsindən və kənd təsərrüfatı sahəsində gənclərin məşğulluq forumunun təşkilinin əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, forumun davamı olaraq Göyçay, Ucar və Ağdaş rayonlarından seçiləcək 50 nəfər gəncə sahibkarlıq və kənd təsərrüfatı sahəsində təlimlər keçiriləcək və onlar üçün müxtəlif fermer təsərrüfatlarına və istehsal müəssisələrinə öyrənmə səfərləri təşkil ediləcək. Həmçinin, layihə çərçivəsində təşkilatın ofisində məsləhət  mentorluq xidməti də təşkil ediləcək. Burada məqsəd gənclərin ixtisas və bacarıqlarına uyğun iş yerləri tapmalarına, bununla da məşğuliyyətlərinin artırılmasına, o cümlədən cəmiyyətə daha tez inteqrasiya edilmələrinə yardım göstərməkdir. Eyni zamanda layihədə gənc mütəxəssislərin hazırlığı üçün nəzərdə tutulan “Kənd təsərrüfatı” modulu da təlimçilər tərəfindən keçiriləcək. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR