Ermənilərdən ruslara arxadan zərbə - FOTO

Ermənilərdən ruslara arxadan zərbə - FOTO
18:37 24 Yanvar 2015
145 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyalı hərbçinin Avetisyan ailəsində törətdiyi qətliam məsələsində siyasətsiz keçinmək mümkün olmayacaq 
Ötən ilin son, yeni ilin isə ilk günlərində Ermənistanda əsas diskussiya mövzusu gözlənildiyi kimi, ölkənin Aİİ-yə üzvlüyü oldu. Rusiyada olduğu kimi, Ermənistanda da Yeni il tətili 12 gün davam edir. Bu üzdən "Avrasiya gömrük qaydaları"na real olaraq, yanvarın 12-dən start verilməsi nəzərdə tutulmuşdu. "Qərbçilər" isə həmin günün Ermənistan üçün ağır keçə biləcəyini çoxdan proqnozlaşdırırdılar. Amma Yeni il tətillərinin böyük bir faciə ilə bitəcəyini heç kim ağlına da gətirməzdi. Yanvarın 12-si səhər saatlarında yayılan bir xəbər ölkəni əməlli-başlı sarsıtdı: Ermənistanın böyüklüyünə görə ikinci şəhəri olan Gümrüdə bir ailənin bütün üzvləri qətlə yetirilib! Myasnikyan küçəsində yerləşən mənzillərin birində qohumları 53 yaşlı Serjin, 51 yaşlı Asmik Avetisyanın, onların 33 yaşlı oğulları Armenin, 35 yaşlı qızları Aidanın, 22 yaşlı gəlinləri Araksinin və 2 yaşlı nəvələri Asmikin cəsədlərini aşkarlayıblar. Evdəki 6 aylıq Serj isə ağır yaralı halda tapılıb. Cinayəti törətməkdə Rusiya ordusunun sıravi əsgəri, Rusiyanın Gümrüdə yerləşən 102 saylı hərbi bazasında xidmət çəkən Valeri Permyakov şübhəli bilinir. Məlumatlı mənbələrin bildirdiyinə görə, cinayətin məhz Permyakov tərəfindən törədildiyini sübut edən dəlillər kifayət qədərdir. Hətta cinayət yerindən üzərində sahibinin soyadının - Permyakov - yazıldığı əsgər çəkmələri də tapılıb.
 
Bir müddət sonra cinayətin ürək sızladan detalları mətbuata çıxıb. Cinayətin baş verdiyi gün səhər saatlarında (təxminən, 06:00 radələrində) hərbi bazada Permyakovun postda olmadığı müəyyənləşdirilib. "Rossiyskaya qazeta"nın məlumatına görə, həmin vaxt məhz Permyakov qarovul çəkməli imiş. Lakin əsgər üzərindəki silahla birlikdə hərbi postu tərk edib. Bu faktın özü artıq cinayətdir və "məlumatlı insanlar"ın dediyinə görə, bu halda hərbçi 2-3 ilini həbsxanadan da ağır şəraitin hökm sürdüyü cəza batalyonunda keçirməli olur.
 
Permyakov bildirir ki, onu Avetisyanlar ailəsi ilə bağlayan heç nə olmayıb. O, bu ailənin yaşadığı evə "sadəcə, susadığı üçün" girib. Lakin içəriyə ayağını basar-basmaz, yuxuda olan ailə üzvlərini güllələməyə başlayıb. 2 yaşlı Asmiki əsgər elə yatağındaca güllələyib. 6 aylıq körpəyə gəlincə, avtomat artıq açılmadığından, Valeri körpəni süngü ilə vurub. Daha sonra mənzildən götürdüyü mülki geyimi geyən hərbçi Türkiyə ilə sərhədə yollanıb. Onu məhz sərhəd yaxınlığında, Bayandur kəndində saxlayıblar.
 
Artıq yanvarın 12-si səhər Ermənistan İctimai Televiziyası yayım proqramına yenidən baxıb, bayram və əyləncə verilişlərini proqramdan çıxarıb. Gümrüdə isə şəhər rəhbərliyi bayram konsertini ləğv edib.
 
Rəsmi İrəvan baş vermiş qətliamın istintaqına xüsusi diqqət göstərir. Prezident Serj Sarqsyan dərhal hüquq-mühafizə orqanlarının rəhbərləri ilə selektor toplantı keçirib. Prezidentin mətbuat xidmətinin məlumatına görə, iclasda "qısa müddətdə faciənin detallarının müəyyənləşdirilməsinin, günahkarların üzə çıxarılmasının və qanunun ən sərt tələblərinə uyğun cəzalandırmasının vacibliyi" vurğulanıb. İrəvanda xüsusi qeyd olunur ki, "Ermənistanda yerləşdirilmiş Rusiya hərbi bazasının komandanlığı ölkənin hüquq-mühafizə orqanları ilə lazımi səviyyədə əməkdaşlıq edir, istintaqın aparılmasına yardım göstərir", - deyə prezidentin mətbuat xidmətinin məlumatında qeyd olunur.
Ermənistanın polis rəisi Vladimir Qasparyan isə cinayətin araşdırılması üçün xüsusi operativ istintaq qrupu yaradıb. Qrupa rəhbərlik Qasparyanın müavini, polis general-leytenantı Unan Poqosyana tapşırılıb.
 
Məsələyə artıq Rusiyanın müdafiə naziri Sergey Şoyqu da münasibət bildirib. O, həlak olanların yaxınlarına başsağlığı verib, erməni həmkarı ilə telefon danışığı zamanı isə Rusiya tərəfinin həlak olanların yaxınlarına əlindən gələn köməkliyi göstərəcəyini söyləyib. Şoyqu qətllərdə günahı olanların məsuliyyətə cəlb ediləcəyini bildirib. Bu məqsədlə Rusiya tərəfi istintaq komissiyası yaradıb. Komissiyaya rəhbərlik müdafiə nazirinin müavini Arkadi Baxinə tapşırılıb. O, dərhal Ermənistana yola düşüb, Gümrüdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan ilə görüşüb.
Ohanyanın Baxinlə söhbətdən sonra jurnalistlərə verdiyi açıqlama maraqlıdır: "Bu gün məsələni siyasiləşdirmək, münasibətlərimizdə problem axtarmaq yersiz olardı. Çünki Rusiya Federasiyası ilə münasibətimiz kifayət qədər yüksək səviyyədədir. Bizim hərbi sahədə əmsəkdaşlığımız yüksək səviyyədə qurulub".
 
Amma nəzəri baxımdan belə, hadisənin "siyasi"ləşdirilməsindən qaçmaq mümkün deyil. Rusiyanın İrəvandakı səfirliyi qarşısında baş verənlərə etiraz olaraq keçirilən nümayişdə insanlar Rusiya hərbi bazasının ölkədən çıxarılması tələbini irəli sürüblər. Səhəri gün daha bir nümayiş keçirilib və bu dəfə etiraz aksiyasına qatılanlar Ermənistan hökumətindən baş vermiş qətliamla bağlı ölkədə matəm elan olunmasını tələb edib. Mitinqlərdə yüzlərlə insan iştirak edir. Minlərlə insan isə Gümrüdə küçələrə axışıb. Onlar nəinki hərbi bazanın Ermənistandan çıxarılmasını, həm də Permyakovun Ermənistanda mühakimə olunmasını tələb edirlər. Nümayişçilər hesab edir ki, qətliamı törətmiş hərbçiyə ekstradisiya hüququ verilməməlidir. Qeyd edək ki, bu tələb Ermənistan rəhbərliyi üçün ciddi və çətin imtahana çevrilə bilər: 2014-cü il dekabrın 29-da Xankəndidə Azərbaycanın işğal altındakı Kəlbəcər rayonundan olan qaçqınlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin "məhkəmə prosesi" başa çatıb. Onlara qarşı "qanunsuz silah gəzdirmə", "qətl" və s. kimi qondarma ittihamlar irəli sürülüb.
 
Bu hadisə haqda KİV-də çox yazılıb: Kəlbəcər rayonundan qaçqın olan Dilqəm Əsgərov və Şahbaz Quliyev cəbhə xəttini, sadəcə, doğma kəndlərinə, daha doğrusu, kənddən qalmış xarabalığa baş çəkmək üçün keçiblər. Amma onlar bu istəklərini gizli həyata keçirə bilməyiblər və düşmən əlinə keçiblər. Ermənilər bu iki nəfəri saxlayıb, onların yanında olan üçüncü azərbaycanlı - Həsən Həsənov isə qətlə yetirilib. Geridə qalmış ilin son günlərində tanınmamış "DQR"in "məhkəmə orqanları" D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum edib.
Bakı lap əvvəldən bəyan edib ki, Əsgərovla Quliyev Kəlbəcər rayonu ərazisində olmaq hüququna malikdirlər. Tanınmamış "DQR" "hökuməti"nin isə belə hüququ yoxdur. Orada məhkəmə qurmaq hüququndan isə danışmaq belə, artıq olar.
 
Lakin indi Ermənistanın görməli olduğu iş növbəti məhkəmə tamaşası qurmaq yox, real cinayətdə ittiham olunan şəxs üzərində real məhkəmə prosesi aparmaqdır. İstintaq qrupunun rəhbəri Unan Poqosyan artıq Permyakovun Rusiyaya ekstradisiyasına dair danışıqların uğurla nəticələnə biləcəyinə eyham vurub. Daha sonra Ermənistanın baş prokuroru Gevorq Kostanyan prezident Serj Sarqsyanın keçirdiyi toplantının ardından Valeri Permyakovun Ermənistan ərazisində cinayət məsuliyyətinə cəlb olunacağını söyləyib. "Sizi əmin edirəm ki, cinayətkar məsuliyyətə Ermənistan ərazisində cəlb olunacaq. Bizim hamımız bu prosesi izləmək şansı qazanacağıq", - deyə o, jurnalistlərə açıqlamasında bildirib. Amma "Ermənistan ərazisi"ndə bir qədər dolaşıq ifadədir. Bəlkə Permyakov Rusiya hərbi bazası ərazisində yerləşən hərbi tribunalda mühakimə olunacaq? Hər halda, Rusiyadakı mənbələrin fikirləri birmənalıdır: Rusiya Konstitusiyasına görə, ölkə vətəndaşları xarici dövlətə təhvil verilə bilməzlər. Bu, hər şeyi deyir. Ermənistanda məhkəmə tamaşası səhnələşdirilə bilər, real, səs-küylü məhkəmə prosesləri isə deyəsən, çətin məsələdir. Çünki Moskva-İrəvan cütlüyündə qüvvələr nisbəti çox fərqlidir.
 









RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR