Android-insan: Hisslər və duyğuların öldüyü an...

Android-insan: Hisslər və duyğuların öldüyü an...
18:03 24 Yanvar 2015
243 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan xəbərlər xidməti

Bəxtiyar Hacıyev-Trend:

Müasir dünyada texnika və texnologiyanın əsirinə çevrilməyən insanı yəqin ki, yalnız Somalidə aclıq keçirən uşaqların arasında tapmaq olar. Yox, şişirtmədik, çünki sosial şəbəkələrdə Afrika zumbazabalarının, Tibet kahinlərinin, Sibir çukçalarının da "selfi"lərini az görməmişik.

Bu dəfə texnika və texnologiya dedikdə, məişətdə gündəlik istifadə etdiyimiz robotları - televizor, soyuducu, qabyuyan və paltaryuyan maşınlar, tozsoran, kondisioner, personal kompüter, planşet, noutbukları deyil, həyatımızın bir parçasına çevrilmiş, bizə lap elə sevgilimizdən də yaxın olan mobil telefonlar, daha doğrusu, android telefonları nəzərdə tutacağıq.

Sizə belə bir təklifimiz var: bir gün mobil telefonsuz yaşayaq. Bilirik, çox çətin təklifdir, amma bir gün dözək və dözməyiniz üçün bir neçə əlavə maraqlı təklifimiz də var - müşahidə.

Bəli, məhz müşahidə etmək. Metro vaqonlarında, küçədə, avtobusda müşahidə edək insanları. Başlar aşağı əyilib, əllərin əsasən baş barmaqları mobil telefonun ekranı üzərində fəaliyyətdədir və bu fəaliyyəti sanki psixi problemi olan insanın mimikaları müşayiət edir. Bu öz-özünə gülən, gülümsəyən, qaşqabağını sallayan, guya düşünürmüş kimi görünən mimikaları nəinki metro vaqonu və avtobuslarda olan, elə küçələrdə gəzişən insanlarda da müşahidə etmək olar.

Bəzən başımız mobil telefonun ekranına o qədər qarışır ki, qarşıdakı dirəyə və insana çırpılanda, ya da çırpılmağa 1 saniyə qalanda ayılırıq. Yaxanızı qırağa çəkməyin, səmimi olun və etiraf edin - bu, hamımızın başına gəlib və gəlir.

Bəs nə edək, cənablar? İlk təklif budur: üstümüzdə daim kitab olsun, ictimai nəqliyyatda kitab oxuyaq, küçədə yeriyəndə isə bir yer tapıb daldalanana qədər telefonda yazışmamağa dözək. Fikrimizcə, çətin olmamalıdır.

Eyni masa arxasında, deyək ki, həftədə bir dəfə görüşdüyümüz dostlarla əyləşəndə də onlarla deyib-gülməyə, dərdləşməyə imkan vermir bu androidlər. Dərhal əllər telefona gedir, başlar isə aşağı əyilir və bu proses bütün masa boyunca davam edir; sanki fermadakı cücələr xəstəliyə yoluxub, başları qəfildən yana əyilir və ucdantutma qırılırlar.

Əslində mobil telefonu öz əsl funksiyasından çıxaran, kənar edən sosial şəbəkələrdir. Axı sosial şəbəkələr artıq mobil telefonlarda da özlərinə yer ediblər. Bu gün sosial şəbəkələrsiz yaşamaq qeyri-mümkün görünür, hətta siqaret və narkotiki tərgitmək daha asandır, nəinki sosial şəbəkələrdəki şəxsi səhifələri birdəfəlik bağlamaq.

Bəs bu sosial şəbəkələr bizə nə verdi? Bərpası mümkün olmayan sinir hüceyrələrinin məhvi və vaxt itkisindən başqa heç nə! Bəli, etiraf edək ki, sosial şəbəkələr vasitəsilə bəzən az da olsa münasib, gələcəkdə dost olma ehtimalı olan insanı tapırıq, amma yenə də bu, sosial şəbəkələrin düşkünü olmağa bəraət qazandıra bilməz. Axı heç kim heç kim haqqında qəti fikirdə ola bilməz...

Sosial şəbəkəli mobil telefonlar - onlar bizdən əl çəkmirlər, yatanda, duranda da qoynumuzdadırlar, yemək yeyəndə də bir gözümüz onların üstündədir; eybi yox, qoy yeməyimiz soyusun, əsas olan mənə yazılandır, şəklimin, statusumun "like" atəşinə necə tuş gəldiyini görmək həzzidir... Hələ "selfi", ahhh - qoy bizi hamı görsün, nə yediyimizi, nə içdiyimizi, kiminlə görüşdüyümüzü, hara getdiyimizi, nə etdiyimizi, nə oyundan çıxdığımızı bütün dünya görsün! "Heyif ki, duş qəbul edərkən onlardan ayrılırıq", - inanın ki, bu fikirdə olanlar da var.

Kənardan robota bənzəyirik, cənablar! Uzaqdan komanda verilən vasitə - yox, elə pult deyəcəyik - pult kəşf edilməmişdən öncə televizorun kanalını dəyişmək üçün əziyyət çəkib isti yerimizdən ayağa qalxırdıq. Gün ərzində yeganə hərəkətimiz bəlkə də bu idi... Sosial şəbəkəli mobil telefonlar isə bir-birimizlə real həyatda görüşmək imkanını heçə endirir. Sosial şəbəkələrdə hamımız bir-birimizi hər gün "görür" və bezirik, beləliklə, canlı görüşə də ehtiyac duymuruq tədricən... və virtuallaşırıq, əl-ələ, göz-gözə söhbət etməyi yadırğayırıq... Sosial şəbəkələrdə aman vermədiyimiz, dil-dil ötdüyümüz insanları real həyatda görəndə kəkələyirik...

Virtuallaşır, robotlaşırıq... Bu, ali insan hissləri və duyğularının məhvi deməkdir. İnanın ki, heç nə məqsədsiz yaradılmır, istehsal olunmur. Elə sosial şəbəkəli mobil telefonlar da... Düşünün, android-insanlar!

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR